“Avropa Birliyi demək istəyir ki, Azərbaycanda hüquq və azadlıqların müdafiəsinə çox önəm verir”
“Strateji Çərçivənin qəbulu Azərbaycana növbəti anons idi. Avropa Birliyi demək istəyir ki, Azərbaycana təkcə enerji ehtiyaclarının bir qismini ödəyən ölkə kimi yox, həm də yaxın qonşuluğunda olan, demokratiyanın, insan haqlarının bərqərar olunmasını istədiyi ölkə kimi baxır. Və Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəəsinə çox önəm verir”. Bunu, hüquq müdafiəçisi Anar Məmmədli Avropa Birliyinin iyunun 25-də qəbul etdiyi Insan Hüquqları və Demokratiya üzrə Strateji Çərçivə adlı sənədi qiymətləndirərkən deyib. Xatırladaq ki, 2014-cü ilə qədərki dövrü əhatə edən bu sənəd insan və hüquq azadlıqlarını prioritet kimi qəbul edir.
A.Məmmədlinin sözlərinə görə, Avropa Birliyi bu sənədlə məram və niyyətini növbəti dəfə ortaya qoyub: “Azərbaycan Avropa Birliyinin ”Şərq tərəfdaşlığı” və “Yaxın qonşuluq siyasəti” proqramlarına tərəfdaş kimi cəlb olunub. Hazırda Azərbaycanla Avropa Birliyi arasında asossiativ müqavilənin imzalanması ilə bağlı sönük də olsa, müzakirələr gedir. Avropa Birliyinin Azərbaycandan bir sıra istəkləri var. Bunlardan biri də hər iki proqram çərçivəsində hüquq və azadlıqların təminatı, məhkəmə-hüquq islahatlarının aparılması, hesabatlılığın təmin olunması və s. Bu, təkcə Azərbaycanla bağlı gözləntilər deyil. Avropa Birliyinin hər iki proqramına Ukrayna, Moldova, Ermənistan, Gürcüstan, Belarus kimi postsovet ölkələri də cəlb olunub. Avropa Birliyinin siyasəti çox açıq və şəffafdır. Niyyət də ortadadır ki, hər 6 ölkədə bir sıra istiqamətlərdə islahatların getməsinə, Avropa ilə qonşuluğun kifayət qədər modern və demokratik qurulmasına tərəfdardılar.
Hər il Avropa Birliyinin səyləri olur, müxtəlif sənədlər qəbul olunur. Məsələn, Avropa Parlamentinin mayda Azərbaycanda insan haqlarının durumu ilə bağlı qəbul etdiyi sənəd göstərir ki, Avropa Birliyi Azərbaycana, bu ölkədə hüquq və azadlıqların müdafiəsinə çox önəm verir”.
A.Məmmədli hesab edir ki, Avropa Birliyinin qəbul etdiyi son sənəd alqışlanmalıdır: “Azərbaycanın demokratik fikirli insanları bu niyyətləri alqışlamalıdılar. Sevindirici haldır ki, bizim üzv olmadığımız, sadəcə əməkdaşlıq etdiyimiz qurum olan Avropa Birliyi bu cür ciddi səylər nümayiş etdirir”.
Gültəkin