İranda həbs edilən şairlərimiz casusluqda ittiham olunur

İyunun 28-də İran saytları – “Arannews.ir” və “Rajanews.com” bu ölkədə tutulmuş iki Azərbaycan vətəndaşının narkotik qaçaqmalçılığı və casusluqda ittiham olunduğunu xəbər verib.

“Media forum” saytı bildirir ki, “Arannews.ir” söhbətin hansı Azərbaycan vətəndaşlarından getdiyini qeyd etməyib, ad çəkməyib.

“Rajanews.com” isə söhbətin şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadədən (Şəhriyar Del Gerani) getdiyini yazıb. “Rajanews.com”un məlumatında bildirilib ki, “özünü şair kimi qələmə verən qaçaqmalçılar” Fərid Hüseyn və Şəhriyar Del Gerani Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi ilə əməkdaşlıq edərək Rusiyadan Avropaya narkotik daşımaqla məşğul olublar.

“Rajanews.com” eyni zamanda gənc şairlərin İsrailin “Mossad” xüsusi xidmət orqanı ilə əməkdaşlıqda ittiham olunduğunu iddia edib.

“SalamNews” isə xəbər yayıb ki, İran mətbuatı şairlərimizin elan olunan ittihamları qəbul etdiklərini və onların saxlanma səbəbinin, ittihamın dəlillərinin rəsmi şəkildə Azərbaycan XİN-ə təqdim olunduğunu yazıb.

Fərid Hüseyn və Şəhriyar Hacızadə bu il mayın 2-də Təbrizdə tutulublar. Onlar İrana poeziya bayramında iştirak üçün gediblər.

Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr mərkəzinin rəhbəri Arif Babayev “Media forum”a deyib ki, iki Azərbaycan vətəndaşının Milli Təhlükəsizlik Nazirliyi ilə əməkdaşlıq edərək Rusiyadan Avropaya narkotik daşımaqla məşğul olmaları haqda yazılanlar tam uydurma və cəfəng fikirlərdir: “MTN belə cəfəng və uydurma məlumatları şərh etmir”.