haci ilqar-yeni

İctimai Palata Azərbaycanın müasir tarixində fenomendir

haci ilqar-yeni“Özünütənqid bizim avantajımızdır; Çalışmaq lazımdır ki, bu tənqidlər quruculuğa istiqamətlənsin”

İlqar İbrahimoğlu: “Rüstəm Ibrahimbəyovun təşkilatına oxşar qurumun yaradılması – alternativ fikrə dözümsüzlüyün göstəricisidir”

Avropa Şurasının Azərbaycandakı durumla bağlı mövqeyi demokratik ictimaiyyətin maraqlarına uyğun olaraq sərt oldu. Bunu siyasi məhbuslar üzrə qurumun məruzəçisi Kristofer Ştrasserin hesabatının qəbul olunması da göstərdi. Monitorinq Komitəsinin iclasında Azərbaycandakı insan haqlarının vəziyyətinin, siyasi məhbus probleminin gündəmə gətirilməsi birmənalı qiymətləndirilmir. Bəziləri baş verənləri hakimiyyətin yürütdüyü sərt daxili siyasətin nəticəsi sayırlar. Amma cərəyan edən proseslərdə Azərbaycanın son zamanlar beynəlxalq aləmin gündəminə gəlməsinin də təsirinin olduğunu düşünənlər az deyil. Ictimai Palata Koordinasiya Şurasının üzvü, DEVAMM-ın sədri Ilqar Ibrahimoğlunun baş verənlərə münasibətini öyrəndik:

– Düşünürəm ki, AŞ PA-nın müzakirələrində qeyri-adi heç nə baş verməyib, öz vəzifələrinin yerinə yetirilməsi baş verib. Görün dünya səviyyəsində insan haqlarının qorunması sahəsində nə qədər geriləmə gedib ki, bir beynəlxalq qurum öz vəzifəsinə aid olan işləri dürüst yerinə yetirən zaman, bu, artıq böyük bir hadisə kimi dəyərləndirilir. Əslində Azərbaycanın Avropaya inteqrasiya etməsinin fəlsəfəsi və mahiyyəti – demokratiya, insan haqları baxımından çağdaş dünyanın nailiyyətlərinə yaxınlaşmaq olub. Bu mənada təəssüf ki, Avropa Şurasına qoşulandan sonra, gözləntilərə rəğmən, insan haqları və demokratiya ilə bağlı vəziyyət bəzi məqamlarda nəinki yaxşılaşıb, hətta geriləmələr də baş verib. Bu mənada siyasi məhbuslarla bağlı nəhayət ki, Ştrasserin bu siyahı ilə çıxış etməsi –  əslində çoxdan baş verməli bir hadisə idi. Bu AŞ-ın üzərinə düşən vəzifədir.  

Bu qədər siyasi məhbusun olması dövlətin ziyanınadır

– Vicdan məhbuslarının hamısı azadlığa buraxılmadı. Bu isə problemin tam həll olunmamasına, Azərbaycanın dövlət imicinə neqativ təsir edir?
– Öncə bir ştrixi qeyd edim ki, inanclı insanlarla bağlı məsələdə “ehtiyatlı yanaşma” mövcuddur. Ştrasserin son siyahısı siyasi məhbusları əsasən əhatə edib, amma bu siyahıya düşməyən siyasi məhbuslar da var. Hələlik isə beynəlxalq təşkilatların təzyiqi ilə hakimiyyətin yürütdüyü siyasətdən imtinası müşahidə olunmur. Həmişəki proses baş verir. Biriləri buraxılır, yeniləri həbs olunur. Nəzərə alsaq ki, növbəti il – seçki ilidir, güman etmək olar ki, dönəm gərgin olacaq. Bu gün dünyada baş verənlərin fonunda bir ölkədə bu qədər siyasi məhbusun olması dövlətin ziyanınadır, ümumiyyətlə yolverilməzdir. Istər ölkəmizdə, istərsə də dünyada insan haqları qurumları gərək koordinə olunmuş fəaliyyət göstərsin ki, bu problem çözülsün.  
Azərbaycan diplomatiyası böhrandadır

