Dörd yerə bölünən klan Paşayevlər və Qərbi Azərbaycan qrupu ilə necə mübarizə aparacaq?
Ötən saylarımızda məlumat vermişdik ki, iqidardakı Naxçıvan qruplaşması 2013-cü il prezident seçkisində Ilham Əliyevin namizədliyini irəli sürməyəcəyindən narahatdır. Bu narahatlıq ölkə başçısının “Əl Cəzirə” telekanalına müsahibəsi zamanı namizədlik məsələsi barədə qeyri-müəyyən danışmasından sonra yaranıb. Digər tərəfdən Naxçıvan düşərgəsi anlayır ki, Ilham Əliyevin 3-cü dəfə prezidentliyə iddia etməsi Qərb tərəfindən təpkilə qarşılanacaq.
Beynəlxalq təşkilatlar konstitusiya edilən dəyişikliyi tənqid etdiyi, bir şəxsin iki dəfədən artıq prezident ola bilməməsi barədə müddəanın yenidən ali qanuna salınması tələbini səsləndirdiyi bir vaxtda Ilham Əliyevin 2013-cü ildə prezident seçkisinə qatılması hakimiyyət üçün ağır nəticələrə səbəb ola bilər. Bu addım hətta Putinin atmadığı təqdirdə Ilham Əliyevin Qərbə meydan oxuması real görünmür.
Naxçıvan klanı narahatdır ki, Ilham Əliyev bu halda xanımı Mehriban Əliyevanın namizədliyi üzərində dayan bilər. Elə bu baxımdan hazırda Paşayevlərlə Naxçıvan qruplaşması arasında gərgin mübarizə gedir.
Dünən hakimiyyətə yaxın mənbələrdən aldığımız məlumata görə, Paşayevlərlə mübarizə aparan Naxçıvan qruplaşmasının öz daxilində də müəyyən problemlər mövcuddur. Heydər Əliyevin dönəmində vahid bir mərkəzdən idarə olunan bu qruplaşma indi ən azı 4 yerə parçalanıb. Qruplaşmanın əsas qanadına Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev başçılıq edir. Başqa bir qanadı fövqəladə hallar naziri Kəmaləddin Heydərovun rəhbərliyi altındadır. Daha bir qanadın rəhbəri Ilham Əliyevin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovdur. Sabiq spiker Rəsul Quliyev də vaxtilə bu qruplaşmada təmsil olunub və indi də onun nəzarəti altında olan kiçik bir qrup var. Bu qrupda əsasən sabiqlər təmsil olunur. Onların arasında isə xüsusilə Hüseyn Abdullayevlə Rza Ibadovun adını çəkmək olar. Adıçəkilən şəxslərin arasında ziddiyyətlər mövcuddur. Ona görə də bütövlükdə qruplaşma daxilində inamsızlıq mühiti hökm sürür. Qruplaşmanın başında dayananlar bir-birlərinə etibar etmir. Düşünürlər ki, qruplaşma daxilində kimsə hansısa mərhələdə fürsətdən istifadə edərək prosesi öz xeyrinə yönəldə bilər.
Bu inamsızlıq və şəxsi zəmində olan ziddiyyətlər Naxçıvan qruplaşmasının zəif duruma salıb. Bu isə Paşayevlərlə mübarizəni çətinləşdirir. Nəzərə alsaq ki, hakimiyyətdəki Qərbi Azərbaycan qruplaşması da Naxçıvan qruplaşmasına qarşıdır, ikinci üçün vəziyyət daha təhlükəlidir.
Analitik informasiya şöbəsi