“Əgər telekanallar dəstəyimizi layiqincə dəyərləndirməsələr münasibətlərimiz dəyişə bilər”. Bunu Lent.az-a açıqlamasında Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli telekanallarımızın çəkdikləri seriyallara münasibət bildirərkən deyib.
O, Azərbaycanda çəkilən serialların aşağı səviyyədə olduğunu söyləyib: “Biz telekanallarımızdan daha keyfiyyətli məhsul gözləyirik. Çünki onlara lazımınca bu dəstəyi vermişik. Əgər telekanallar bunu layiqincə dəyərləndirməsələr, münasibətlərimiz dəyişə bilər. Onlar keyfiyyətsiz məhsullar təqdim etməklə öz işlərini bitmiş hesab edirlərsə, yanılırlar”.
Nuşirəvan Məhərrəmli deyib ki, kanalların bu sahədə işlərə nəzarət edirlər: “Doğrudur, bu sahədə artıq canlanma müşayiət olunur, işlər gedir. Telekanalların hər birində çəkilişlər davam edir. Yaxşı məhsulları tamaşaçılar özləri seçəcəklər. Bu mövzuda media da sorğu keçirsə, çox müsbət olar. Hesab edirəm ki, televiziyaların hər birinə kifayət qədər məbləğ ayrılıb. Bu məbləğ keyfiyyətli məhsul təqdim etmək üçün çox yaxşı puldur”.
MTRŞ sədri serial çəkilişi üçün xarici aktyorların Azərbaycana dəvət edilməsini normal qarşılamayıb: “Biz bu addımı ona görə atdıq ki, yerli potensiallarımızı işə cəlb edək. Onları inkişaf etdirək. Xarici aktyorlar yüksək məbləğlə dəvət etməyə nə gərək var axı. Onlara verilən yüksək məbləği özümüzünkülərə sərf etsək, çox yaxşı olar. Bir baxın Azərbaycanın nə qədər peşəkar aktyorları var”.


