Adətən polis şöbələrinin qənşərində bir lövhə olur. Lövhədə şüşənin altında bir xeyli adamın solmuş, bozarmış şəkli görünür, başda isə iki rəngli flamasterlə yazılır: “Polis onları axtarır”.
Yadımdadı ki, Əliyev hakimiyyətinin ilk illərində hansısa polis idarəsində eks-prezident Ayaz Mütəllibovun şəklini görüb təəccüblənmişdim. Axı polis onu necə axtarırdı? Hamı bilirdi ki, Mütəllibov o qaçan Rusiyaya qaçıb. Burdan siyasi şəxslər, jurnalistlər gedib onunla görüşür, fikirlərini mətbuatla yayırdılar. Polis isə axtarırdı.
Ikinci dəfə belə lövhəyə başqa bir polis idarəsində qarşılaşmışdım, ancaq hansı olduğunu unutmuşam. Rayonu səhv sala bilərəm deyə, ad çəkmirəm. O vaxt, yəni 2000-ci ildə “Millətin səsi” qəzeti bir “erməni qızı” tapmışdı. Eşələdikcə məlum oldu ki, qız erməni deyil, rayonlarımızın birindəndi, narkotik alverçiliyində vasitəçidi, ancaq iş böyüyəndə bilindi: onu elə axtarıldığı polis idarəsində çalışan biri “saxlayır”. Nə isə, o iş çox böyüdü. Bu məsələdə çox qəzetçilər yaxşıca yararlanaraq həmişəlik çörəyə çatdılar, kimi özünün DIN-lə təminatlı və daimi əlaqəsini qurdu, kimi müxalif jurnalistikadan hakimiyyətin qucağına tullandı, kimi də öz yanlışını unutmaq üçün sərxoşluğa qurşanıb, dünyasını dəyişdi.
Üçüncü təəccübüm, Qənimət Zahidin şərlənməsi zamanı oldu. Onun üzünə duran küçə qadını Sevgiladə, sən demə, elə Yasamal rayon polis bölməsindəki lövhədə axtarışa verilibmiş. Onun həmin lövhədəki şəklini çəkib qəzetdə çap etdik. Ancaq iş ondadı ki, Sevgiladə şöbəyə gəlib-gedir, lövhədə öz şəklinə baxır, hətta Yasamal rayon məhkəməsində ifadə verməyə də təşrif buyurur, ancaq polis onu görmürdü ki, görmürdü.
Bunları Sumqayıt Polis Idarəsinin 3-cü polis bölməsində baş vermiş müəmmalı ölümlə bağlı yazını oxuyarkən xatırladım. Hadisədən xəb21əri olmayanlar üçün xatırladım ki, 1964-cü il təvəllüdlü Zəngilan rayonundan məcburi köçkün Xudiyev Ataş Islam oğlu həmin bu idarədə dünyasını dəyişib. Mərhumun qardaşı “Azadlıq”a deyib ki, ümumiyyətlə, qardaşının bölməyə aparıldığından, niyə, nə üçün aparıldığından xəbərsiz olublar, bir də hər şey bitəndən, yəni Ataş polisdə öləndən, morqa aparılıb yarılandan sonra ailəsinə deyiblər ki, onun ürəyi tutub, dünyasını dəyişib. Adama qəribə gəlir: nə üçünsə polis idarəsində dünyasını dəyişənlərin hamısı ürəyindən gedir. Görəsən o idarədə nə var ki, belə olur? Axı ona qalsa, Azərbaycanda hansı müəssisəyə gedirsən-get, orda ürək tutmasının böyük ehtimalı var – məktəblər, xəstəxanalar, prokurorluq, məhkəmələr, hətta MIS-lər… Xüsusən Azərbaycan xəstəxanalarına girən xəstə və onu müşayiət edənlərin oradan sağ çıxma ehtimalı sıfıra bərabərdi, ancaq necə olursa, hamının ürəyi polisdə partlayır… Və sonradan məlum olur ki, mərhumun bədənində hansısa işgəncə izləri, qan ləkəsi var. Hə, istisna üçün deyim ki, yanılmıramsa, Naxçıvanda daha unikal hadisə baş vermişdi. Arayışa görə adam MTN zirzəmisində xərçəngdən ölmüşdü, deyəsən bir günün içində. Təbii ki, oradan verilən arayışa əsasən. Əlbəttə, bu istisnadı və Naxçıvan öz unikallığını burada da qorumuşdu.
Hə, indi də, Ataş. Onu ailəsinə bildirmədən morqa götürür, ekspertizadan keçirir və sonunda deyirlər ki, gəlin, ölünüzə yiyə durun. O, ürək tutmasından ölüb. “Onun köynəyində qan ləkələri var. Xüsusilə köynəyinin yaxalığı qan içindədir. Əgər ürəyi tutubsa, bu qan ləkələri nədir” Meyitin bel hissəsində isə qara zolaq var, – qardaşı deyir. Fikirləşirsən, bəlkə mərhum qan qusub? Görəsən ürək tutanda adam qan qusurmu? Yox qusmur. Sadəcə, bu ölkənin vətəndaşları özləri də bilmədən gecə-gündüz qan qusur, ancaq o qan izləri yalnız dövlət idarələrində baş verən ürək tutmalarından sonra gözə görünür.
Sözün qısası, deyəsən bundan sonra yoxa çıxanları polisin əliylə yox, eləcə, polisdə axtarmaq lazımdı. Ürəyi tutmamış…

Köynəkdə qan ləkəsi
•
•