“Hakimiyyət cəmiyyəti də, özünü də kataklizmlərə sürükləyir”

“Dünyanın israrla demokratiya tələb etməsi hakimiyyətin uzun müddət sürməyəcəyinə inam yaradıb”

Fuad Qəhrəmanlı: “Ilham Əliyevin namizədliyi olmayacağı təqdirdə hakim komandadakı konstruksiya pozula bilər”

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı ilə müsahibəmizə son əfv fərmanına münasibət öyrənməklə başladıq. Bu fərmanla 9 vicdan məhbusunun azadlığa buraxılması tənqidlərdən yayınmaq cəhdi idi, yoxsa islahatlara başlamaq niyyəti?

– Sonuncu əfv fərmanı hakimiyyətin humanizminin, islahatlara yumşalmasının nəticəsi deyil. Bu, hakimiyyətin məcburən iradəsindən kənar qəbul etdiyi qərar idi. Iki siyasi məhbus – Şahin Həsənli və Vidadi Isgəndərlinin azad olunmaması onu göstərdi ki, bu fərmanla siyasi məhbus məsələsinin həlli nəzərdə tutulmur. Sadəcə olaraq hakimiyyətə sərt beynəlxalq təzyiqlər var idi. Eyni zamanda siyasi məhbus məsələsi daxili siyasi mübarizənin əsas prioritetinə çevrilmişdi. Bu addımı atmaqla hakimiyyət təzyiqləri yumuşaltmağa, bir qədər manevr imkanı qazanmağa çalışdı. Təbii ki, AŞ PA-nın sessiyası ərfəsində hakimiyyət müdafiə imkanlarını genişləndirməyi nəzərdə tuturdu. Burada hakimiyyətin həm daxili, həm də xarici təyziqlər qarşısında geri çəkilməsindən söhbət gedir. Amma hakimiyyət siyasi məhbusları içəridə saxlamaqla cəmiyyətdə repressiya aparatının zəifləməsi barədə fikrin yaranmamasına çalışır. Repressiya hakimiyyətin cəmiyyətə əsas təsir rıçaqlarından birinə çevrilib. Hakimiyyət cəmiyyətdə xof yaratmağa çalışır ki, siyasi azadlıqlar uğrunda mübarizə aparanları həbs gözləyir. Bu yol ilə hakimiyyət siyasi proseslərə təsir etməyə çalışır. Ona görə də əfv fərmanından o məlum oldu ki, hakimiyyət dünya görüşü baxımından dəyişmək, demokratik tələbləri nəzərə almaq iqtidarında deyil. Məhz bu fərman ərəfəsində Hilal Məmmədovun həbs olunması onu göstərir ki, bir tərəfdən siyasi məhbuslar azad olunursa, yeni məhbuslar yaratmaqla hakimiyyət xofu qoruyub saxlamağa çalışır. Baş verənlər bir daha göstərir ki, sona qədər inadla, israrla mübarizə aparılırsa, sonda real nəticələr əldə olunur. Bu baxımdan siyasi məhbusların azad olunması aparılan mübarizənin nəticəsi idi. Həm də bu prosesdə o aydın oldu ki, hakimiyyət uzun müddət ərzində əfv fərmanı yazdırmaqla sındırmağa çalışdığı insanların qarşısında geri çəkilməli oldu. Adamların əfv ərzəsi yazmadan azad olması onların günahsızlığının etirafıdır. Bu, müxalifətin hakimiyyət üzərində mənəvi və siyasi qələbəsi idi. Hakimiyyət bu prosesi uduzmuş şəkildə başa vurdu. Çünki hakimiyyət əfv ərizəsi almaqla həmin insanların simasında peşmançılıq yaratmağa çalışırdılar. Amma siyasi məhbuslar rejimin qarşısında həbsxanada sınmamaqla mübarizə simvolu kimi azadlığa çıxdılar.

– Bu əfv sizə də şamil olunmadı – üzərinizdən şərti məhkumluq götürülmədi…
– Bəli, mənim adım şərti məhkumluq alan şəxs kimi bu fərmanda olmadı. Açığı, bunu gözləmirdim də.

– AŞ PA-da Azərbaycanla bağlı müzakirələr başlayıb. Gözləntiləriniz nədən ibarətdir?
– Təkcə QHT-lər və vətəndaş cəmiyyəti təmsilçiləri deyil, Ictimai Palata da AŞ PA həmməruzəçilərin dəyişdirilməsini istəyib. Və həmin həmməruzəçilərin hakimiyyətin fikrini ifadə etdiyi mövqeyi vurğulanıb. Bu məsələdə siyasi partiyalarla vətəndaş cəmiyyətinin yanaşmasında eynilik var. Təbii ki, bütün bunları AŞ PA rəhbərliyi nəzərə almalıdır. Çünki bütün bu sadaladıqlarımız müzakirəyə təqdim olunan məruzənin mötəbərliyini şübhə altına alacaq. Azərbaycandan olan müraciətlər nəzərə alınaraq AŞ PA deputatları məsələyə daha obyektiv yanaşmalıdırlar. Bu dəfə ölkənin demokratik institutları məruzənin obyektivliyi ilə bağlı fikirləri bölşmədiklərinə görə bu sənəd mötəbər əhəmiyyət daşımayacaq. Bir məqamı da vurğulamağa ehtiyac var. Bu yaxınlarda Londonda Azərbaycanın “kürü diplomatiyası” ilə bağlı müzakirələr keçirildi. Məlum oldu ki, diplomatik fəaliyyətlə məşğul olan müəyyən şəxslər Azərbaycanla təmaslarda təkcə siyasətlə yox, eyni zamanda siyasi bizneslə məşğul olurdular. Hakimiyyətin korrupsioner mahiyyəti artıq qlobal xarakter daşıyır. Ölkəmizin problemləri ilə maraqlanan beynəlxalq təşkilatların bu korrupsiyanın üzərinə getməsi müsbət təsir edəcək.

