Arif Əliyev
Isaxan Novruzdan sonra axşamtərəfi zəng elədi. Mən şəhərkənarı bağda ağac sulayırdım. Onun haradan zəng etdiyini isə bilmirdim. Təsəvvürümdə xəstə yatağı canlanırdı, ona görə soruşmadım. Amma o, çox gümrah danışırdı. Mən Aşurovun bu səsinə vurğunam. Dünən Qulu Məhərrəmli və Zeynal Məmmədli ilə birlikdə onu xatırladığımızı deyəndə isə, lap çiçəyi çırtladı.
Biz çox danışdıq. Ordan, burdan. Amma nədən danışmağımızın bir o qədər də əhəmiyyəti yoxdu, hər ikimiz söhbəti uzadırdıq. Sonda ehtiyatla səhhətini xəbər aldım. Güldü, dedi, hər şey, demək olar, arxada qalıb. Bakıya dönən kimi görüşmək təklifimi qulaq ardına vurdu, Qulu ilə Zeynalın əl telefonlarını soruşdu və vidalaşdı.
Başa düşmədim ki, həmişəlik vidalaşır.
Yaddaşımda Isaxan Aşurov haqqında, bu sonuncu zəngdən savayı, nə qalıb? Isaxanın məni şaşırdan ölüm xəbəri ilə çilik-çilik olmuş xatirələrimi bir-birinə calamaq istəyirəm. Alınmır. Çiliklər, ancaq çiliklər! Onlardan birində hələ sovet vaxtı Tovuz rayonunun milis şöbəsində istintaq bölməsinin rəisi işləyən Aşurov əməkdaşlarına Azərbaycan dili dərsləri keçir, həmkarlarını başa salmağa çalışır ki, hətta ittiham aktı da ürəkbulandırıcı dəftərxana üslubunda deyil, adam dilində yazılmalıdır, çünki o – adam haqqındadır. Digərində Qazax rayonunun polis rəisi Aşurov 3 iyun 1993-cü ildə Surət Hüseynovun Seyfəli kəndi yaxınlığında yuva salmış dəstəsinin əsir götürdüyü üzvlərini dindirir (mən həmin dindirmənin şahidi olmuşam). Ardınca Surət Hüseynovun komandirlərindən biri Aşurova qiyamçıların tərəfinə keçmək müqabilində yağlı mükafat gətirmişdi. Isaxan ona zabit şərəfini ləkələmək təklifi ilə müraciət etmək cəsarətində bulunmuş adamın çənəsini əzmişdi. Mən həmin hadisənin şahidi olmamışam, amma əsl şücaət nümunəsi sandığım bu hərəkətinə görə sonradan həbsxanaya salınanda, gigiyenik məqsədlərlə istifadə üçün Isaxana sarımsaq aparmışam. Absurd! Dövlət ona sədaqətini sonadək qorumuş, həyatını təhlükə altına ataraq, konstitusion quruluşu müdafiə etmiş bir məmuruna “sağ ol” demək əvəzinə, cəza verdi.
Yadımdadır ki, bir neçə il əvvəl Isaxana vətəndaş cəmiyyəti haqqında kiçik filmimizdə kadrarxası mətni oxumağı təklif edəndə, o, az qala, incidi: “Mən diktor deyiləm!” Axı Aşurovun doğrudan da çox gözəl səsi və filmin həsr edildiyi vətəndaş cəmiyyətinin təşəkkülündə dəyərli rolu var idi. Nə yaxşı, onda Isaxanı dilə tuta bildim. Məndə onun ecazkar səsininin başqa bir yazısı qalmayıb.
Bir də ilk görüşümüz yadımdadır. Danışmayacağım, sizi iki ildir üzərində işlədiyim, yekə çıxmasın, roman-reportajımın Isaxanla bağlı bir epizodu ilə tanış edəcəyəm. Əsəri ad günümədək bitirməyə tələsirəm. Axı həyat, narın Abşeron qumu kimi, adamın barmaqları arasından süzülüb gedir. Necə ki Isaxan Aşurovun uzun, yaraşıqlı və hələ qocalmamış barmaqları arasından axıb qurtardı. Bir də ovcunu açanda görəcəksən, dənəsi də qalmayıb?
