Hökumət aksiyaların genişlənməsinin qarşısınıalmaq üçün fəaliyyətə keçib
Iyunun 27-də Strasburqda Avropa Şurasının binası qarşısında Azərbaycandan olan mühacirlər və keçmiş siyasi məhbusların təmsil olunduğu “Haqq-ədalət” Birliyinin təşkilatçılığı ilə piket keçirilib. Aksiyaçılar AŞ PA-nın Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt və Jozef Debono Qrexin dəyişdirilməsini tələb ediblər, onların əleyhinə şüarlar səsləndiriblər. Piket zamanıAŞ PA prezidenti Jan-Klod Minyona ünvanlanan müraciətin mətni oxunub. Azərbaycanın vətəndaş cəmiyyəti fəallarının, Ictimai Palatanın, diaspora fəallarının imzaladığı müraciət oxunduqdan sonra AŞPA prezidentinə, Avropa Şurasının baş katibinə, AŞPA Monitorinq Komitəsinin üzvü Andres Herkelə və komitənin digər üzvlərinə təqdim olunub. Bununla yanaşı, həmin gün “Human Rights Watch” da AŞPA-ya öz tənqidi müraciətini göndərib. Müraciətdə həmməruzəçilərin Azərbaycanla bağlı reallıqları əks etdirməyən məlum hesabatı kəskin tənqid edilib.
Baş ofisi Isveçrədə yerləşən, Fransa və Almaniyada şöbələri olan “Haqq-ədalət” Birliyi, həmçinin Avropada yaşayan fəallar həmməruzəçilərin dəyişdirilməsi tələbilə aksiyalarını davam etdirəcəklərini bildiriblər. Onların sözlərinə görə, həmməruzəçilərin fəaliyyəti Avropa Şurasının standartlarına uyğun deyil və onları təcili olaraq başqaları əvəz etməlidir. Təşkilatçılar mayın 30-da Isveçrənin paytaxtı Berndə də aksiya keçirməyi planlaşdırırlar.
Lakin dünən məlum olub ki, Azərbaycan hökuməti aksiyaların genişlənməsinin qarşısını almaq üçün fəaliyyətə keçib. Avropada, xüsusən də piketlərin keçiriləcəyi şəhərlərdə yaşayan azərbaycanlılara tapşırılıb ki, bu aksiyalara, eləcə də 30 iyun piketinə qatılmasınlar. Hətta azərbaycanlıların birindən istifadə edib aksiya günü təxribatın yaradılması da planlaşdırılıb. Bununla belə, azərbaycanlı fəallar məqsədlərinə çatana qədər mübarizəni davam etdirəcəklərini bildirirlər.
Qeyd edək ki, AŞ PA həmməruzəçilərinin Azərbaycanla bağlı hazırladığı ilkin hesabat ölkənin vətəndaş cəmiyyəti tərəfindən kəskin tənqid olunub. Hüquq müdafiəçisi Leyla Yunus hər iki həmməruzəçinin Azərbaycan hakimiyyətindən rüşvət aldığını, elə bu səbəbdən də ilkin hesabatda Azərbaycanla bağlı problemlərin səthi şəkildə göstərildiyini bildirir.