İri cinayətkarların kiçiklərlə davası

Çap olunmayan “Ölüm korpusu” kitabından parçalar…

Təəssüf ki, bu kitabı çap etdirə bilmədim. Azərbaycandakı bütün mətbəələr onu dərc etməyə qorxdular, vəssalam. Əslində isə burada qorxmalı heç nə yox idi. Daha kəskin və daha sərt kitablar yazılır. Nəyə görə qorxduqlarını bilmədim.Hər halda, hesab edirəm ki, adamlar mənim həbsxana xatirələrimi səbrlə və maraqla oxuyacaqlar. Onu “Azadlıq”a verdim. Zatən, həbsxana yazılarının “Azadlıq”a çıxması yaxşı əlamətdir. Xüsusilə də, indi. Hamı gözləyir ki, ya kimlərisə həbs edəcəklər, ya da kimlərisə buraxacaqlar. Belə vəziyyətdə bu yazılar təlimat xarakteri də daşıya bilər. Hər kəs üçün təlimat. Nazirdən tutmuş, dilənçiyə qədər hər kəs orada nələrin və necə baş verdiyini bilməlidir. Hətta prezident belə bilməlidir ki, oralarda nə baş verir…

Əvvəli ötən saylarımızda

Axşam yoxlamasından sonra “ömürlüyün” divarı döyüldü. Yerimə qalxdım. Rauf öz “reşka”sından xısın-xısın güldü:
– Qardaş, sənin məzən olsun. Dünən o nə söhbət idi?! O yazıq nəzarətçinin nə günə düşdüyünü eşidirdim.
– Hə. Olur hərdən belə söhbətlər. Bizim “srokumuz” o qədər də uzun olmaz təbii ki, amma biz də bu balaca vaxtımızı nə təhərsə keçirməliyik. Bizimsə söhbətimiz yarımçıq qalmışdı. Daha çıxa bilməyəcəyini demişdin…
– Daha çıxa bilməyəcəyəm. Əfv komissiyasına ərizə vermişdim. Yaxın bir-iki ilə bu ərizəyə baxıb cəzamı on beş-iyirmi ilə endirə bilərdilər. Amma alınmır.
– Niyə alınmır? Sirr deyilsə…
– Sirr olası bir iş yoxdur. Qarlar əridi.
– …
– 1991-ci ildə Gəncədə bir-iki işimiz olmuşdu. Üç ölüm işi vardı. Izi-tozu da itmişdi. Mənim o zamankı “podelnik”lərimdən biri zonda ağzını boş buraxıb. Söhbət “oper”in qulağına çatıb. “Oper” də bu məsələni boş buraxmayıb. Işin üstünə düşüblər. “Podelnik”imi “raskrutka” eləyiblər, indi Gəncə türməsindədir. Bütün məsələləri, ölüm işlərində mənimlə bir yerdə olduğunu da boynuna alıb. Indi məni bir-iki həftəyə Gəncəyə aparacaqlar. Gedib basdırdığımız adamları çıxarmalıyıq. Onların yeri bəllidir onsuz da. Amma məni də aparacaqlar ki, hadisə yerini təfsilatı ilə istintaqa göstərim. Iş sənədlə-sübutla alınsın deyə.
– Boynuna almaya bilərsənmi?
– Nə boynuma almağın mənası var, nə də boynuma almamağın. Hər üç işdə mənim iştirakımın olduğu, həm də təşkilatçı olduğumu təsdiqləyən dəlil-sübutlar var. Qan adamı tutursa, onun günahından başını gizlədə bilməzsən. Yaxşısı budur ki, gedib onların basdırıldığı yeri özüm göstərəm, o cəsədlərin qalıqlarını çıxarıb normal qaydada dəfn edərlər, bəlkə bunun bir qırıq savabını tuta bildim.
Rauf susdu. Mən də susdum və daha heç birimiz danışmadıq. Handan-hana Rafiq utancaq səslə: “Deyəsən, mənim siqaretim də qurtarıb”, – dedi. “Bu dəqiqə həll edərik”, – deyib çarpayıdan düşdüm, qapını döyüb nəzarətçini çağırdım.
