Şamxalın pozduğu cinayət qaydaları

Çap olunmayan “Ölüm korpusu” kitabından parçalar…

Təəssüf ki, bu kitabıçap etdirə bilmədim. Azərbaycandakı bütün mətbəələr onu dərc etməyə qorxdular, vəssalam. Əslində isə burada qorxmalı heç nə yox idi. Daha kəskin və daha sərt kitablar yazılır. Nəyə görə qorxduqlarını bilmədim.Hər halda, hesab edirəm ki, adamlar mənim həbsxana xatirələrimi səbrlə və maraqla oxuyacaqlar. Onu “Azadlıq”a verdim. Zatən, həbsxana yazılarının “Azadlıq”a çıxması yaxşı əlamətdir. Xüsusilə də, indi. Hamı gözləyir ki, ya kimlərisə həbs edəcəklər, ya da kimlərisə buraxacaqlar. Belə vəziyyətdə bu yazılar təlimat xarakteri də daşıya bilər. Hər kəs üçün təlimat. Nazirdən tutmuş, dilənçiyə qədər hər kəs orada nələrin və necə baş verdiyini bilməlidir. Hətta prezident belə bilməlidir ki, oralarda nə baş verir…

Əvvəli ötən saylarımızda

Bəşəriyyət ilk həbsxanaları nə zaman qurub? Dünyadakı bütün ensiklopediyalara, tarix kitablarına baxıb ən müxtəlif bilgilərlə tanış ola bilərsiniz. Ilk həbsxanaların sinifli cəmiyyətlərin məhsulu olduğuna sizi inandırmağa çalışacaqlar və ən xoşbəxt duyğular altında özünüzü sinifsiz cəmiyyətin üzvü saymaq istəyəcəksiniz. Həbsxanaların tarixini araşdıran insanların – tarixçilərin, sosioloqların, arxeoloqların hansı mənbələri araşdırmasından, hansı mötəbər saxsı parçalarını, küp qırıqlarını, yazıya oxşar anlaşılmaz cızıqları tədqiq etməsindən asılı olmayaraq, birmənalı şəkildə deyirəm: həbsxanalar sinifsiz cəmiyyətdə də mövcud olub və özünüzü müdhiş xəyalların qanadları üzərində o tarixi qədimliklərə dürtməyə çalışmayın. Bunu həbsxanada olmuş ən mötəbər mənbələrdən biri kimi mən hökm edirəm!
Yoxsa, necə düşünürsünüz – sinifsiz cəmiyyətin qaydasız qaydalarının hökm sürdüyü həmin uzaq tarix qırığında Şamxal kimi adamlar yox idimi? Əlbəttə, var idi. Necə adlanmasından asılı olmayaraq, var idi. Məsələn, 50 min il bundan əvvəl, hələ türk dilinin və ya istənilən başqa bir müasir dilin hətta protoelementlərinin olmadığı zamanda insanlar mamont ovlamaq üçün bir-birlərini hansısa hay və küy elementləri isə səfərbər edirdilər, axı. Onlar bir-birlərini başa salırdılar ki, “aclıq partizanlara güc gəlir” və aclığın partizanlarıməhv etməsinə imkan vermədən onun özünü məhv etmək gərəkdir. Bunun üçün də hökmən bir mamont və ya buna bənzər başqa bir heyvanı məhv etmək lazımdır. Beləcə, bəşəriyyətin ilk mütəşəkkil əməliyyat cəhdləri yaranırdı. Əgər mütəşəkkil əməliyyat planlarıvarsa, deməli, bu ansamblı pozan insanlar da var idi; deməli, həmin əməliyyatları pozanlar üçün müəyyən cəza tədbirləri də mövcud idi; və nəhayət, deməli, o zamanın “Şamxal”ını da hansısa formada cəzalandırmaq, icmadan təcrid etmək və ya öldürmək lazım idi. O zamanın bütün Şamxallarını öldürsəydilər, bəşəriyyətin sonrakı nəsilləri cinayətkarlıq hisslərini formulə edən mikrohüceyrələri genetik kodlar vasitəsilə bizim günlərə daşıyıb gətirə bilməz, 1982-ci ildə Masallı rayonunun Xıl kəndində həmin genetik kodların daşıyıcısı olan və qeyri-şərti olaraq, tamamilə konkret şəkildə “Şamxal” adlandırılan insan doğula bilməz, 2007-ci ilin noyabr ayından 2008-ci ilin mart ayının əvvəllərinə qədər mənimlə birlikdə Bakı şəhərindəki, Bayıl həbsxanasındakı123-cü kamerada məhbus həyatı yaşamazdı. O zamanlar şamxalların çoxunu öldürməyiblər, məsələn, dərin quyularda ölümcül hala düşənə qədər saxlayıblar ki, ağlı başına gəlsin, icma mənafeyinin nə demək olduğunu instinktiv olaraq dərk etsin. Bu, həmin sinifsiz, ibtidai cəmiyyətlərin həbsxanası olub.