AB Azərbaycanın demokratikləşməsini istəyir

– AB bu günlərdə Azərbaycanla münasibətlərdə demokratikləşmə xətinin təşkilat üçün prinsipial olduğunu vurğulayan sənəd qəbul edib. Bu sənədin Azərbaycandakı demokratikləşmə proseslərinə töhfəsi necə olacaq?
– Avropa paralamenti bu yaxınlarda Azərbaycanla bağlı sərt bir qətnamə qəbul etmişdi. Avropa Birliyinin budəfəki sənədinin də obyekti məhz Azərbaycandır. Bu onun mesajını verir ki, Avropa Birliyi sərhədlərini Şərqə doğru  genişləndirməkdə maraqlıdır. Amma bu, sərhədlərin mexaniki genişləndirilməsi deyil. Bu həm də Avropa dəyərləri zəminində genişlənmədir. Çünki bu siyasət o vaxt real məzmun daşıya bilər ki, Avropanın siyasi təhlükəsizliyinə cavab verən dəyərlər bu sərhədlər daxilində genişlənsin. Bununla da avtoritar rejimlərə o mesaj verilir ki, Avropanın təhlükəsizlik, enerji maraqları onun dəyərlərinin qurban verilməsi hesabına olmayacaq. Çünki bir çox avtoritar rejimlərdə, postsovet məkanında belə fikir formalaşıb ki, məhz geosiyasi planlar hesabına bu rejimlər bazarlığa gedərək mahiyyətlərini qoruyub saxlaya və bununla da Avropanın loyallığını təmin edə biləcəklər. Ona görə təqdirəlayiqdir ki, Avropa Birliyində birmənalı ifadə olunur ki, onlar üçün önəmli olan dəyərlər sistemidir. Bu baxımdan Avropa Birlyinin bu cür yanaşması Azərbaycanda baş verənlərə ciddi təsir göstərəcəkdir. Avropa Birliyi artıq o missiyanı üzərinə götürür ki, özünün şərq səhədi saydığı ərazilərdə demokratikləşmə prosesi ilə məşğul olsun. AB-nın bu cür prinsipial mövqeyi Azərbaycanda demokratikləşmənin qalib gəlməsinin əsas təminatçılarından biridir. Bu eyni zamanda iqtidara ünvanlanmış bir mesajdır.

Cəmiyyət artıq bu rejimə qarşı müxalifətdədir

– İlham Əliyevin üçüncü dəfə namizədliyini irəli sürməsi ona əvvəlkitək asan olacaqmı?
– Ilham Əliyev hələ növbəti seçkidə namizədliyini irəli sürəcəyi ilə bağlı qərarını qəbul etmiş sayılmır. Çünki hər şey ölkədaxili situasiyadan, cəmiyyətin seçkidəki iştirakından, müxalifətin seçki ilə bağlı necə təmərküzləşməsindən asılı olacaq. Eyni zamanda beynəlxalq birliyin proseslərə nə dərəcədə fəal müdaxilə etməsinin də böyük rolu var. Bu faktorlardan asılı olaraq hakimiyyət seçkidə necə iştirak edəcəyini müəyyənləşdirəcək. Təbii ki, hakimiyyətin hazırda marağındadır ki, status-kvonun saxlanılması üçün Ilham Əliyevin namizədliyi irəli sürülsün. Amma eyni zamanda hakimiyyət də ehtiyat variantları götür-qoy etməkdədir. Ilham Əliyevin namizədliyi irəli sürüləcəyi təqdirdə bu artıq seçkinin necə keçirilməsindən asılı olmayaraq bəri başdan dünya birliyinin etirazı ilə qarşılanacaqsa, buna cəmiyyətdə sərt reaksiya verəcəksə, fərqli addım atıla bilər. Yəqin bu zaman Ilham Əliyevin namizədliyi məsələsi arxa plana keçə bilər. Hətta Putin özünə rəva görmədi ki, üçüncü dəfə prezident seçkilərinə qatılsın. Süni yolla da olsa, bir müddətə prezidentlikdən çəkildi. Ola bilsin ki, Azərbaycan iqtidarı da buna uyğun olaraq variantlarını işləməkdədir.

