Rusiya da Bəşər Əsədi atdı

Rəsmi Moskva bu ölkəyə “S-300″ raket komplekslərinin satışını dayandırdı

Misirin yeni prezidenti Bəşər Əsədin təbrik məktubuna “Səni tanımıram” cavabı verdi

Suriyada gərginlik davam edir. Ölkənin müxtəlif yerlərində Bəşər Əsədin əmrindəki əsgərlərlə müxalif hərbçilər arasında şiddətli döyüşlər gedir. Həma, Homs, Dəraa şəhərlərində gedən döyüşlərdə tərəflər arasında ölən və yaralananların olduğuna dair xəbərlər yayılıb. Paytaxt Dəməşqin mərkəzi küçərləri də döyüş meydanına çevrilib. Paytaxta nəzarəti ələ keçirməyə çalışan müxalif hərbçilər Bəşər Əsədin əsgərləri tərəfindən ağır texnika və silahlarla atəşə tutulur.
Bununla yanaşı, paytaxdan 20 kilometr cənubda yerləşən Droşua şəhərində hakimiyyətyönlü “Əl-Əhbariyə” kanalı silahlı şəxslərin hücumuna məruz qalıb. Qumbaraatandan açılan atəş nəticəsində kanalın binasında güclü partlayış baş verib, telekanalın 3 əməkdaşı ölüb. Telekanal əməkdaşlarından birinin dediyinə görə, silahlılar televiziyanın iki binasına hücum edib, mühafizəçilərdən bir neçəsini tutublar, sonra isə stansiyanın bəzi hissələrini partladıblar. Qeyd edək ki, “Əl-Əhbariyə” kanalı özəl qurum olaraq qeydiyyatdan keçsə də, Bəşər Əsəd rejiminin mövqeyindən çıxış edir.

Misirin yeni seçilmiş prezidenti Məhəmməd Mursi dünyanın müxtəlif yerlərindən gələn təbrik mesajları alsa da, Bəşər Əsədin eyni məzmunlu məktubunu rədd edib. Mursi Əsədin təbrik mesajına “Suriyanın gerçək nümayəndəsi Əsəd deyil, inqilab mübarizəsi aparan müxaliflərdir. Bəşər Əsəd hakimiyyətini tanımırıq”, deyə münasibət bildirib.
Bəşər Əsəd isə hökumət üzvlərilə görüşü zamanı çıxışında Suriyanın əsl müharibə şəraitində olduğunu və qələbə üçün səy göstərilməsinin vacibliyini vurğulayıb: “Bu gün biz hər tərəfdən aparılan müharibə vəziyyətindəyik. Əgər müharibə aparırıqsa, bütün siyasətimiz və həyatımızın bütün sahələri bu müharibədə qələbə qazanmağa yönəlməlidir”.
Suriya diktatoru həmçinin müxalifət təmsilçilərini “terrorçu” adlandırıb.
Son günlər Bəşər Əsəd rejiminə hərbi dəstək verməsi üzündən başda ABŞ olmaqla, əksər Qərb ölkələrinin etirazıyla üzləşən Rusiya gözlənilməz addım atıb. Rəsmi Moskva 2012-2013-cü illərdə Suriyaya çatdırmağı nəzərdə tutduğu “S-300″ zenit-raket komplekslərinin (ZRK) satışını dayandırıb. ”Vedmosti” qəzeti xəbəri “S-300″ komplekslərinin istehsal olunduğu dövlət şirkətində çalışan və adı açıqlanmayan iki vəzifəli şəxsə istinadən yayıb. Həmin şəxslər qəzetə satışın dayandırılması əmrinin ”yuxarıdan” gəldiyini bildiriblər. Rusiya mediasının yazdığına görə, “S-300″ komplekslərilə bağlı müqavilənin dəyəri 105 milyon dollar olub.
Raket komplekslərinin satışının dayandırılmasıyla bağlı müxtəlif iddialar yayılıb. Bəzi qəzetlər Moskvanın ABŞ və Israili sakitləşdirmək üçün bu qərarı verdiyini yazıb. Başqa bir iddia isə Suriyanın raketlərin pulunu ödəyə bilməyəcək durumda olmasıdır.
Yeri gəlmişkən, Rusiya bundan əvvəl də Israildən gələn etirazlar üzündən Irana “S-300″ raket komplekslərinin satışını dayandırmışdı.
Xatırladaq ki, bu, Rusiyanın Suriya məsələsində NATO-ya ilk güzəşt xarakterli addımı sayılır. Bir sıra Rusiya qəzetləri Suriyanın iyunun 22-də Türkiyə hərbi kəşfiyyat təyyarəsini vurmasını xatırladaraq, NATO-nun bu səbəbdən Suriyaya qarşı sərt qərarlar qəbul etməsinin qarşısını almaq məqsədilə Rusiyanın belə bir addım atdığını yazır.
BMT isə Suriyada baş verənlərlə bağlı Bəşər Əsədi ittiham edən növbəti sənəd hazırlayıb. Təşkilatın Suriya üzrə xüsusi təmsilçisi Can Mark Quhennonun BMT-nin Insan Haqları Şurasına təqdim etdiyi sənəddə qeyd olunur ki, atəşkəs elan olunandan sonra ölkədəki gərginlik daha da artıb. Quhenno Suriya ordusunun ölkə ərazisində insan haqlarını pozmaqda davam etdiyini və vəziyyətin həyəcanverici səviyyədə olduğunu qeyd edib.
BMT təmsilçisi Bəşər Əsədə bağlı qüvvələrin zorla evlərə daxil olduğunu və silahsız insanları vəhşicəsinə qətlə yetirdiyini diqqətə çatdırıb. Eyni zamanda, sənəddə müxaliflərin də ələ keçirdikləri əsgərlərə işgəncə verdiyi və onları öldürdüyü vurğulanıb. Hesabat BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin şənbə günü Cenevrədə keçirəcəyi toplantıdan əvvəl təqdim edilib.

İnformasiya şöbəsi