“1990-ci il mart ayının 25-dir. Azərbaycanlılarla ermənilər arasında toqquşmalar hələ ki, irimiqyaslı müharibəyə çevrilməyib. Kəndlərdə, şəhərlərdə qan tökülür, qaçqınların sayı sürətlə artır, amma heç kim heç kimin sərhəddini pozmayıb, ərazisini tutmayıb. Dünənə qədər. Martın 24-u ermənilər gecəynən sərhəddi keçib, Bağanis Ayrıma giriblər, kəndi dağıdıblar, on nəfəri qətlə yetiriblər, qalanlar başını götürüb qaçıb. Ertəsi gün artıq Qazaxda ezamiyyətdəyəm, mərkəzi parkda Bağanis Ayrımlı qaçqınlarla söhbət edirəm. Hərə bir şey danışır, bilmirsən, hansına inanasan. Qonşu rayonun milis şöbəsindən Isaxan Aşurov da buradadır. Bölgədə ad çıxardıb. Aşurov təklif edir ki, onunla Bağanis Ayrıma gedim, vəziyyəti öz gözlərimlə görüm, çəkiliş aparım. Deyir, əmindir ki, kənd boşdur, ermənilər ora kənardan nəzarət edirlər. Aşurovun sürücüsü Mahir bizi Bağanis Aryıma sərgüzəştsiz çatdırır. Adam inanmır ki, Allahın cənnət misalı yaratdıb meyvəli bağlarla, soyuq bulaqlarla əhatə etdiyi bu füsunkar məkanda insan insanın ətini yeyir, qanını içir. Havadan qorxu və cəsəd iyi gəlir. Sükut hörümçək toru kimi kəndi sarıb, acağların budaqlarından sallanıb, elə bil cəmi bir gün yox, yüz ildir ki, burada hökmranlıq edir. Hətta itlərin də səsi gəlmir. Kənddə yüzə qədər təsərrüfat var, salamatı azdır, çoxu yağmalanıb, dağıdılıb, bir neçəsi yandırılıb. Yanmış evlərdən birində beş cəsəd tapırıq. Cəsədlər kömürə döndüyündən hansının cavan, hansının qoca olduğunu ayırd edə bilmirəm, amma biri lap körpədir, dəmir beşikdə külü qalıb. Qaçqınlar deyirdilər axı, Əsliyevlərin evinə od vurdular, heç kim çıxa bilmədi. Yəqin, onlardır. Aşurov hirsindən dodaqlarını gəmirsə də, kameranı əlindən yerə qoymur, mənim əvəzimə işləyir. Mənsə tez-tez udqunuram ki, ürəyim ağzıma gəlməsin. Bayırda keşik çəkən Mahir bizi çağırır: ”Gəlin, gedək, burada çox qalmaq olmaz”…
Bir dəfə, uzun illər sonra, o günləri yada salıb, populyar “Nəyin uğrunda mübarizə aparırdıq?” mövzusuna keçid etdim. Isaxan dedi: “Biz nəfəsimizlə hovura-hovura böyük bir buz dağını əritdik, indi onun çamurluğundan keçmək məcburiyyətindəyik”. Bu müdrik sözlərin kimə məxsus olduğunu soruşdum. Nihal Atsızı nişan verdi. Mən Atsızın bütün yaradıcılığını ələk-vələk elədim. Orada bənzər bir cümlə tapmadığımı Isaxana deyəndə, həmin söhbətimiz heç yadına da düşmədi.
Bəlkə bu kəlam, taleyin öncəgörməsi, elə Aşurovun özünə məxsus imiş?
Əminəm.., yox, əmin deyiləm, ümid edirəm ki, Isaxanın qarşısında günahım yoxdur. Bəs onda Azərbaycanın çox ləyaqətli və dəyərli bir insanının Vaşinqton klinikasında gözlərini əbədi olaraq yumduğu barədə xəbər aldığım andan içimdə baş qaldırmış bu günah hissi hardandır? “Hardandır bu qaranlıq kölgə, durnaların həyacan səsi?” Hər dəfə böyük ləyaqət və dəyər sahibi olan bir insan özünü tam realizə etməmiş həyatdan köçəndə, o hiss boğazımdan yapışıb uzun müddət məni rahat nəfəs almağa qoymur: Nəcəf Nəcəfov, Vaqif Ibrahimoğlu… Siz bir sakit güşə tapıb əyləşin, öz növbəsini gözləyən belə insanların siyahısını tutun. Onda görəcəksiniz ki, necə uzun siyahı alınır. Onda başa düşəcəksiniz ki, məmləkətdə kifayət qədər ləyaqətli, vicdanlı, ağıllı insanlar, istedadlı mütəxəssislər var. Və özünüz-özünüzdən soruşacaqsınız, elədirsə, nədən bizim neftdən savayı, keyfiyyətli heç nəyimiz yoxdur: nə təhsilimiz, nə səhiyyəmiz, nə hüquq sistemimiz, nə jurnalistikamız? Soruşacaqsınız ki, bəs bizim üstü bəzək, içi təzək gerçəkliyimizi dəyişməyə qadir olan bu adamlar haradadırlar, niyə onlar yalan-doğru bütün vasitələrlə sıxışdırılıb fəal ictimai həyatdan kənarlaşdırılırlar, jurnalist, rejissor, hüquqşünas kimi bütün bacarıqlarını ortaya qoymadan, böyük istedadlarını cəmiyyətin inkişafı naminə sərf etmədən, Dövlətovun dəqiq ifadə etdiyi kimi, “öz ruhlarının məbədinə” çəkilib qapanmağa məcbur olurlar? Allah Aşurovdan heç nə əsirgəməmişdi: boylu-buxunlu, yaraşıqlı, ağıllı, savadlı, vicdanlı, peşəkar… Amma Yaradan nahaq özünə əziyyət verirmiş. Sistemə bu keyfiyyətlər gərək deyil, o belə insanları inkar edir, onları, ən yaxşı halda, “şübhəli şəxs”, ən pis halda “düşmən” sayır, uzaqlaşdırır, cəzalandırır.
Indi söyləyin, həyatın bu böyük ədalətsizliyinə görə heç olmasa zərrə qədər şəxsi günahınızı hiss etdinizmi? Bəlkə, şerlə deyim? Isaxan bunu xoşlayırdı:
Mahnı qırıq-qırıq, söz heca-heca
O, gözəl səsindən xəbərsiz qaldı –
Kimsə, kal meyvətək, notları tezcə
Vurub not sətrindən – budaqdan saldı.
Gülməli deyilmi? Bircə qarış da!
Bəs niyə gülürük biz axşam-sabah?
Quşu – uçuşunda, atı – qaçışda:
Kimindir bu günah?