Mütəllibov siyasətdən getdiyini elan etdi

Azərbaycanın Moskvada yaşayan keçmiş prezidenti və ASDP-nin sədri Ayaz Mütəllibov partiya sədrliyindən və siyasətdən getdiyini bəyan edib. O, qərarını ASDP-nin qurultaya telefonla qatılaraq açıqlayıb. Mütəllibov qərarını eks-prezidentlər haqqında qanunun qəbulu ilə əlaqələndirib.
“Bu qanun mənə və ailə üzvlərimə illər boyu çəkdiyimiz iztirabların qarşılığında mənəvi rahatlıq verir. Əziz dostlar, bu status mənə siyasətlə məşğul olmağımı qadağan etmir. Lakin mən özüm qərara gəlmişəm ki, obyektiv səbəblərə görə, partiya üzvlüyündən çıxım. Bu addımımın səbəbi ailəmlə məşğul olmaq niyyətimlə, həmçinin səhhətimə diqqət yetirməyimlə bağlıdır. Mühacirətdə olduğum dövrlərdə ailəm, nəvələrimlə telefon vasitəsi ilə əlaqə saxlamışam. Sizlər isə mənim vətəndaş hüquqlarımın qorunması və bərpasına görə səylər göstərmisiniz. Bu işdə mənim məsləkdaşım Araz Əlizadəyə təşəkkürümü bildirmək istəyirəm. Mənim hüquqlarımın bərpası ilə bağlı “Sosintern”in baş katibi Luis Ayalanın Azərbaycana səfərinin təşkil edilməsi, ölkə başçısı ilə görüşlərinin keçirilməsini də qeyd etmək istəyirəm. Əqidə etibarı ilə sosial demokratiyanın tərəfdarı olmuşam, bu mövqeyimdə də qalacam”, – deyə Mütəlibov müraciətində bildirib.