Bir müddət iki daşın arasında qaldım. Ukraynada bir ailəni, Azərbaycanda üç nəfəri “uf” demədən qətlə yetirən bir qatili himayə etmək, onun ehtiyaclarını ödəmək mənim nəyimə lazımdır? Bu adam öldürdüyü insanların həyatını bitirəndə onların yaşamaq ehtiyacının olub-olmadığı ilə maraqlanmışdımı? Indi özü siqaretə, geyimə, yeməyə ehtiyacının olduğunu deyir. Mən ukraynalı mədən müdirinin kim olduğunu öyrənmək belə istəmirəm. Amma Raufun etirafına görə müdiri arvadı və iki azyaşlı uşağı ilə birlikdə evindəcə qətlə yetirib. Sadəcə, pula görə. Pula görə adam öldürməyin cinayət aləminin qanunlarına görə də yaramazlıq olduğunu bir az sonra – zondakı söhbətlərdən öyrəndim. Pul əldə etmək üçün bir başqasını nəinki ona məxsus olan maddi imkanlardan, həyatdan, hətta nəslinin davamçılarından belə məhrum etmək çox nacins hərəkətdir.
Həmin 90-cı illərdə Ukraynanın təkcə Donetsk şəhərində, Raufun şaxta rəisini öldürdüyü bu kriminal şəhərdə 55 səsli-küylü qətl hadisəsi olub və onların hamısı maddi imtiyazlar üstündə baş verib. Əlbəttə, bu 55 ölüm işinin demək olar ki, mütləq əksəriyyəti Donetskin yerli cinayətkar qruplaşmalarının işidir. Onlarla, yüzlərlə adam boğazı kəsilən, başı balta ilə əzilən, avtomobillərin yük yerinə basılaraq naməlum ünvanlara atılan cənazələrlə birlikdə qırılan insan talelərini unuda bilməyəcək. Rauf də bu faciələrdən bir neçəsini yaradıb. Ukraynada və Azərbaycanda. Bu, həmin 90-cı illər idi ki, Sovet imperiyasının çökdüyü ərazidə kimsəsizləşməkdə olan dövlət əmlakının bütün mümkün və qeyri-mümkün vasitələrlə mənimsənilməsi prosesi başlamışdı. O zamanlar bu coğrafiyada sahibsiz əmlak üzərində birmənalı olaraq sərəncam verəcək qanun, güc, hakimiyyət iradəsi yox idi. Kommunist Partiyasının bətnində qanuni imtiyazlar qazana bilən quldurlarla onların imtiyazlarına şərik çıxmaq əzmi ilə ortalığa atılan, siyasi proseslərdə heç bir marağı olmayan bandit qruplaşmaları arasında müharibə gedirdi. Bu qruplaşmalar ictimai rəydə az qala, legitimlik əldə etmiş reket dəstələri şəklində fəaliyyət göstərirdilər. Reket mütəşəkkil cinayətkarlıq forması kimi geniş ictimai baza yaratmışdı. Hətta qanuni haqlar belə, bu qanunsuz dəstələrin vasitəsilə əldə edilirdi. Onlar maliyyə maraqlarının çəkişmələrininə cəlb edilir, çox amansızcasına haqq-hesablar aparırdılar.
Rauf reket qruplaşması deyildi. O özünə Günəş altında yer axtara-axtara Ukraynaya gedib çıxmışdı. Görünür, Azərbaycanda insanları öldürməklə onların boş qalmış yerində özünə güzəran qura bilməyəcəyini dərk edərək fəaliyyətini başqa ölkədə davam etdirmək üçün Ukraynaya üz tutubmuş. Bu, həmin zamanın fəlsəfəsi idi. Az müddət sonra bu coğrafiyadakı siyasi hakimiyyətlər reketçiliyi bir fəaliyyət forması olaraq bandit qruplaşmalarının inhisarından aldılar. Siyasi hakimiyyətlər reketçiliyə əl qoydular və