Keçmiş vicdan məhbusu Babək Həsənov həbsin onu daha da mətinləşdirdiyini deyir
“Həbsxanalarda dəhşətli işgəncə var”
Ictimai Palatanın 2 aprel aksiyasına görə həbsə atılan AXCP fəalı Babək Həsənov da artıq azadlıqdadır. Babək Həsənova məhkəmə 1 il 6 aylıq həbs cəzası vermişdi. Qarabağ savaşının ən qaynar nöqtələrində iştirak edən Babək hələ məhkəmə prosesində onu həbslə qorxudanlara güldüyünü demişdi…
– Babək bəy, həbsdən öncəki çıxışlarınızı xatırlayırıq, dediyiniz kimi də oldumu, həbsxana sizi sıxmadı ki?
– Mənim 18 yaşım olanda torpaqlarımızda mürahibə gedirdi. Mən də vətəndaş kimi, özümə borc bilərək, torpaqlarımızın azadlığı naminə vuruşdum. Bir neçə dəfə yaralandım, mühasirəyə, hətta morqa düşdüm. Yəni, Vətən torpaqlarının azadlığı üçün dəfələrlə ölümlə göz-gözə gəldim. Qoşulduğum növbəti mübarizə isə ölkəmizin demokratiyaya qovuşması üçündür. Məni qanunsuz olaraq həbsə atmaqla bu yoldan çəkindirmək qətiyyən mümkün deyil. Öz yolumda qətiyyətliyəm və sonacan varam.
– Doğrudanmı həbsxana sizə təsir etmədi?
– Siz necə təsir gözləyirdiniz ki? Məni həbsə atanlar da bilirdi ki, onların başa düşdüyü formada “ağıllanmağım”, “islah olunmağım” mümkün deyil. Mən kifayət qədər məhrumiyyətlər görən insanam, həbsxana isə beləsi üçün çətin ola bilməz. Əksinə, həbs müddətində daha da mətinləşmişəm, möhkəmlənmişəm. Bu həbs mənim üçün heç bir halda gözlənilməz, ciddi sınaq sayıla bilməz. Uzun müddətdir ki, çətinliklərə özümü əvvəlcədən hazırlamışdım.
– Siz Qarabağ qazisisiniz, ölkədə də hər an müharibə təhlükəsi var. Sizcə, başınıza gələn bu hadisə döyüş yoldaşlarınıza, gələcək döyüşçülərə necə təsir edib?
– Mən bu haqda nəzəri danışa bilərəm. Çünki onların nə düşündüyünü dəqiq bilmirəm. Əlbəttə, cinayət edən hər kəs, mövqeyindən, statusundan asılı olmayaraq, cəza çəkməlidir. Söhbət Qarabağ qazisinin günahsız yerə həbsə atılmağından gedirsə, burada vətənpərvərlik siyasətindən söz gedə bilməz. Necə ola bilər ki, torpaqlarının 20 faizi işğal altında olan ölkədə bir döyüşçü sadəcə, konstitusion hüququndan istifadə etdiyinə görə həbsə atılır? Bu, insanlarda ruh düşkünlüyü yarada bilər.
Mən yalnız özüm haqda daha dəqiq danışa bilərəm. Bu ədalətsiz həbs mənim vətənimə, torpağıma sevgimi qətiyyən azalda bilməz. Bilirəm ki, indi bu cür fikirlər çox populist görünür, çünki vətən, torpaq təəssübkeşliyi olmayanlar bu dəyərləri gözdən salıb. Ancaq mən keçmişilə bu dəyərlərə bağlı olduğunu sübut edən adam kimi, yenə də həmin hisslərimə sadiqəm. Günü sabah döyüş başlasın, ön sıradayam. Biz bu ölkəni, vətəni bizi günahsız yerə həbsə atan insanlara görə sevməmişdik ki, indi də onlara görə bu sevgidən üz döndərək…
– Sizcə hakimiyyət günahsız insanı həbsə atmaqla və bir ildən çox zindanda saxlamaqla cəmiyyətin gözünü qorxutmağı bacardımı?
– Əsla. Hə, bu qorxaqlar üçün bəhanə ola bilər. Amma düşünürəm ki, hakimiyyətin planı əks-effekt verdi. Cəmiyyət artıq bizi görür, niyə tutulduğumuzu, həbsxanada və çıxandan sonra hərəkətlərimizi izləyir. Hamı gördü ki, azadlıq və demokratiya kimi müqəddəs amallar uğurunda mübarizə aparan insanları həbslə qorxutmaq olmaz. Biz xofu qırdıq. Həbsxana bir məktəbdir deyirlər, hətta onu “kişilik məktəbi” adlandıranlar da var. Hər kəsin yolu ordan düşə bilər.
– Bu həbs sizə daha ehtiyatlı siyasi davranış diqtə etməyəcək ki?
– Mən hələ həbsxanada olanda yanıma gələn qardaşlarıma, əqidədaşlarıma dedim ki, çöldə bilsəydim ki, həbsxana budur, daha çox mübariz olacaqdım. Yəni, heç bir ehtiyatlılıqdan, çəkingənlikdən söhbət gedə bilməz. Əksinə, bundan sonra bütün gücümü demokratiya istiqamətində olan məqsəd və istəklərimiz üçün sərf edəcəyəm.
