Hakimiyyətin “2013 ssenarisi”

Bəzi məmurlar, 2005-ci ildə olduğu kimi, seçkiyə qurban verilə bilər

Azərbaycan hakimiyyətinin 2013-cü il prezident seçkisilə bağlı cızdığı müdhiş ssenari barədə məlumat almışıq. Məlumatlarda bildirilir ki, iqtidar ideoloqları daxili problemlərin həll olunacağı, Ilham Əliyevin namizədliyini irəli sürəcəyi təqdirdə növbəti prezident seçkisi ərəfəsində 2005-ci ildə baş verən olayları təkrarlamağı məqsədəuyğun sayır.
Söhbət həmin ildə parlament seçkilərinə az qalmış bəzi nazirlərin həbsindən gedir. Hakimiyyətdə düşünürlər ki, bu dəfə də oxşar ssenarinin həyata keçirilməsinə ehtiyac var. Çünki növbəti seçki 2008-ci ildə keçirilən prezident seçkisi kimi asan olmayacaq. O dövrlə müqayisədə indi beynəlxalq təzyiqlər daha da kəskinləşib. Bundan əlavə hakimiyyət indi meydanda tamamilə təkdir. Qərblə münasibətlərin hansı səviyyədə olduğu bəllidir. Iqtidarın həmişə sığındığı Rusiya ilə də münasibətlər qaydasında deyil. Iqtidarı ən çox narahat edən də elə budur. 2005-2008-ci illərdə məhz Rusiyanın dəstəyilə seçkiləri öz xeyrinə həll edən hakimiyyət indi Kremldən də ehtiyat edir. Məlumat üçün deyək ki, bir çox məsələlərdə Bakı ilə Kremlin münasibətlərdə problem yaranıb. Bu sırada xüsusilə Qəbələ RLS-lə bağlı hakimiyyətin Rusiyaya güzəştə getmək istəməsini vurğulamaq olar. Digər tərəfdən Bakının Gürcüstanla sıx əməkdaşlıq etməsi, Suriya məsələsində Rusiyanın mövqeyini bölüşməməsi, Israillə silah sövdələşməsi, Iranla gərgin münasibətdə olması Kremlin Əliyev hakimiyyətinə etimadını sarsıdıb. Iqtidar ideoloqları bunu yaxşı anladığından seçkidə xalqın etimadını qazanmaq ümidilə yuxarıda barəsində danışdığımız ssenariyə ehtiyac duyublar. Hakimiyyətdə belə qənaət var ki, bu məmur ovu cəmiyyətdə ifrat narazılığı aradan qaldıra, hakimiyyətə müəyyən mənada inam yarada bilər. Bu ssenari əsasında hansı məmurların həbs olunacağı bizə bəlli deyil. Böyük ehtimalla vətəndaşların daha çox narazılıq etdiyi sahələrə rəhbərlik edən məmurlar qurban veriləcək. Lakin bu ssenarinin hakimiyyətin gözləntilərini doğruldacağı inandırıcı görünmür. Çünki artıq Azərbaycan xalqı bütövlükdə hakimiyyətin getməsini istəyir.

Informasiya şöbəsi