turkiye-suriye

Türkiyə Suriya ilə müharibəyə hazırlaşır

turkiye-suriyeAnkara iki ölkənin sərhədinə qoşun yeritdi; generallar əraziyə yollandı

Suriyanın Türkiyəyə aid kəşfiyyat təyyarəsini vurmasıyla yaranmış gərginlik davam edir. Bütün diqqətlər Türkiyənin verəcəyi cavaba və atacağı addımlara yönəlib. Baş nazir Rəcəb Tayyib Ərdoğanın Suriyanı hədələyən bəyanatından sonra iki ölkə arasında müharibənin başlanması ehtimalı artıb. Türkiyə tərəfi hərbi cavab verilməyəcəyini bildirsə də, artıq Suriya ilə sərhədə qoşun və hərbi texnika toplandığına dair məlumatlar yayılıb.
Türkiyə Suriya ilə sərhədə çoxlu sayda əsgər və hərbi texnika yeridib, onlar döyüş hazırlığına gətirilib. Bu azmış kimi, bir qrup türk general Suriya ilə sərhədə baş çəkib və qüvvələrin yerləşdirilməsilə maraqlanıb. Yerli medianın xəbərinə görə, Adana altıncı piyada qoşunlarının komandanı, general-mayor Sezai Bostancı, Qaziantep beşinci zirehli briqadanın komandanı, general-leytenant Qəhrəman Günəş Suriya ilə sərhəddəki qoşunların yerləşdiyi əraziyə baş çəkib.
Generalların sərhədə baş çəkməsi və əraziyə yerləşdirilmiş qüvvələri nəzərdən keçirməsi Türkiyənin Suriyaya ani hərbi müdaxilə edəcəyi iddialarına yol açıb. Bəzi ekspertlərin fikrincə, Türkiyə gözlənilmədən Suriyaya daxil olaraq, uzun müddətdir gündəmdə olan dəhlizin yaradılmasına başlaya bilər. Bu işdə Türkiyənin NATO-dakı müttəfiqlərindən dəstək alacağı da söylənilir.

Bəşər Əsəd ölkəyə nəzarəti itirib

Suriyanın özündə isə gərginlik davam edir. Hökumət qüvvələrilə müxalif hərbçilər arasında gedən döyüşlər şiddətlənib. Ötən gün paytaxt Dəməşqdə Ədliyyə Nazirliyinin binası partladılıb. Nazirliyin avtomobil parkında yerləşdirilən bomba xeyli dağıntı əmələ gətirib. Şahidlər binadan tüstü dumanının çıxdığını deyiblər.
Ölkədə vəziyyətin gərginləşməsi beynəlxalq ictimaiyyətin konkret qərarlar verməsini qaçılmaz edib. BMT və Ərəb Ölkələri Liqasının xüsusi nümayəndəsi Kofi Annan Suriyada Milli Birlik Hökuməti yaratmağı təklif edib. Annanın təklifinə görə, bu hökumətə həm hakimiyyət, həm də müxalifət nümayəndələri daxil olmalıdır. Annanın təklifi iyunun 30-da Cenevrədə keçirilməsi planlaşdırılan Suriyaya dair beynəlxalq görüşdə müzakirə olunacaq.
Bəşər Əsəd rejiminə alternativ kimi yaradılmış Suriya Milli Şurasının keçmiş rəhbəri Bürhan Qalyun müxalifətin ölkənin şimalına nəzarəti ələ keçirdiyini bildirib.