elibala esgerov-borcali

Gürcüstan azərbaycanlılarının başı dərddədir

elibala esgerov-borcaliƏlibala Əsgərov: “Gürcüstanda Azərbaycan şirkətləri erməniləri yüksək vəzifələrə, azərbaycanlıları isə xidmətçi götürür”

“Azərbaycanın gömrük və miqrasiya xidməti elə edib ki, borçalıların qazandıqları heç evlərinə gedib çıxmır”

Gürcüstandan yaşayan soydaşımız, “Qeyrət” Xalq Hərəkatının sədri Əlibala Əsgərov “Azadlıq”a müsahibəsində özlərinə qarşı biganə dövlət siyasətindən şikayətlənir. O, bir neçə gündür Bakıdadır, ümid edir ki, ictmailəşdirdiyi problemə Azərbaycanı idarə edənlər nəhayət, biganə qalmayacaqlar.

– Gürcüstanda demokratik dəyişikliklər baş verdi, amma deyəsən, sizin problemləriniz hələ də həllini tapmayıb?
– Gürcüstnada hər zaman üzləşdiyimiz çətinliyə dövlətdən də, müxtəlif qurumlardan da öncə media diqqət ayırıb. Buna görə bütün borçalıların sizə minnətdarlığı var.
Saakaşvili hakimiyyətə gələndən sonra bir sıra mühüm demokratik dəyişikliklərə, islahatlara başladı, mütərəqqi qanunlar qəbul edildi. Polis, prokurorluq, inzibati idarəetmə, məhkəmə sistemində görülən işləri təqdir edirik, bu sahələrdə rüşvət sıfır dərəcəsinə enib. Lakin təəssüflə demək lazımdır ki, Gürcüstanın əhalisinin 11 faizini  (gürcülərdən sonra ikinci xalq) təşkil edən biz azərbaycanlılara qarşı bölgə rəhbərliyinin, məmurların haqsız bürokratiyası, qərəzi davam edir. Borçalıların ən ağır problemi olan torpaq məsələsi həll olunmayıb.

– “Torpaq problemi” dedikdə nəyi nəzərdə tutursunuz?
– Bu problemin təməli Qamsaxurdiyanın vaxtında qoyulub. 1993-cü ildə Nazirlər Kabinetinin qərarıyla şəhər əhalisi üçün rayonlardan torpaq ayrıldı. Bu qərara əsasən, Dmanisinin 5750 hektar torpağı ayrıldı. Eləcə də azərbaycanlıların kompakt yaşadığı 2 rayondan da bu qədər torpaq yerli əhalinin sərəncamından çıxdı. Azərbaycanlılar yaşayan 3 ərazidən ayrılan torpaq yerdə qalan 68 rayondan ayrılan torpaqdan qat-qat çox oldu. Bu isə məqsədyönlü şəkildə şəhər əhalisinin buralarda yerləşdirilməsi idi.
Ən ağır zərbəni isə biz Şevardnadze dövründə aldıq. 1996-cıildə parlamentin qərarıyla torpaqlar 10-45 illik icarəyə verildi. Amma elə hiylə işlətdilər ki, torpaqların çoxu yerli əhaliyə yox, bu zonaya aidiyyəti olmayanlara qismət oldu.

– Bu, necə baş verdi?
– Hiylənin qanuna salınmasıilə. Qərarda göstərilirdi ki, sərhadyanı ərazilərdə xüsusi rejim yardılısın. Amma bu rejimin nədən ibarət olduğunu dövlət açıqlamadı. Nəzərə alın ki, azərbaycanlıların çoxu sərhəd bölgədə yaşayır. “Xüsusi rejimin” hesabına bizim bölgədəki torpaqlar Müdafiə Nazirliyi və digər təşkilatların əlinə keçdi.

