Çox əndrabadi situasiya yaranıb: öz ictimai gədalıqlarını saxta müdriklikləri ilə malalamağa çalışan bir təbəqə var, bəzən onların səsi elə ucadan çıxır ki, guya ölkədəki quldurluğa və quldarlığa, yalana və yaltaqlığa qarşı dirəşən bunlardır, hamı bunların yanında gözükölgəlidir.
Belələrinin bir qayda olaraq, ağzı isti yerdədir: rejimin ən müxtəlif proyektlərində yer və babat maaş alırlar, dəxlisiz, ən sonuncu dərəcəli mövzularda cızma-qara etməklə başlarını girləyirlər, hər hansı müxalif və tənqidçi mövqe ortaya qoymaq, taleyüklü məsələlərlə bağlı danışmaq, həlledici mövzularda vicdanlı, ləyaqətli fikir söyləmək lüksünə malik deyillər, dərhal dillərini dartıb boğazlarından çıxararlar, amma üstəlik də həyasızcasına ictimai-siyasi proseslərdə aktivliyə iddialıdırlar, bəzən o qədər həyasızlaşırlar ki, ən ağır şərtlər altında özlərini Azərbaycandakı quldur sistemə qarşı mübarizə aparan insanlara ağıl öyrədəcək, dərs verəcək haqqa sahib hesab edirlər.
Mən bu cür gədalara hər yerdə rastlayıram: çayxanada da, “facebook”da da. Onlar partiyalılığı olan insanları ələ salırlar, hansısa ictimai təşkilatda təmsil olunanlara yuxarıdan aşağı baxırlar, guya, bunlar çox fərqli düşünür, guya, hazırkı mübarizə vasitələri onlara psevdo görünür. Guya, bunlar dəhşətli dərəcədə ağıllıdırlar, guya intellektləri qıcqırıb, guya, rejimə qarşı yeni mübarizə taktikası axtarışındadırlar, guya, dəyişiklik istəyirlər, amma ona görə quldur sistemin proyektlərində yer alıblar ki, sistemi içəridən dağıtsınlar. Guya, Ilham Əliyevlə hər şey aydındır, ona görə də bunlar Ilham Əliyevdən çox, Isa Qəmbəri, Əli Kərimlini tənqid etməklə məşğuldurlar. Guya, bunlar rejimi sevmirlər, amma neyləsinlər ki, rejimin alternativi də yoxdur. Guya, bunlar bu quldur sistemlə açıq döyüşə ona görə girmirlər ki, sistemlə mübarizə aparan heç bir qüvvəyə inamları yoxdur. Guya, müsavatçı, cəbhəçi olmaq ənənəçi olmaq deməkdir, ona görə də özlərini həmin qüvvələrlə bir sırada görmürlər, guya, bunlar daha dərin düşünürlər, guya, bunların zəka səviyyəsi onlara “ənənəvi müxalifət”lə bir yerdə olmaq imkanı vermir, guya, bunlar hamıdan fərqlidirlər, savadlıdırlar.
Ən pisi odur ki, bizim gənc dava arxadaşlarımızın bəziləri belə gədaların yekəbaş təbliğatının tez bir zamanda təsiri altına düşür, 19 ildən bəri davam edən mübarizənin davamçıları olduqlarını açıq-açıq, fəxrlə, qürurla söyləməkdən çəkinir, müsavatçıdırsa – müsavatçılığını, cəbhəçidirsə – cəbhəçiliyini, “Nida”çıdırsa – nidaçılığını, AGT-çidirsə AGT-çiliyini yüksək səslə hayqırmaqdan kompleks keçirirlər. Sanki eyni mövqedən çıxış etməyi özlərinin günahı, təqsiri sayırlar.
Bu, məni üzür, ağrıdır. Bəli, mən 10 ildir yazıram və 10 ildir də eyni şeyi yazıram. Quldura quldur yazıram. Oğruya oğru yazıram. Yaltağa yaltaq yazıram. Indi hansısa ictimai gəda “sən 10 ildir niyə fərqli bir şey yazmırsan, niyə eyni şeyi yazırsan?” deyə gəvəzələyirsə, mən bunu niyə vecimə almalıyam? Bunu deyən gəda məndən əvvəl niyə gedib bir yaptokratın yaxasından yapışmır ki, sən niyə 19 ildir oğurlayırsan? Sən niyə 19 ildir talayırsan? Sən niyə 19 ildir qarnını güdürsən? Sən niyə 19 ildir yaltaqlanırsan? Sən niyə 19 ildir saxtalaşdırırsan?
Rejim ideoloqları bir müddətdir “psevdo” sözcüyünü dövriyyəyə buraxıb və bunu tənqidçi fikir söyləyən hər kəsin adının əvvəlinə yapışdırmaqla məşğuldur. Son illərdə isə bunu ictimai sektorda özünü “müstəqil”, “tərəfsiz”, “intellektual mübarizə tərəfdarı” kimi təqdim edən, “rejimi içindən çökdürmək istəyən”, “hakimiyyətin xarici siyasətini bəyənib daxili siyasətində bəzi problemlər axtaran” gədaların dili ilə legitimləşdirmək istəyir. Nəticədə xeyli dostlarımız təkərə düşür, bu saxta, geydirmə “psevdoçuluq” ittihamı ilə üzləşməmək üçün hətta bəzən müxalif ictimai-siyasi mənsubluqlarını gizlətməyə çalışırlar. Indiki şərtlər altında müsavatçı, cəbhəçi, “Nida”çı, AGT-çi, “Müsbət dəyişiklik”çi onların zəifliyi deyil, üstünlüyü olduğu halda, bundan utanmaq əvəzinə fəxr, qürur hissi keçirməli olduğu halda, ictimai gədaların fitvasına gedir, durduqları səfi, səngəri hayqıraraq söyləməkdən çəkinirlər.
Bu, doğru deyil. Bu, yüngül söyləsəm, ayıbdır. Əliyevçi sistemlə barışmayan, onunla mübarizə aparan, onu dəyişməyə çalışan hər kəs özünü yüksək qiymətləndirməyi bacarmalıdır. Apardığı mücadilənin nə qədər qutsal, nə qədər dəyərli olduğunun fərqinə varmalı və bunu hər kəsə öz üstünlüyü kimi nümayiş və qəbul etdirməlidir. Yoxsa ki, qorxaqlıqlarını, qarınqululuqlarını, köləliklərini, merkantilliklərini saxta müdrikliklə, geydirmə intellektuallıqla pərdələyən, malalayan gədaların rejimin ağzı ilə səsləndirdiyi ittihamlardan kompleks keçirmək, “psevdo”, “ənənəvi” olmadığını sübut etmək üçün özünü gizlətməyə çalışmaq rejimə çalışmağın, onun əlinə işləməyin, onun iradəsinə tabe olmağın bir növüdür, kimsə bunu unutmasın!
Rejim ayrı-ayrı projeləri vasitəsilə yemlədiyi, yalladığı gədaların köməyilə bizi apardığımız mübarizədən, mənsub olduğumuz ictimai-siyasi təşkilatlardan, təmsil etdiyimiz düşərgədən, müdafiəçisi olduğumuz dəyərlərdən və həmin dəyərlərin bərqərar olması üçün seçdiyimiz mücadilə vasitələrindən utandırmağa, çəkindirməyə, soyutmağa çalışır, biz də fərq etməz, ya bilərəkdən, ya da bilməyərəkdən, bu oyuna gedir, bu tələyə düşürüksə, bunu başqa cür qiymətləndirmək heç mümkün də deyil.

Gədalar
•
•