Şamxalı həmin tarixsiz çağların insanına bənzədən bir sıra parametrlər var idi. Birincisi və ən mükəmməli: Şamxal hərf bir yana dursun, rəqəmləri belə tanımırdı. Ikincisi, mənim bütün cəhdlərimə baxmayaraq, üç ay ərzində Şamxal bircə hərf belə öyrənə bilmədi. Üçüncüsü, bu üç ay tədris müddətində Şamxal heç cür başa düşmədi ki, nə üçün bu anlaşılmaz işarələrin bir qismini “rəqəm”, o biri qismini isə “hərf” adlandırırlar və bu ayrı-seçkiliyin nə mənasıvar.
O, pul da tanımırdı. Pulun nə olduğunu bilirdi, amma əskinasları fərqləndirə bilmirdi. Şamxal pulun nə üçün lazım olduğunu bildiyi zaman onu ələ keçirmək istəyib, bunun üçün öz ibtidai şüurunda əməliyyat planlaşdırıb və həmin separat əməliyyatın icrasının nəticəsində həbs edilib. Şamxal 2007-ci ilin oktyabr ayında belə hesab edib ki, pul əldə etmək üçün qonşunun inəyini oğurlamaq və onu Masallı bazarında bir dəllala təhvil vermək, əvəzində “pul” adlanan kağızları əldə etmək lazımdır. Amma əməliyyatın həmən sonunda Şamxal ələ keçirilib: sürüdən ayırıb satmaq istədiyi inəyin ipini özünün şərti olaraq “dəllal” adlandırdığı polis əməkdaşına verib. Polis əməkdaşı isə Şamxalı inəklə birlikdə polis idarəsinə gətirib, cinayət faktını sənədləşdirib, inəyi Xıl kəndində yaşayan sahibinə, Şamxalı isə Bayıl türməsinə göndərib. Ən müasir, mötəbər internet mənbələrinə inansaq, bu, Masallının tarixində 4-cü mühüm hadisədir. Birinci hadisə 1930-cu ildə Masallı inzibati rayonunun təşkil edilməsidir. Ikinci və üçüncü mühüm hadisələr isə Heydər Əliyevin bu rayona səfərləridir. Inanmırsız, internetdə Masallı rayonu ilə bağlı yaradılan səhifəyə daxil olun, orada da belə yazılıb.
Şamxal oğurluq əməliyyatını planlaşdırarkən bir neçə cinayət qaydasını pozub. Birincisi, oğurluq malın satılacağı ünvanı dəqiqləşdirmək lazım idi. Ikincisi, bir inəyi oğurlamaq və satmaq üçün ən azı, başqa bir ortaq tapmaq lazım idi. Üçüncüsü, örüşə otlamaq üçün göndərilən inəyi oğurlayıb satmaq zamanını elə seçmək lazımdır ki, mal sahibi onu axtaranda iş-işdən keçmiş olsun. Dəllal onu qəssaba satır, qəssab isə kəsib-doğrayıb sinifli cəmiyyətin pulu tədavül vasitəsi kimi tanıyan və qəbul edən üzvləri arasında xırıd edir.
Mənim Şamaxıda bir tanışım vardı. (Təkid etməyin, kəndin adını deməyəcəyəm, polis adamın izinə düşə bilər. Mənim isə cinayəti bilib gizlətməyə görə daha bir dustaq həyatı yaşamaq fikrim yoxdur). Həmin tanışım inək-dana oğurluğu üzrə ixtisaslaşmış mütəxəssis idi. O, iribuynuzlu heyvanların oğurlanması üzrə çoxlu metodlar bilirdi və bunların ən etibarlısı belə idi: adam naxırın harada, hansı meşəlik və kolluqda otladığını təsbit edir; naxırçının özəl keyfiyyətlərini araşdırır; öncədən gözaltı etdiyi inəyi (dananı) ağacların və ya kolluğun sıx olduğu bir yerə çəkib bağlayır və çıxıb gedir işinin-gücünü dalınca. Inəyin naxırla geri dönmədiyini görən mal sahibi (və təbii ki, həm də naxırçı) hava tam qaralana qədər heyvanı axtarmaqla məşğul olurlar. Tapa bilmirlər. Axtarışı və ya ümidsizliyi sabah davam etdirmək məqsədilə geri çəkilirlər. Gecə yarısı isə mənim peşəkar inək oğrusu olan tanışım (bu, mənim sinif yoldaşım, əsgərlik yoldaşım, qonşum və ya bir çox əsaslarla mənim seçimim olmadan həyat yolumu kəsən adam ola bilər) gedib özünün ağaca bağladığı inəyin ipindən yapışıb həyətinə gətirir, evinin böyründə tikdirdiyi tövləyə salıb kəsir və səhərə yaxın aparıb Şamaxı bazarındakı qəssaba ucuz qiymətə təhvil verir. Vəssalam. Amma yox, qəssab inəyin oğurluq olduğunu bilir. Bir çox hallarda özü də sifariş verir. Cinayətə ortaq olduğuna görə onun izini itirir. Işi araşdırmaq üçün dövriyyəyə polis daxil olsa, bu cinayət əməli canavarın üzərində sənədləşdiriləcək. Çünki canavarın ət almağa pulu yoxdur və o, heç zaman ət almır. Canavar heç bir dövlətin vətəndaşlıq vəziyyəti aktlarını qəbul etmədiyinə görə heç bir dövlətin cinayət qanunları ilə mühakimə olunmur.

Ardıvar