Şuşalı “xalq düşməni”Xəlil Ibrahim

Əslim Qarabağlıdır…

30-cu illərin repressiya tufanında həyatı yarımçıq qalan günahsız şəxslər arasında yüzlərlə yazıçının da adı var. Azərbaycan ziyalı təbəqəsini təmsil edən bu insanların bir hissəsi o illərdə dəlilsiz-sübutsuz gülələnmiş, bir hissəsi isə uzaq sürgünlərdə həyatını itirmişdir. O dövrün dəhşətli fəlakətləri içində ömrünə nöqtə qoyulan, haqsız ittihamlarla güllələnən yazıçılardan biri də əslən Qarabağdan olan Xəlil Ibrahimdir.
Xəlil Ibrahim oğlu Ibrahimovÿ1892-ci ildə Şuşada sənətkar ailəsində anadan olmuşdur. 1907-ci ildə atası vəfat etdikdə o məktəbdə oxuyurdu. Atasının vəfatından sonra xalça toxuyan anasının himayəsində qalan Xəlil böyük çətinliklərlə üzləşmişdir. O, Şuşada Azərbaycan – rus məktəbində, Şuşa və Bakı Realnı məktəblərində oxumuşdur. 1909-10 illərdə təqaüd almadığından təhsili yarımçıq qalmış, 1911-ci ildən Sarıcalıda ev şəraitində Qasım bəy Zakirin nəvələrinə dərs demişdir. Gənc yazıçı “Kənd həyatından lövhələr” adlı ilk oçerkini də orada yazmışdır. Bu oçerk 1913 ildə “Səda qəzetində dərc olunmuşdur. Beləliklə, Xəlil Ibrahim ibtidai təhsilini ÿaldıqdan sonra ailəsi ÿBakıya ÿköçür. Gənc Xəlil təhsilini Bakıdakı realnı məktəbdə davam etdirir. Burada təhsilini başa vurduqdan sonra – 1912-ci ildə ”Nəşri-maarif” cəmiyyətininÿ Əmircandakı məktəbində müəllim işləyir. Eyni zamanda, bədii yaradıcılıqla da məşğul olur, müxtəlif janrlarda qəzetlərə məqalələr yazır. O zaman zəmanəsinin maarifpərvər ziyalıları ilə bir sırada dayanan Xəlil Ibrahim “Səda”, “Açıq söz”, “Iqbal”, “Bəsirət”, “Qurtuluş yolu” kimi demokratik ruhlu mətbuat orqanlarında fəaliyyət göstərmiş, hətta bəzilərinə qısa müddətdə redaktorluq da etmişdir.
Bu dövrdə Bakıda gedən ciddi ictimai-siyasi proseslərə cəlb olunan Xəlil Ibrahim “Müsavat” partiyasına üzv yazılmış, onun Şuşa şəhər özəyinin katibi olmuşdur. Həmin ərəfədə Bakıda cərəyan edən hadisələr yaxın gələcəkdə ölkədə mühüm dəyişikliklərin olacağından xəbər verirdi.
1918-ci ildə Azərbaycanda Xalq Cümhuriyyətinin qurulması ölkənin tarixində misli görünməmiş böyük bir hadisə idi. Amma bu tarixi mərhələ həm də ölkə ziyalılarının qarşısına böyük məqsədlər qoyurdu. Yeni bir cümhuriyyət üçün müdafiə və təhlükəsizlik nə qədər önəmli idisə, maarifçilik, elm və təhsilin inkişafı da o qədər vacib idi. Buna görə də, yeni hökumət təcili olaraq qarşıda duran çətin vəzifələrin yerinə yetirilməsi istiqamətində addımlar atmağa başladı. Bütün fəaliyyət sahələrində islahatların, yeni layihələrin başlanması üçün təxirəsalınmaz tədbirlər görülməli idi. Bu tədbirlərin əsas yükü ölkənin ali təhsilli, yüksək intellektual qabiliyyəti olan ziyalıların öhdəsinə düşürdü.
“Azərbaycan” qəzetinin redaktoru
Bu öhdəliklərə çiynini verən fədakar şəxslərdən biri də X. Ibrahim idi. Qeyd edildiyi kimi, əvvəlcə bir çox qəzet və jurnallarda işləyən X.Ibrahim bəzən müxbir, bəzən də redaktor kimi çalışmışdı.ÿBelə bir dövrdə o, 1919-cu ildə qəzetin ÿ4 iyulÿ 216-cı nömrəsindənÿ 1 sentyabrÿ 265-ci nömrəsinə qədər Azərbaycan Xalq Cümhuriyyətinin orqanı olan “Azərbaycan” qəzetinin redaktoru oldu.