– Saakaşvilinin torpaq islahatları da problemi çözə bilmədi?
– Xeyr. Biz çox çalışdıq, torpaqların özəlləşdirilməsi zamanı etirazlar etdik. Istəyirdik ki, əhali öz dədə-baba torpaqlarından istifadə üçün imkan qazansın. Lakin mümkün olmadı. Islahatlar elə aparıldı ki, torpaqlar öz icarədarlarına satıldı.

– Torpaqsızlıq üzündən hansı çətinliklərlə üzləşirsiniz?
– Ilk növbədə, ərazilərin boşalması. Torpaqsız, işsiz qalan gənclik orada yaşamaq üçün perspektiv görmədi və axın sürətləndi. Borçalılar bir tikə çörək üçün dünyanın dörd bir yanına yayılmağa başlayıb. Bu axın 2005-ci ildən sonra lap kütləviləşdi. Ən çox üz tutulan ölkə Azərbaycandır. Heç o gəncliyi Azərbaycanda da “öpüb göz üstə qoymadılar”. Tikinti meydanlarında Borçalıdan olan nə qədər gənc öldü…

– Amma son vaxtlar belə təəssürat var ki, gürcüstanlıların Bakıdan geri dönüşü baş verir…
– Həqiqətən, belə bir tablo yaratmaq istəyirlər ki, guya, Gürcüstandan axın yoxdur, adamlar geri qayıdır. Bu, hardasa həqiqəti ifadə edir, ancaq sual yaranır: geri dönüş nəyə görədir? Çünki Bakı da yaşamaq üçün dözülməz olub, burada yaşayış çox bahalıdır. 300 manatlıq maaşla Bakıda ailə dolandırmaq olmur. Buna görə də ailələr geri dönür, amma ailə başçıları qalıb işləyirlər. Maşallah, Azərbaycanın gömrük və miqrasiya xidməti elə edib ki, borçalıların qazandıqları heç evlərinə gedib çıxmır.

– Bunu bir qədər açıqlaya bilərsinizmi?
– Əvvəlcə, mən dövlət məmurlarına sual vermək istəyirəm: Dostlar, sizin məqsədiniz nədir? Biz neyləyək? Sizin məqsədiniz Borçalıdan olan 500 min nəfəri didərgin salmaqdır? Bu qədər insanın Borçalını tərk etməsi Azərbaycan üçün fəlakət deməkdir. Yaxşı olar ki, dörd divar arxasında millət barədə sərəncam verənlər bu haqda yaxşı-yaxşı düşünsünlər.

– Bəs, dediyiniz, gömük və miqrasiya xidmətilə bağlı problemlər nədən ibarətdir?
– Azərbaycanda 4 kateqoriya Gürcüstan azərbaycanlısı var. Birincilər tələbələrdir, ikincilər Qamsaxurdiyanın vaxtında bura gələn 25 min qaçqındır. Yeri gəlmişkən, onlara hələ də nə vətəndaşlıq statusu verilir, nə də qaçqın. Üçüncü kateqoriya bura işləmək üçün gələnlər. Dördüncü isə qarışıq nikahlardan qurulan ailələrdir. Birincilər istisna olmaqla, qalanlarının başı Azərbaycanda dərddədir. 1995-ci ildən heç bir Gürcüstan vətəndaşına burada vətəndaşlıq verilmir. Hətta bütün sənədlər qaydasında olsa da. Dövlətin qeyri-rəsmi göstərişi var ki, vətəndaşlıq verilməsin.

– Bəlkə Azərbaycan hakimiyyəti Borçalının boşalmamasının qayğısına qalır?
– Belə bir niyyət varsa da, çox gülməlidir. Lap məni orada qandalla, əgər yaşamaq üçün şəraitim yoxdursa, deməli, heç kim saxlaya bilməz. Azərbaycana gələ bilməsəm də, Borçalıdan baş götürüb Minskə, Piterə və s. gedərəm.

