Xalq üçün “ağlayanın” Londonda mülkü olarmış…

Məmurlarımızın Avropada sahib olduqları mülklər haqqında bilgilər yavaş-yavaş mətbuata sızmaqdadır. Dünən London bələdiyyəsi (!) məmurlarımızın Londonun təkcə neçə bir səmtindəki 81 mülkü haqda “arayış” verdi. Çox güman ki, bu arayışların ardı olacaq. Çünki məşhur Dubay villaları haqda gedən yazılarda belə fikirlər də səslənirdi ki, digər məmur mülkləri haqda da bilgilər toplanır. Lakin demək olar ki, Qərb mətbuatı bir neçə il bu haqda susdu.
Ərəb inqilablarından sonra, devrilmiş diktatorların Avropadakı mülkləri və banklardakı pulları gündəmə gəldi.   Hazırda dəqiqləşdirmə aparılır. Heç şübhəsiz ki, onların hamısını aşkar etmək mümkün olmayacaq. Ancaq razılaşın ki, diktatorlardan qurtulmaq kimi xoşbəxtliyin fonunda bu cür məsələlər “ikinci dərəcəlidir”.
Qərb Azərbaycanın ittihamlarına mülk arayışlarıyla cavab verir
Azərbaycan hakimiyyətinin Avropaya “ideoloji hücumuna” cavablar gəlməkdədir. Qərb, Azərbaycan mentaliteti üçün ən həssas nöqtələrdən başlayıb. Bu, məmurlarımızın xaricdəki daşınmaz əmlaklarıyla bağlı hesabatlardır.
“Ərəb baharı”ndan sonra devrilmiş diktatorlarla bağlı da oxşar hesabatların şahidi olduğumuzdan, etiraf edək ki, bu tələskənlik bizi bir az təəccübləndirdi. Axı biz görmüşük ki, rejim süqut edəndən sonra bu cür texniki (!) məsələlərə baxılmağa başlanır. Amma bu dəfə əksini müşahidə edirik.
Nəzərə alsaq ki, Avropanın əksər şəhərlərində, eləcə də Amerikada bizim məmurların dəyəri yüz milyonlarla ölçülən daşınmaz əmlakı var, deməli, məsələyə çox ciddi yanaşmaq lazımdı. Londonun ardınca, Avropanın və dünyanın digər şəhərlərindən də oxşar açıqlamalar gələcəyi təqdirdə, iqtidar çox çıxılmaz vəziyyətə düşəcək. Ölkənin siyasi nəbzinin artan dinamika ilə vurmağa başlayacağı şübhəsizdir.
Ərəb inqilablarından sonra məmurlarımızın Avropa və Amerikada dəbdəbəli mülklər almaqdan vaz keçmələri haqda informasiyalar da gəzirdi. Məmurlar bunun təhlükəli olduğunu anlayaraq, üçüncü dövlətlərə investisiya qoymağa başladılar. Şərqi Avropa, MDB ölkələrinə, eləcə də dünyanın monarxiya kimi qəbul etdiyi digər dövlətlərə axın başladı.
Korrupsiya və rüşvət pulları demokratiyanın göbəyində…
Son zamanlar Qərb bu investisiyaların ölkəyə yatırılmasında  maraqlı olmadığını sübut edir. Bu ölkələrin məşhur qəzetləri durmadan Azərbaycan iqtidarının korrupsioner əməllərini, anti-demokratik addımlarını kəskin tənqid edirlər. Hətta son vaxtlar, öz hökumətlərini korrupsiya və rüşvət pullarının ölkəyə soxulmasına imkan verməkdə ittiham etməyə başlayıblar. Bu cür qınaqlar öz səmərəsini verməyə başlayıb. Ingiltərə və digər Qərb dövlətləri rəsmilərinin son açıqlamaları, onların bu “başağrısından” qurtulmaqda israrlı olduqlarına əyani sübutdur.
London Azərbaycanın məmur elitasının ən çox məskən saldığı şəhərdir. Nazirlərdən tutmuş, icra başçılarına qədər yüzlərlə məmurun burada mülkü var. Hətta martdakı üsyandan sonra vəzifəsini itirən Qubanın keçmiş icra başçısı Rauf Həbibovun da “mənəvi sarsıntı”dan qurtulmaq üçün bir müddət Londona istirahətə getməsi haqda xəbərlər yayılmışdı…
Dünyanın ən demokratik ölkələrindən biri olan Ingiltərə artıq məmur-oliqarxlarımızın ikinci vətəninə çevrilməkdədir. Bir-birilə ziddiyyət təşkil edən rejimlərin əməkdaşlığı da kifayət qədər şübhəli məqamlarla müşayiət olunur. Şahzadə Endryu ilə Azərbaycan iqtidarının sıcaq münasibətlərini anlamaq olar – bu, monarxiya həmrəyliyidir. Amma gəlin razılaşaq ki, baronessaların və lordların tez-tez məmur-oliqarxlarımızın qonağı olması, qarşılıqlı badələrin cingiltisi, kürü… demokratiya ilə daban-dabana ziddir.
Nəzərə alsaq ki, dünyada ilk parlament məhz Britaniyada, təxminən 1000 il bundan əvvəl – 930-cu ildə çağırılıb və bu ölkədə demokratiya 800 il əvvəl qələbə çalıb, o zaman, XXI əsrdə öz xalqlarını zülm altında inlədən rejim nümayəndələrinin bu ölkədəki əsrarəngiz sərbəstliyi heyrət doğurur.
Ümid edirik ki, məmurlarımızın Londan mülkləri haqda arayışlar, Böyük Britaniya və bütövlükdə Qərbin repressiv rejimlərə qarşı münasibətlərində bir dönüş nöqtəsi olacaq.