Eyni zamanda o, həmin il yaradılmış Jurnalistlər və ədiblər ittifaqının sədrinin müavini kimi fəlaiyyət göstərməyə başladı. Onun üzərinə böyük bir vəzifə düşürdü. Yeni hökumətin rəsmi orqanı kimi işi düzgün qurmaq, təbliğatı yerli-yerində və əsaslı aparmaq heç də asan məsələ deyildi. Yaradıcı heyət gərgin iş rejimində, böyük ruh yüksəkliyi ilə, yorulmaq bilmədən gecə-gündüz çalışırdı. Çünki X.Ibrahim ölkənin müstəqillik qazanmasını qanıyla-canıyla istəyən şəxslərdən idi və Azərbaycanın işıqlı gələcəyi üçün əlindən gələn hər şeyi etməyə hazır idi. O, ölkənin müxtəlif yerlərində Azərbaycanın müstəqilliyini istəməyən pozucu düşmənlərə qarşı mübarizə getdiyi bir məqamda, “Azərbaycan”ın da bir mübarizə meydanı, bir tribuna olduğunu anlayırdı. Redaktor olduğu müddətdə qəzetin səhifələrində onun müxtəlif mövzularda məqalələri yer alırdı. Bu mərhələdə böyük çətinliklərə baxmayaraq, Azərbaycan qısa zamanda öz ordusunu, dövlət orqanlarını, təşkilatlanma işini qurmağa müvəffəq olmuşdu. Artıq Azərbaycan dünya dövlətləri tərəfindən də müstəqil ölkə olaraq tanınırdı. Qara günlərin yaxında olduğunu, vətəninin böyük qurbanlar bahasına qazanılmış istiqlaliyyətinin və ən qiymətli dəyərlərinin rüzgarlı bir tufana sovrulacağını haradan bilərdi ki?..
Güllələnməyə məhkum…
1920-ci ildə bolşeviklərin aprel işğalından və Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra da X. Ibrahim bədii – publisistik fəaliyyətini davam etdirmişdir. Onun yazıları “Kommunist”, “Ədəbiyyat”, “Kəndçi” qəzetlərində, “Maarif – mədəniyyət” jurnalında dərc olunmuşdur. Ədəbiyyat tariximizdə daha çox ədəbiyyat, mədəniyyət xadimi, ictimai xadim, görkəmli jurnalist, tənqidçi, teatrşünas və tərcüməçi kimi tanınan Xəlil Ibrahim sonrakı dövrdə də ədəbi-bədii yaradıcılıqla məşğul olurdu. O, xalqın azadlıq mübarizəsinin sönməyəcəyinə inanırdı.ÿ1923-cü ildə Azərbaycan Mərkəzi Icraiyyə Komitəsinin nəzdində elmi terminologiyanın işlənib hazırlanması üzrə komissiya yaradıldı. Xəlil Ibrahim əvvəlcə bu komissiyanın üzvü, sonra isə məsul katibi seçildi. O, müxtəlif sahələr üzrə terminologiyanın hazırlanmasında fəal iştirak edərək, komissiyanın “Dilimizin silahı” adlı mətbuat orqanının redaktoru oldu.ÿ1930-cu ildən başlayaraq “Azərnəşr”də bədii ədəbiyyat üzrə redaktor işləyən X.Ibrahimin ictimai-siyasi ədəbiyyatın, dünya ədəbiyyatı klassiklərinin (Şekspir, Şiller, A.Tolstoy və başqaları) ana dilimizə tərcüməsində xüsusi əməyi var. O, ictimai-siyasi məsələlərə, mədəni-maarif, teatr, dil və ədəbiyyat problemlərinə aid 200-dən çox məqalənin müəllifidir.
30-cu illər repressiyaları gələndə əsas hədəf olaraq düşünən beyinlər hədəf alındı. Əslində, ittiham, həbs və ölüm fərmanı üçün bəhanəyə də ehtiyac duyulmurdu. Repressiya qılıncı bildiyini edir, qarşısına çıxanı kəsib-tökürdü. Xəlil Ibrahim üçün əsas bəhanə ortada idi. O, 1920-1930 – cu illərdə gizli fəaliyyət göstərən “Müsavat”ın sıralarında Azərbaycanın müstəqilliyi uğrunda mübarizəsini davam etdirirdi. Elə 1938-ci ildə həbs olunması da “müsavatçı” ittihamı ilə bağlı idi. Bir gecə gözlədiyi kimi, onun da qapısı döyüldü. “Xalq düşməni” kimi sorğu-sualı bir neçə gün çəkdi. Yazıçı həbs olunduqdan sonra Azərbaycan SSR Xalq Daxili Işlər Komissarlığı üçlüyünün 1938-ci il 11 mart tarixli qərarına əsasən güllələndi.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir