Hakimiyyət çalışdı amma qarşısını ala bilmədi

Leyla Yunus: “Hakimiyyətin bütün cəhdlərinə baxmayaraq obyektivliyi əks etdirən bir hesabat qəbul olundu”

Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Kristofer Ştrasserin məsul edildiyi problemlə bağlı hazırladığı hesabat Hüquq Məsələləri və Insan Haqları Komitəsində qəbul olunub. Qətnamə layihəsi 26 səs “lehinə”, 22 səs “əleyhinə” qəbul edilib və baxılmaq üçün qurumun payız sessiyasına çıxarılacaq. Kəskin xarakter daşıyan və konkret olaraq Azərbaycanla bağlı məsələləri əhatə edən diskusiyalar iclasdan sonra Ştrasser mətbuat konfransında vurğulayıb ki, Azərbaycanda siyasi məhbuslara dair məruzənin hazırlanması zərurəti ondan irəli gəlib ki, 2005-ci ildən ölkə rəhbərliyi bu sahədə Avropa Şurası ilə əməkdaşlıq etməyib. Ştrasser eyni zamanda bir məqamı da vurğulayıb ki, onun ölkəyə səfərinə və vəziyyətlə yerində tanış olmasına maneçilik törədilməsi ilə bağlı məqam hesabatdan Çavuşoğlunun səyləri ilə çıxarılıb. Amma bununla belə hesabatda Azərbaycanda 89 nəfər siyasi məhbusun olduğu vurğulanıb.
Onu da qeyd etmək yerinə düşər ki, səsvermənin nəticəsindən hakimiyyətin narahatlıq keçirdiyi verilən bəyanatlardan da görünüb. Bundan başqa müzakirələr zamanı hökumətyönlü QHT-lərin Ştrasserin hazırladığı hesabatın obyektiv olmadığı ilə bağlı bəyanatları da işə yaramayıb.
Hüquq müdafiəçisi Leyla Yunus müzakirələrin bu istiqamətdə getməsini və sonda Ştrasserin hesabatının qəbul olunmasını mühüm olay sayır. AŞ PA-nın sessiyasında Azərbaycanla bağlı növbəti sərt qətnamənin qəbul olunması üçün hesabatın gözəl zəmin yaratdığını deyən L.Yunus vurğuladı ki, onun Ştrasserə göndərdiyi bütün siyasi məhbusların adları siyahıya salınacaq: “Beş ay müddətində gərgin iş gördük. Nəticədə Ştrasserin sonuncu hesabatı meydana gəldi. Hakimiyyətin bütün cəhdlərinə baxmayaraq obyektivliyi əks etdirən bir hesabat qəbul olundu”. L.Yunus onu da vurğuladı ki, eyni zamanda hazırda baş verənlər vətəndaş cəmiyyətinin AŞ PA-ya müraciətlərinin nəticəsiz qalmadığını göstərir.
AŞPA-nın Azərbaycan üzrə həmməruziçiləri Jozef Debono Qrex və Pedro Aqramuntin dəyişdirilməsi ilə bağlı məsələyə gəlincə isə L.Yunus vurğuladı ki, bu istiqamətdə hazırda fəaliyyət aparılır və addımlar bundan sonra davam edəcək. L.Yunus vurğuladı ki, həmməruzəçilərin hesabatlarının obyektiv olmadığı ilə bağlı fikirlər artıq AŞ PA-nın prezidenti və baş katibinin diqqətinə çatdırılıb.

Xəyal