– Həbsdə olduğun dövrdə dostların necə çıxdı bu sınaqdan?
– Təəssüf ki, bu haqda yüz faizlik müsbət cavab verə bilməyəcəyəm. Həqiqətən, bu baxımdan həbsxana yaxşı sınaq oldu. Bəzi dost saydığım insanlarla bağlı yanıldığımı bildim, amma çoxlu yeni dostlar da üzə çıxdı.
– Minlərlə etirazçı insan içindən nəyə görə məhz səni seçdiklərini düşündünmü?
– Bəli, düşündüm və mənə qaranlıq bir şey qalmadı. Bu, mənim fəal mövqeyinə görə baş vermişdi. 2 aprel mitinqindən öncə də mən bir sıra aksiyalarda, məsələn, Həzrəti Fatimə məscidinin sökülməsinə qarşı, hicabın qadağan olunmasına qarşı aksiyalarda olmuşdum, saxlanılmışdım, xəbərdarlıq edilmişdi. Bütün bunlara görə məni cəzalandırırdılar.
– Siz əfv ərizəsi yazmadan azad olunanlardansınız. Sizə belə bir təklif gəlmişdimi?
– Bəli.
– Reaksiyan necə olmuşdu?
– Bizi sanki bu ərizə məsələsilə mənəvi terror edirdilər. Aramızda psixoloji dava gedirdi. Bəzən elə olur ki, əfv fərmanı verilib, amma müəssisə rəhbəri gəlib ki, siz ərizə yazın, iki saata çöldəsiniz. Təbii ki, bu cür təklifləri biz rədd edirdik.
– Psixoloji təzyiqdən başqa bir şey olurdumu? Məsələn, şantaj…
– Yox, bizə qarşı bir qayda olaraq, psixoloji təzyiq göstərirdilər.
– Niyə əfv ərizəsi yazmırdınız? Daha tez azadlığa çıxıb yenidən mübarizəni davam etdirmək olmazdımı?
– Xeyr, mən bunu qəbul etmirəm və açıq deməliyəm, günahsız olduğu halda ərizə ilə çıxanlara yaxşı baxmıram. Mənim prinsipim bu idi: cinayətim yoxdursa, etmədiyim əmələ görə niyə əfv diləməliyəm? Təklif gələndə də özüm üçün dedim ki, buradan qüruruma, ləyaqətimə xələl gəlmədən çıxacağam, ərizə-filanla yox.
– “Içəridə” məşğuliyyətin nədən ibarət idi? Günləri necə ötüşdürürdün?
– Standart bir həyat idi. Kitab, qəzet oxuyurdum, idman edirdim, televiziyaya baxırdım.
– Dustaqlar arasında həmfikir qazandığın oldumu?
– Həbsxanada ümumi səviyyə çox aşağıdır. Dustaqların çoxu aparılan mübarizədən, demokratiyadan xəbərsizdir. Amma bütün insanların içində ədalət istəyi var. O baxımdan bizim diskussiyalarımız alınırdı və dustaqlar bizə rəğbət bəsləyirdilər. Onlardan bir neçəsi mənə söz verib ki, azad olunan kimi bizim sıralarımıza qoşulacaqlar.
– Məhbusların saxlanma şəraiti haqqında nə deyə bilərsiniz? Çünki sizin həbsxanadan bu məsələ ilə bağlı narahatlıq dolu bir müraciətiniz vardı…
– Qara dustaqların saxlanma şəraiti çox bərbaddır. Onlara insan kimi qayğı yoxdur. Indi baxıram ki, bəziləri həbsxanadakı təminatı müxtəlif formada tərifləməyə başlayıb, amma bunların hamısı yalandır. Həbsxanalarda özbaşınalıq var, qanunlar orada işləmir. Müəssisə rəhbərinin kefi necə istəyirsə, elə də qaydalar quraşdırır. Həbsxanalarda işgəncə, özü də dəhşətli işgəncə faktları var. Bunların bəziləri mənim gözlərim önündə baş verib. Təminatsa bərbad vəziyyətdədir, sovetdən qalan kazarmalar, avadanlıqlar və s.
– Bu vəziyyətlə əlaqədar nəsə edəcəksinizmi?
– Bəli, biz dustaqlara normal şərait yaradılması üçün bir sıra işlər planlaşdırırıq. Elə bu yaxınlarda keçmiş vicdan məhbusları ilə yığışıb dövlətə, beynəlxalq təşkilatlara içəridəki vəziyyətin acınacaqlı olmasıyla bağlı müraciət edəcəyik.
– Artıq azadlığa çıxmısan, yaxınlaşıb “daha bəsdir, çəkil bu yoldan” deyənlər varmı?
– Belələri həmişə var, ancaq özünün insanlıq missiyasını dərk edən adamlara bu cür dayaz məsləhətlər təsir edə bilməz. Bizim yolumuz haqq yoludur, inşallah bu yolda bizi qələbə gözləyir.
Natiq