YAP-çı deputat: “Bizə yaltaqlar lazımdır”

“Vaxtilə Yeni Azərbaycan Partiyasını sayamayan, YAP-a qulluq etməyən adamlar indi partiyanın gücünü görüb yaltaqlıq edir, məddahlıqla məşğul olursa, qoy olsun, bunun bizə heç bir zərəri yoxdur”.
Bu sözləri “Modern.az” saytına açıqlamasında Milli Məclisin hakim Yeni Azərbaycan Partiyasından olan deputatı Eldar İbrahimov deyib.
İbrahimov deyib ki, YAP-a ümumilikdə Heydər Əliyev siyasətini bəyənən, qəbul edən insanlar üzv olur. Onun fikrincə, hakimiyyətə, partiyaya sədaqətli insanlar lazımdır: “Fikrimcə burada ən birinci meyar sadiqlik, sadiqlik və yenə də sadiqlikdir. Məddah adamlar da lazımdır ki, bizi tərifləsinlər, məddah etsinlər. Onsuz da partiya, hakimiyyət də bilir ki, kim məddahdır, kim də ürəkdən, sadiqliklə ona bağlıdır”.
YAP-çı deputat yaltaqlığı mənfi xüsusiyyət saysa da, kimlərinsə bu cür davranmasında zərər görmür: “Yaltaqlanmaq, məddahlıq etmək cəmiyyətimizə və insanlara yaraşmayan bir haldır. Kiminsə xasiyyətində, canında məddahlıq etmək varsa, qoy etsin, onun bir zərəri yoxdur”.