– Azərbaycanın qonşu dövlətlərlə münasibətləri normal deyil. Rusiya və Iranla münasibətlər kəskinləşib. Azərbaycan ondan demokratik islahatlar tələb edən Qərblə də sərt dildə danışır. Yürüdülən bu siyasət nə vəd edir?
– Azərbaycanın xarici siyasəti mövzusu ətrafında ciddi dəyərləndirmələr aparılmalıdır. Birdən-birə dünyanın bütün ölkələri, maraqları, istiqamətləri ilə konfliktlərə daxil olmaq – xarici siyasətin, diplomatiyanın uğursuzluğu kimi dəyərləndirilə bilər. Xüsusilə Qarabağ kimi problemi olan ölkə üçün bugünkü dönəmdə, ümumiyyətlə, yolverilməzdir. Dövlətçilik fəlsəfəsində qəbul olunmuş normalar var. Ölkələr öz qonşuları ilə optimal münasibətlər qurmağa çalışmalıdır. Ermənistanla müharibə şəraitindəyik – burada vəziyyət aydındır. Torpaqlar qaytarılmayınca, münasibətlər normal ola bilməz. Ümumilikdə götürüldükdə isə, strateji müttəfiq olan Türkiyə ilə də belə, münasibətlər lazımından xeyli pisdir. Elə bircə yaşanan bayraq krizindən sonra xoşagəlməz hadisələr silsiləsini xatırlamaq kifayətdir. Bu gün də həmin hadisənin ətaləti yaşanmaqdadır. Rusiya ilə zahirdə də olmasa, pərdəarxası kifayət qədər ciddi problemlər var. Azərbaycanda separatizm meyllərinin, radikalizmin artması tendensiyaları – ekspertlərin fikrincə, münasibətlərdəki həmin disqarmoniyanın təzahürüdür.
Bəli, Azərbaycanın qonşuları ilə bağlı onsuz da pis olan vəziyyəti daha acınacaqlı duruma gəlib. Xüsusilə biz diqqət yetirsək, Türkiyə ilə sinxron hərəkət etmək mümkün olmur. Türkiyə ilə Azərbaycanın bir sıra geosiyasi yanaşmalarda fərqli mövqeləri görünür. Bu, özü də diqqət çəkir. Demokratik dünya ilə də konfiliktlər göz önündədir. Onsuz da həmişə optimallıqdan uzaq olan Azərbaycan-Iran münasibətləri hazırda permanent böhran durumundadır. Türkmənistan, Qazaxıstanla da münasibətlərdə ən azı sərinlik var.
Düşünürəm ki, hazırda Azərbaycan diplomatiyası daha çevik davranmalı və vəziyyəti qiymətləndirmək imkanları olmalıdır. Heç bir tərəfə əyilmədən, öz maraqlarını qorumağı bacarmalıdır. Baş verənlər diplomatiyamızın böhranıdır və böhran dəyərləndirilərək çıxış yolları axtarılmalıdır.

– AB-nın son qətnaməsində insan haqlarını pozan Azərbaycan məmurlarına qarşı sanksiyaların tətbiq olunma ehtimalı gündəmə gətirilmişdi. Sizcə, artıq belə bir addımın atılmasının vaxt çatmayıbmı?
– Təəssüflər ki, beynəlxalq təşkilatlar üçün insan haqları mövzusu bəzən mövsümi rejimdə gündəmə gəlir. Son dönəmlər bu cür müzakirələr aktuallaşıb. Düşünürəm ki, Avropa qurumları ilə bağlı Azərbaycanın vəziyyətinin bu səviyyəyə gəlib çatması, bu srtukturların öz məsul şəxslərinin son illərdə ölkəmizin “reallıqlarına uyğunlaşmasının” nəticəsidir. On il əvvəl ilə müqayisədə Azərbaycanda insan haqlarının qorunması sahəsində aşkar geriləmələr baş verib. Avropa strukturları insan haqları ilə bağlı öz üzərlərinə düşən vəzifələri yerinə yetirsələr, situasiyanı normala doğru dəyişmək olar. Amma əks müşahidə var. Bəzən Avropa qurumlarından gələn və missiyası birbaşa insan haqları və demokratiya olan insanların çıxışları fərqli qənaətə gəlməyə imkan verir. Misal üçün, son dönəmdə adları hallanan iki həmməruzəçinin olayı da bunun təzahürüdür. Hazırda on il bundan qabaq olan standartların özlərinin geri qaytarılmasından söhbət gedir, nəinki inkişafdan. Bu cür geriləmə təkcə AŞ PA ilə bağlı deyil, ATƏT-in Insan Haqları və Demokratik Təsisatlar Bürosu ilə də yaşanır. Ümumiyyətlə bu təşkilatlar son illərdə özlərini ən yaxşı halda müşahidəçi kimi aparırlar. Baş verənlər – əslində, həm də onların bu cür yanaşmağının nəticəsidir. Burada insafa xatir, AB-nin son illərdə demokratiya və insan haqları istiqamətində göstərdiyi ardıcıl səyləri qiymətləndirmək lazımdır. Xüsusilə də, AB-nin Bakı ofisi vətəndaş cəmiyyətilə ardıcıl iş aparır. Bu sırada AB-nin Şərq Tərəfdaşlığı proqramının Vətəndaş Cəmiyyəti Forumunu xüsusi göstərmək olar. Sözsüz ki, biz vətəndaş cəmiyyəti olaraq, dünyanın bütün demokratiya və insan haqları adına olan təsisatlarla əməkdaşlıq etməyi zəruri görürük.

