samux-rayonu

Samux polisi “Azadlıq”ın məlumatını təsdiqlədi

Ötən sayımızda  Samux rayonunda silahlı şəxslərin peyda olduğu, rayonun “Qarasaqqal” meşə massivində naməlum atlı dəstənin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühiti Mühafiə Idarəsinin məsul işçilərini atəşə tutduğu haqda məlumat vermişdik. Məlumatı Samux rayon polisi təsdiqləyib.

Polis şöbəsinin əməliyyat üzrə rəis müavini Babək Sadıxov ANS PRESS-ə deyib ki, Samux Dövlət Ovçuluq Təsərrüfatının ərazisində naməlum atlılar qurumun əməkdaşlarına odlu silahla hədə-qorxu gəliblər. Qoruğun mühafizəçiləri sahə müəffətişi Nofəl Hüseynov, Həsən Rəsulov, Talıb Mehtiyev əraziyə baxış keçirərkən 2 nəfər naməlum atlıların orada gəzişdiyini görüblər. Onların kimliyini müəyyənləşdirmək istəyən ovçuluq təsərrüfatının əməkdaşları müqavimətlə üzləşiblər. Həmin şəxslərdən biri odlu silahla havaya atəş açaraq müfəttişlərə hədə-qorxu gəlib. Bunu görən müfəttişlər ərazidən uzaqlaşıblar və dərhal polisə məlumat veriblər.

Faktla bağlı Cinayət Məcəlləsinin 228.1 maddəsi ilə cinayət işi başlanılıb. Cinayət törətmiş şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Mövzunu diqqətdə saxlayacağıq.