“BakıQuşçuluq”da gözgörəsi rəzalət

Qanunsuz əməlləri törədən kimlərdir?

“Azadlıq”ın ünvanına Şahin Əlizadə, Vəzir Rəcəbov və Tahir Axundovun imzasıyla müraciət daxil olub. Müraciətdə onlar “BakıQuşçuluq” ASC ətrafında baş verən olaylar barədə danışıb:
“Əvvəllər respublikanın ən iri və qabaqcıl quşçuluq cəmiyyətlərindən biri sayılan ASC 2011-ci ilin sentyabrında  ləğv edilməyə başladı. Cahangir Hacıyevin iflic vəziyyətinə saldığı cəmiyyətin külli miqdarda borcu olub. Onun bir neçə milyon borcu və şəhadətnaməyə əsasən 30 ha  özəlləşdirilmiş torpaq sahəsi mövcud idi. Ləğvetmə prosesinə Ramiz Haqverdi rəhbərlik edirdi. ”BakıQuşçuluq” ASC-nin minor səhmdarlarını mülkiyyətdən məhrum etməyə yönəldilmiş hərəkətlər qanunazidd yollarla həyata keçirilməklə yanaşı, öz mahiyyəti üzrə soyğunçuluğa bənzəyirdi. Belə ki, səhmdarlara çatası bir neçə milyon manatlıq dəyərində əmlak əvəzində səhmdarlara həmin dəyərin 10 faizi həcmində pul ayrılmışdı. Bu ona görə mümkün olmuşdu ki, SC-nin ləğvetmə prosesinin axırına cəmiyyətin balansında əmlakdan yalnız  pul vəsaiti qalmışdı. Cəmiyyətin 5 milyon manatlıq borcunu ödəmək bəhanəsiylə ləğvetmə komissiyası özbaşına cəmiyyətin  mülkiyyətində olan 30 ha torpaq sahəsinin hamısını satıb.
Torpağın 1 sotu üçün satış qiyməti 3000 manat civarında olub. 5 milyon manat borcu ödəyəndən, yerdə qalan 5 milyondan 10 faizlik Vergilər Nazirliyinə ödəmə edəndən sonra yerdə qalan vəsaiti səhmdarlar arasında böldülər. Maraqlısı odur ki, SC-nin yerləşdiyi ünvanda indi torpağın bir sotunun qiyməti 15 min manatdan aşağı deyil. C.Hacıyev  alqı-satqı müqaviləsində torpağın qiymətini reallıqda olduğundan bir neçə dəfə ucuz göstərib ki, səhmdarlara çatası əmlakın və dövlətə çatası vergilərin həcmini azaltsın. Bunun nəticəsində yalnız büdcədən yayınma 3500000 manat təşkil edib.
Səhmdarlar aidiyyəti üzrə instansiyalara müraciət edərək pozulmuş hüquqlarını bərpa etməyə çalışdığı zaman “BakıQuşçuluq”un ərazisini əldə etmiş “AAAF-inşaat” MMC artıq həmin ərazidə tikinti işinin çoxunu görərək onların yarıdan çoxunu da satıb. Alverin zəif getməməsini yaşayış massivində satılan birmərtəbəli kotteclərin qiymətinin 54 min manatdan 72 min manata qaldırılması sübut edir. Həmin massivdə mülkiyyət sahiblərinə çevrilən şəxslərin xəbəri yoxdur ki, onlara satılan mülklərin  altında yerləşən torpaq sahəsi qanunsuz yollarla əldə edilib. Tikinti işinin aparılması ilə məşğul olan MMC C.Hacıyev rəhbərlik etdiyi  Ağır Atletika Federasiyasına yaxın inşaat müəssisəsi olduğundan hər tikdiyi yaşayış massivində ağır atletika idman kompleksi yaradır.
Səhmdarların bəzisi hesab edir ki, SC-nin borcu cəmi 5 milyon manat olduğu, real qiymətdən aşağı səviyyədə sotu 3 min manatdan satışa yalnız cəmiyyətin mülkiyyətində olan torpaq sahəsinin 15-20 ha çıxarmaq  yetərli olduğu halda C.Hacıyev tərəfindən 30 ha-nın hamısının satılmasına səbəb torpaq sahəsinin bir neçə il əvvəl satışa çıxarılmasıdır. Hazırkı ləğvetmə prosesi də baş verən hadisənin rəsmiləşdirilməsindən irəli gəlir.  Bunu ləğvetmədən öncə  ərazidə aparılan inşa işləri də sübut edir.Yaranmış borcu ödəmək üçün lazım olan vəsaitin bir hissəsi C.Hacıyevdən alınıb və əvəzində Xırdalandakı 30 ha torpaq sahəsi sənədləşdirilərək səhmdarlardan azad olunub. Bundan bir neçə il sonra C.Hacıyev özünə gələrək SC-ni ləğv etməyə başladı.  O, hesab edib ki, 3-4 milyon vəsaiti büdcədən,  1-2 milyonu da minor səhmdarlardan yayındırsa pis olmaz. Buna görə də ləğvetmə prosesində səriştəsi olmayan  Ramiz Haqverdini taparaq aləmi bir-birinə qatıb. Indi də vəziyyətdən çıxa bilmir.
Büdcədən yayındırılan vəsaitin hər manatına  50 qəpik sanksiya tətbiq edilir. Yəni yayındırmaya cəhd edilən 3 milyon  500 min manat öz təsdiqini tapsa, onda  həmin vəsaitlə yanaşı, əlavə 1 milyon  750  min manat vəsait ödənilməlidir. SC-nin balansında vəsait olmadıöına görə  satılmış torpaq sahəsi  geri qaytarılıb hərraca çıxarılmalıdır. Bu isə “AAAF-Inşaat” MMC-nin himayədarı C.Əsgərovun narazılıöına səbəb ola bilər. Həmin əarziyə görə pulun bir neçə il verilməsinə dair ehtimal düzgün olsa,  bu, lap biabırçılıqla nəticələnəcək. Çətin vəziyyətdə olana yardım əlini uzadan MMC özü çox çətin və xoşagəlməz vəziyyətə düşdüyündən rəzalətin miqyasını təsəvvür etmək mümkündür”.

 Sosial şöbə