KTMT baş katibi Bordyuja Ermənistanı arxayınlaşdırıb
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının son sessiyasında qəbul edilən qərarların icrası prosesini və sentyabr ayında Ermənistanda bu qurumun keçirəcəyi birgə təlimləri müzakirə etmək məqsədi ilə Yerevana səfər edən təşkilatın baş katibi Nikolay Bordyuja Azərbaycana ünvanlanan mesajlar səsləndirib.
Bordyuja bildirib ki, erməni qoşunları işinin öhdəsindən gələ bilməyən zaman KTMT onlara kömək edəcək. Onun sözlərinə görə, təşkilatın Ermənistandakı mövcudluğu bütövlükdə Qafqazda sabitliyin təmin olunmasına xidmət edir. Bordyuja təşktlata üzv olan ölkənin müharibə başlayacağı təqdirdə qurumdan istənilən yardım almaq hüququ var. Ermənistanın bu təşkilatda üzvlüyü Azərbaycanın qarşısını alırmı sualına onun cavabı belə olub: “Əlbəttə, bu digər qonşu ölkələrin qarşısını alır. Çünki tərəfdaşın mövcudluğu, ondan kömək almaq imkanı təhlükəsizlik baxımından vacib məqamdır. Ona görə də Ermənistanın KTMT-də olması bütövlükdə Qafqazda sabitliyi qorumaq baxımından müsbət faktdır”.
Son vaxtlar cəbhə bölgəsində atəşkəsin pozulması fonunda KTMT baş katibinin bu bəyanatı Azərbaycana hədə kimi də qəbul edilə bilər. Lakin rusiyalı rəsmilərin dilində bu kimi bəyanatlar çox səslənib. Bordyujanın özü də dəfələrlə Azərbaycanın ünvanına bu məzmunlu hədələr ünvanlayıb.
Fizzə