maddi imtiyazlar uğrunda mübarizəyə dövlətin inzibati strukturlarını soxdular. Azərbaycanda bu inzibati imkanlar Əliyevlərin, Rusiyada Putin qrupunun, Ukraynada Kuçma hakimiyyətinin, Özbəkistanda Islam Kərimovun, Qazaxıstanda Nursultan Nazarbayevin… əlinə keçdi. Amma bu prosesin başlanmasına hələ bir müddət vardı. Rauf Azərbaycanın hələ düz-əməlli Gəncə ola bilməmiş Kirovabad şəhərində üç nəfəri qətlə yetirib Ukraynaya getmiş, orada bir daş kömür mədəninin rəisini və onun ailəsini öldürüb yaxalanmışdı. Bu, nəhəng bir ərazidə, geosiyasi məkanda baş qaldıran vəhşi bir prosesin, hamının hamıya qarşı müharibəsinin xırdaca bir epizodu idi. Rauf bu prosesdən kənarda qala bilərdimi? Allah bilir. Hətta cinayətkar aləmin belə, ittiham etdiyi pula görə adam öldürmək taktikasına müraciət Raufun kəşfi deyildi ki! Sovet hakimiyyəti dağılanda bu siyasi məkanda mövcud olan bütün qayda və qanunlar deqradasiya mərhələsini yaşayırdı. Cinayətkar aləm də çürümə prosesinə qədəm qoymuşdu. Cinayətkar aləmi idarə edən “qanuni oğrular” belə, öz fitvalarını prinsiplər üzrə deyil, presedentlər üzrə verirdilər. 90-cı illərin əvvəlləri Sovet hökumətinin mövcud olduğu bütün coğrafiyada sosial quduzluq effektini doğurmuşdu. SSRI-nin mərkəzi hökuməti 90-cı illərə keçmək üçün Almatıda, Tiflisdə qırğınlar düzəltmişdi, bu qırğınlar Bakıda, Vilnüsdə davam edirdi. SSRI-nin bütün ucqarlarında millətlərin bir-birilə müharibəsi başlamışdı. Internasionalizm öz yerini prinsipləri və hüdudları bəlli olmayan faşizmə verirdi.
Bu boyda nəhəng prosesin içində Gəncəli Rauf kim idi ki?! O, hələ gəncəli də deyildi, kirovabadlı idi. Kirovabad isə dağılmaqda olan sovet əxlaqının, daha doğrusu, naməlum davranış normativləri toplusunun ifadəçiləri sırasından bir yer idi. Guya, Rauf həbsxanaya atılandan sonra bu qəbildən olan cinayətlər bitdimi? Indi həmin cinayətləri dövlətin inzibati resursları hesabına etmirlərmi? Rauf bu cinayət normativlərinin yaradıcısı, ideya atası, davamçısı deyil. Buna görə də, onun indiki vəziyyətində ehtiyac duyduğu həyat minimumlarını əldə etmək haqqı var. Rauf əməllərinə görə cəzasını çəkir. Amma Raufun əməllərini davam edən mütəşəkkil inzibati-siyasi dəstə qarət və qətllərdə davam və Raufu, onun kimilərini ittiham etməkdədir. Indi həmin coğrafiyada böyük cinayətkarların balaca cinayətkarları təcrid etdiyi bir dövrdür. Cinayətkarların öz aralarında müharibəsi davam edir. Milyonlarla insan isə bu müharibənin girovudur.
Beləliklə, Raufa siqaret vermək olar. Yemək də vermək olar.
– Indi bu istintaqdan sonra səni nə gözləyir? – Raufdən soruşdum.
– Heç nə, daha bir ömürlük cəza verəcəklər.
– Allah qapını açsın! – Bu, həbsxana adamlarının qarşılıqlı və ən çox işlənən duasıdır.
– Allah mənim qapımı açacaq. Amma bu qapı üzü o tərəfə, o biri dünyaya açılır…

Ardı var