Ermənipərəstlikdə ittiham olunan qurum Qarabağla bağlı Azərbaycanın mövqeyini müdafiə edir
Ötən həftə Avropa Parlamentinin Müdafiə və Təhlükəsizlik Alt Komitəsində Qarabağ münaqişəsi ilə bağlı dinləmələr keçirilib. Müzakirələrdə bir daha Azərbaycanın maraqlarına cavab verən bəyanatlar səsləndirilib. Qurumun üzvü Milan Kabrnox deyib ki, münaqişənin dinc yolla həllindən ötrü Dağlıq Qarabağ ətrafındakı rayonların qaytarılması ilk addım olmalıdır. Deputat Ivo Vayql isə bildirib ki, Avropa Birliyi Ermənistana mövcud status-kvonun qəbuledilməz, işğal faktının qeyri-qanuni olduğunu başa salmalıdır.
Deputat Vitautas Landsbergis Azərbaycan ərazilərinin mübahisəli deyil, işğal edilmiş ərazilər olduğunu bildirib, terminlərin düzgün işlədilməsinin vacibliyini vurğulayıb.
Onu da qeyd edək ki, Avropa Parlamenti bundan əvvəldə iki dəfə Qarabağ probleminin mahiyyəti və həlli ilə bağlı Azərbaycanın maraqlarına cavab verən sərt qətnamələrlə çıxış edib.
Amma bütün bunlara baxmayaraq AP-dan Azərbaycan hökumətinə demokratiya və insan haqları ilə bağlı tövsiyyələr gələn zaman, qurum ermənipərəst mövqedə suçlanır. Lakin burada ziddiyyət göz önündədir. Əgər qurum həqiqətən də ermənipərəstdirsə, o zaman AP-da Qarabağla bağlı bu cür sənədlərin qəbulu mümkünsüz olardı.
Məsələn, Avropa Parlamentinin AB-nı Azərbaycanda insan hüquqlarının pozulmasına görə məsuliyyət daşıyan şəxslərə qarşı məqsədyönlü sanksiyalar tətbiq etməyə çağıran qətnamə hakimiyyət tərəfindən süngü ilə qarşılanmışdı. Məsələn, Milli Məclisin sədri Oqtay Əsədov Avropa Parlamentinin sədri Martin Şultsa göndərdiyi məktubda sözügedən qurumu ermənilərin mövqeyini müdafiə etməkdə suçlamışdı. O.Əsədov hesab edir ki, belə bir şəraitdə qurumun ikili standartlara əsaslanan, Azərbaycanda vəziyyəti qeyri-obyektiv şəkildə qiymətləndirən qərar qəbul etməsi ikitərəfli münasibətlərə kölgə salır. Spiker ermənipərəst qüvvələrin dəstəyi ilə Azərbaycana qarşı kampaniya aparıldığını vurğulayıb.
Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov isə bildirmişdi ki, Avropa Parlamentinin qətnaməsi Azərbaycana qarşı ermənipərəst mövqe sərgiləyən təşkilatların mövqeyindən heç də fərqlənmir.
YAP icra katibinin müavini Mübariz Qurbanlı isə hesab edir ki, Avropa Parlamentinin qəbul etdiyi bu sənəd öz ruhuna görə qərəzlidir və Avropanın bütövlükdə bu bölgədəki siyasəti ilə uzlaşmır. AŞ PA-dakı nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov isə vurğulayıb ki, belə bir sənəd Azərbaycanı Avropa Birliyi ilə münasibətlərə yenidən baxmağa vadar edə bilər.
Mövzu ilə bağlı hakimiyyət düşərgəsindən mövqe öyrəndik.
YAP Siyasi Şurasının üzvü Aydın Mirzəzadə bildirdi ki, AP-nın hər qərarına müvafiq yanaşılmalıdır. Eyni zamanda qəbul olunan müəyyən qərarın dərindən araşdırılması üçün AP-ya müraciətin edilməsi də normal qarşılanmalıdır: “Avropa Parlamentinin qərarında düzgün mövqe də ola bilər, hansısa məqamı düzgün işıqlandırmaya da bilərlər. Hər hansı bir qərar təsirlə də qəbul oluna bilər. Amma ümumilikdə parlamenti qınamaq, hansısa epitet yapışdırmaq düzgün deyil. Avropa Parlamenti Avropa məkanı tərəfindən seçilmiş orqandır. Bu gün onun qəbul etdiyi qərar reallıqlara cavab verir. Amma o da mümkündür ki, müəyyən vaxtdan sonra başqa bir qərara etiraz edilsin”.
Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı bildirdi ki, Azərbaycana insan haqlarının qorunması, demokratiyanın inkişafı gərəkdir. Amma bütün bunlardan daha vacib işğal olunmuş torpaqların azad olunması gərəkdir: “Azərbaycan xalqı demokratiyaya içindən, varlığından hazır olan bir xalqdır. Bu bizim genetik kodlarımızdan irəli gəlir. Qətiyyən şübhəm yoxdur ki, Azərbaycan qısa zaman kəsiyində demokratiyanın üst səviyyəsinə çatacaq. Amma gəlin bütün qüvvəmizi işğal altında olan torpaqlarımızın azad olunması üçün toplayaq. Avropa Parlamenti bu gün belə bir mövqe ortaya qoyursa gəlin onu alqışlayaq və ədalətli yanaşmasına görə ona sağ ol deyək. Müqayisə aparmayaq ki, Avropa Parlamenti Qarabağla bağlı bir, insan haqları ilə bağlı isə fərqli açıqlama verdi. Avropa Parlamentində həqiqətən də ermənipərəst mövqedə olanlar var. Biz onları da öz tərəfimizə çəkməyə çalışmalıyıq”.
Xəyal