Əliyev Qərbə “bərkidildi”

Trans-Anadolu qaz kəməri Türkiyəni regionda daha bir addım önə çıxardı

Putin Rusiyası yenidən Qərb əleyhinə sərt bəyanatlara başladı. Amma bu bəyanatların arxasındaki tək real iş Suriyaya hərbi müdaxiləyə qoyulan embarqodan o tərəfə keçmir. Moskva bütün cəbhə boyu sərt xarakter nümayiş etdirir. Məsələn, Xəzər hövzəsində də Qərbə güzəşt etməyəcəyini açıq şəkildə dilə gətirir. Bütün hallarda, Kremlin bu qəzəbini hücumu öz sərhədlərindən daha uzaqda qarşılaması kimi qiymətləndirmək olar. Söhbət təbii ki, əsas oyunçularından biri də Türkiyə olan Qərbin hücumundan gedir.
Bu gün Suriyada olduğu kimi, Xəzər hövzəsində də Rusiya ilə üz-üzə olan Türkiyədir. Bugünlərdə Istanbulda imzalanmış qaz sazişi də bu baxımdan diqqəti cəlb edir. Trans-Anadolu qaz kəməri sazişi son günlərdə regionun ən mühüm hadisəsi sayıla bilər. Bunu bir neçə aspektdən qiymətləndirmək mümkündür.
BIRINCI – Ilham Əliyevin hələ “WikiLeaks”in açıqladığı teleqramlarda dediklərini nəzərə alsaq, məlum olar ki, bu saziş onun regional strategiyasına zidd olaraq, ortaya çıxıb. Yəni, regionda Türkiyənin enerji mənbəyi kimi güclənməsini istəməyən Əliyevin bu sazişi imzalaması proseslərin onun iradəsindən asılı olmayaraq davam etdiyini deməyə əsas verir.
IKINCI – Bu saziş iki türk dövləti arasında imzalanıb. Hazırkı qlobal tendensiyada dəfələrlə Azərbaycan hökumətinin Türkiyə ilə birgəlik nümayiş etdirməli olduğu halda, başqa mövqelərdən çıxış etməsi iki ölkə arasındakı münasibətləri xeyli gərginləşdirmişdi. Bu saziş hazırkı həssas məqamda Türkiyə ilə Azərbaycan arasında bir qədər yaxınlaşmanı təmin etdi.
ÜÇÜNCÜ – Sirr deyil ki, bu sazişin imzalanması daha çox Rusiyanı narahat edir. Bunun başlıca səbəbi də odur ki, Türkiyə bir türk dövləti olaraq, eyni zamanda, NATO üzvü kimi, Azərbaycan üçün yaxın qardaş və strateji tərəfdaşdır. Bu yaxınlıq Azərbaycandakı siyasi rejimin maraqlarına uyğun olmasa da, müttəfiqliyin təbii aspektləri Azərbaycan üçün Türkiyəni hər zaman bir addım yaxında tutub. Son saziş isə bu yaxınlaşmanı daha da gücləndirdi və Rusiyanın maraqlarına ciddi zərbələr vurdu.

Qərbin real cavabı

Unutmaq olmaz ki, Azərbaycan təkcə özünün resursları və faydası baxımından deyil, eyni zamanda, Xəzəryanı Orta Asiya ölkələrilə əməkdaşlığın dərinləşməsi kontekstində də həm Türkiyə, həm də bütövlükdə Qərb üçün ciddi əhəmiyyətə malikdir. Bu baxımdan Ilham Əliyevin dəfələrlə bu tendensiyaya qarşı çıxmasına və Kremldən sərt bəyanat dəstəkləri almasına baxmayaraq, belə bir praktik addımın atılması onu Qərbə “bərkitdi”. Türkiyə isə həmişə olduğu kimi, stabil addımlarında daha qərarlı görünür. Cənubi Qafqazın yeni qlobal təhlükəsizlik sistemində ciddi ağırlıq qazanması üçün ABŞ-Gürcüstan müttəfiqliyi səviyyəsində Türkiyə-Azərbaycan yaxınlaşması qaçılmazdır. Bu qaz sazişi isə sözügedən perspektivin alternativsiz yol olduğunu deməyə əsas verir.
Kreml hələlik sözdən o tərəfə keçə bilmir. Bu isə Ilham Əliyevin istəmədiyi addımları atmağa məcbur olmasıyla nəticələnir.

Seymur Həzi