– Bəlkə gömrük və miqrasiya ilə bağlı problemlərə qayıdaq…
– Bizim hesablamalarımıza görə, Azərbaycanda Borçalıdan olan 50 minə qədər işçi gənc var. Bir çinli, mozanbikli bura hansı statusla gəlirsə, hansı prosedurla sərhədi keçirsə, onlar da elə gəlir. Doğrudanmı, bu dövlət üçün Borçalıdan olanla çinlinin heç bir fərqli yoxdur? Bu işçilər iş yerlərində rəsmən qeydə alınmadığından Miqrasiya Xidməti onların başına oyun açır. Gəlib iş yerlərindən tutub aparırlar, pasportlarını alırlar və deyirlər ki, ya 400 manat pul ödə, ya da ölkədən deportasiya edilirsən. Canı-qanı bir saydığına qarşı belə rəhmsizlik olarmı?
Yaxud, 90 gün qalandan sonra adam gərək Azərbaycanı tərk edib sərhədi keçsin və bir də geri dönsün. Iki-üç gün gecikmə olan kimi yüksək cərimələr yazırlar. Bu nə münasibətdir? Azərbaycanda minlərlə ailə var ki, ailə üzvlərindən yarısı Gürcüstan vətəndaşıdır. Bu adamlar nəyə görə 3 aydan bir sərhəd dəyişməlidir?

 – Sizcə borçalılarla bağlı qanunlardakı qeyri-mükəmməllik texniki xətadır, yoxsa siyasi maraq?
– Mən biznes marağı deyərdim. Bu qədər adamı cərimələməklə zəhmətsiz qazanc əldə edirlər.

– Azərbaycan hakimiyyəti özünü xalqa xeyirxah kimi təqdim edir, uzaq Afrikada belə, sosial layihələr gerəkləşdirir, bəs borçalılar bu siyasətdən necə bəhrələnir?
– Kağız üzərində çox yaxşı. Real mənzərə isə fərqlidir. Bizim məmurlar Gürcüstanın timsalında yaxşı biznes zona, gözəl bazar tapıblar.

– Bu biznesin faydası oradakı soydaşlarımızı əhatə etmir?
– Gürcüstan boyunca SOCAR-ın məntəqələri var. Araşdırın görün ki, onun nə qədərinin rəhbəri gürcü və gürcü soyadı götürən ermənilərdir.
Təkcə SOCAR deyil, Gürcüstanda 300-dən çox Azərbaycan şirkəti var. Onlarda uzaqbaşı süpürgəçilər, xadimələr azərbaycanlıdır. Mənə 5 nəfər yüksək vəzifə tutan Gürcüstan azərbaycanlısı göstərə bilməzsiniz. Belə qayğı olarmı? Beynəlxalq Bankın Tiflisdə bir filial var, daxil olub görsünlər ki, orada azacıq da olsa, azərbaycançılıq ab-havası varmı? “Hallavar” deyilən zona var, 90 faizi gürcü soyadı götürən ermənilərdir, bankın işçilərinin böyük əksəriyyəti ordandır. Mən ora daxil oldum, Azərbaycanı xatırladan bircə cümləyə də rast gəlmədim.

– Amma Azərbaycan hakimiyyəti zaman-zaman Gürcüstana etdiyi iqtisadi güzəştləri borçalılarla əlaqələndirib…
– Adamı da incidən budur. Azərbaycan Gürcüstanla iqtisadi partnyordur. Doğrudur, güzəştlərdə həmişə bizim adımız səslənib, amma real olaraq, heç vaxt biz müqavilələrdən, iri layihələrdən nəsibimizi almamışıq. Bu gün başdan-başa ermənilər yaşayan Axalkalaki bölgəsində Azərbaycan qazı şölələnir, Marneulinin ermənilər yaşayan qəsəbələri tam qazlaşdırılıb, amma bu vaxta qədər azərbaycanlıların yaşadığı üç kənddə cəmi 19 evdə qaz yanır. Budurmu güzəşt? Bu, kimə lazımdır?

Natiq Güləhmədoğlu