Arif Hacılının tənqidi müsbətə aparan yanaşmadır

– IP artıq bir ildən artıqdır ki, fəaliyyət göstərir. Təşkilatın 60-a yaxın regional şöbəsi var, aktual mövzularla bağlı  dinləmələr keçirib, xüsusilə “Eurovision” yarışması zamanı IP-in aksiyaları Azərbaycanı beynəlxalq gündəmə gətirmişdi. Amma təşkilatın fəaliyyətindən qane olmayanlar da var. Sizcə, hazırkı repressiv əhval-ruhiyyədə  IP-nin addımlarını qənaətbəxş saymaq olarmı?
– Ictimai Palata Azərbaycanın müasir siyasi-ictimai tarixində kifayət qədər unikal və orijinal bir fenomendir. Bu təşkilatda həm siyasi, həm ictimai, həm də vətəndaş cəmiyyətinin bütün spektrları təmsil olunur. Koordinasiya Şurasının içərisində xüsusilə işlək bir mexanizm yaradılıb. Şurada effektli iş ab-havası yaradılıb. Tənqidlərə gəlincə, baxır biz hansı bucaqdan məsələyə baxırıq. Özünütənqid müsbət haldır. Istər Koordinasiya Şurasının üzvləri, istər IP üzvlərinin özünü tənqid etməsi inkişafa aparır. Amma ötən il müddətində bu fəaliyyəti heçə endirmək kimi dəyərləndirmək – düşünürəm ki, bu, nihilistik hal olardı. Özünütənqid quruculuq formatında yanaşmalardan irəli gəlirsə, normal bir prosesdir. Ictimai Palata bu gün Azərbaycan şəraitində edilə biləcək kifayət qədər iş görüb. Söhbət konkret olaraq, Arif Hacılının həbsdən çıxdıqdan sonra səsləndirdiyi fikirlərdən gedirsə, mən onları daha çox müsbətə aparan tənqid kontekstində dəyərləndirərdim. Bu, kifayət qədər normaldır. Bu, haradasa IP-in avantajıdır. Yəni təşkilatın içərisində olan insanlar özlərini tənqid edə bilirlər. Çalışmaq lazımdır ki, bu tənqidlər dağıdıcılığa yox, quruculuğa istiqamətlənsin və ölkədə demokratiyanın inkişafına kömək etsin.

– Daha bir gündəmdə olan mövzu IP-nin vahid namizəd məsələsiylə bağlıdır. Sizcə, ölkədə sərbəst toplaşmaq azadlığı təmin edilmədiyi, seçki komissyiaları hakimiyyətin nəzarətində qaldığı bir zamanda bu nə dərəcədə aktual mövzudur? Buna görə təşkilatın vahidliyin sual altına qoymaq olarmı?
– Siyasi qurumların fəaliyyəti seçkilərə yönəlir və partiyaların bu hadisələrə xüsusi maraq göstərməsi anlaşılandır. Amma Ictimai Palatanın yaranış fəlsəfəsində ölkənin demokratik dəyişikliklərin hərəkətləndirilməsi yer alıb. Ictimai Palatada vətəndaş cəmiyyətinin spektrları təmsil olunub. Bu təşkilatlar üçün prioritet – ölkədə demokratiyanın təmin olunmasıdır. Bu mənada Ictimai Palatanın fəlsəfəsi – ölkədə demokratik dəyişikliklərin mühərriki rolunu oynamaqdır. Sözsüz ki, bunun da tərkib hissələrindən biri – seçki məsələsidir. Növbəti ilin seçki ili olması üzündən, partiya fəalları tərəfindən vahid namizədlə bağlı müzakirələrin başlaması – normal və plüralistik topluma xas bir haldır. Hesab edirəm ki, Ictimai Palata daxilində strateji hədəflər öncə bir daha doğru dəyərləndirilməlidir. Buna uyğun taktiki məsələlər müəyyənləşməlidir. Bu məsələlər həll olunandan sonra, ondan irəli gələrək, sıralamalar olmalıdır ki, bu gün hansı məsələ daha aktualdır.

– Bu günlərdə hökumət Rüstəm Ibrahimbəyovun rəhbərlik etdiyi Kinemotaqrafçılar Ittifaqına alternativ qurum yaratdı. Bu cür hal birinci dəfə deyil ki, baş verir. Bu nəyin təzahürüdür?
– Bu alternativ fikrə dözümsüzlüyün göstəricisidir. Bu, ləyaqət və peşəkarlıq birləşən zaman kimlərdəsə ortaya çıxan müəyyən narahatlığı göstərir. Bu, yeni məsələ deyil. Bu, alternativ fikrin məhdudlaşdırılmasına yönələn növbəti cəhdlərdir. Bu, gələcəkdə hakimiyyətə qarşı çıxa biləcəklərə də müəyyən bir mesajdır. Rüstəm Ibrahimbəyov, Rafiq Əliyev, Ramiz Rövşən – ümumiyyətlə, Ziyalılar Forumunda olan dəyərli insanlar ölkə üçün ən böyük xəzinədir. Biz birmənalı olaraq onların yanındayıq və onları dəstəkləyirik. Hesab edirik ki, sovet dövrünün müsbət nailiyyətlərini özündə saxlayan və çağdaş mədəniyyətimizin cəhətlərini özündə toparlayan bu ziyalılar Azərbaycan insanı üçün fövqəladə dəyərlidir. Xalqımız onları dəyərləndirir və düşünürük ki, tarix də onlara layiqli qiyməti verəcək.

Xəyal