– Bəs Ilham Əliyevdən fərqli namizədin üzərində dayanılma hakim komandadakı proseslərə necə təsir edə bilər?
– Hazırda iqtidar daxilində münasibətlər elədir ki, əslində Ilham Əliyevin namizədliyinin olmaması hakim komandanın daxilən parçalanması demək olacaq. Çünki hakimiyyətdaxili qruplaşmaların hər birinin fərqli iştirak strategiyası var. Əgər bu qruplaşmalardan birinin nümayəndəsi namizəd olacaqsa, başqa qruplaşmalar məhz həmin qrupun namizədi üçün əvvəlkitək canfəşanlıq etməyəcək. Çünki bilirlər ki, seçki saxtalaşdırılsa, fərqli qruplaşma lideri kürsüyə əyləşsə, qurbanlar sırasında onların da adı olacaq. Indiki halda hakim komandanın məhz Ilham Əliyevin üzərində təkid etməsi onunla bağlıdır ki, hakim komanda elə durumdadır ki, mövcud konstruksiya onun namizədliyi olmayacağı təqdirdə pozula bilər. Amma o risk də var ki, Ilham Əliyevin namizədliyi olacağı təqdirdə bütövlükdə seçkiyə qarşı həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə reaksiyalar sərt olacaq. Seçkidəki pozuntuları da nəzərə alsaq, artıq seçkinin nəticələrinin tanınmaması kifayət qədər real görsənir. O baxımdan indiki hakimiyyət çətin və riskli sonluq vəd edir. Bunun nəticələrini hesablayaraq hakimiyyət daha çox o variantı da özü üçün müəyyən etməlidir ki, iqtidar özünün birmənalı uduşunu görmürsə, o halda demokratik islahatlar variantı gündəmdə olmalıdır. Demokratik islahatlar yolunda addımların atılması ayrı-ayrı şəxslərin maraqları çərçivəsində olmasa da, hakim komandanın mənafeyinə uyğundur. Belə bir şəraitdə hakimiyyət zora istinadən prosesləri nəzarətində saxlamaq istəyirsə, cəmiyyəti də, özünü də qarşıdrumalara, gərginliklərə, kataklizmlərə sürükləyir.

İP vahid namizəd məsələsini uğurla həll edəcək

– Hazırda ölkədəki gərginlik şəraitində 2013-cü il seçkilərini necə təsəvvür etmək olar?
– Ölkədəki narazılıqların miqyası hər ötən illə müqayisədə daha da artır. Artıq elə bir vəziyyət yetişib ki, rejimin dəyişməsini istəmək müxalifət partiyalarının istəyi ilə həll olunmur. Cəmiyyət artıq bu rejimə qarşı müxalifətdədir. Belə olan təqdirdə, əvvəlki dövürlərdə hakimiyyət öz mövcudluğu üçün saxta seçkilərə ehtiyac duyurdusa, narazılıqların artdığı indiki məqamda saxtalaşdırmanın miqyası daha böyük olacaq. Artıq cəmiyyətdə elə bir ovqat yaranıb ki, susmaqla, qorxmaqla insanlar özlərini rejimin ədalətsizliyindən qorunmuş saymırlar. Mülkiyyət hüquqlarının pozulması, Kür daşqını qurbanlarının üzləşdikləri və digər hüquq pozuntuları göstərir ki, artıq insanlar sıravi müxalifət sıralarında olmadıqları halda belə rejimin özbaşnalıqlarından sığortalanmayıblar. Siyasətdən kənar qalıb öz maraqlarını müdafiə etmək mümkün olmadığına görə, insanlar məcburən o reallığı qəbul edirlər ki, ölkədə vəziyyət dəyişməlidir. Artıq kimsəyə ölkədə bu şərtlərin saxlanılması sərf etmir. Düşünürəm ki, seçki ərəfəsi cəmiyyətin fəallığı daha yüksək olacaq. Əvvəlki seçkilərdən fərqli olaraq beynəlxalq aləmin hakimiyyətdən israrla demokratiya tələb etməsi rejimə qarşı mübarizənin perspektivinə, bu hakimiyyətin uzun müddət sürməyəcəyinə inam yaradıb. Rusiya və Iranla hakimiyyətin münasibətləri nəzərə alınarsa, rejimin təklənmiş vəziyyətdə olduğu görünəcəkdir. Cəmiyyətin gözləntiləri dəyişiklikləri stimullaşdıran faktorlardan biridir.

– Ictimai Palatının hazırda mətbuatda müzakirə olunan vahid komanda, vahid namizəd məsələsin necə həll edəcək. Bu mərhələni təşkilat necə adlayacaq?
– Əminəm ki, IP seçkiyə vahid komanda kimi qatıla biləcək. Vahid namizədin müəyyən olunması kifayət qədər gərgin müzakirələri zəruri edir. IP-də ölkənin aparıcı müxalifət partiyalarının cəmləşdiyini nəzərə alsaq, məsələnin nə qədər qəliz olduğunu təsəvvür etmək olar. Amma IP-də razılaşmanın əldə olunmasının rejimin yaşamasına imkan yarada biləcəyini nəzərə alaraq vahid mövqeyə gələcəklər. Eyni zamanda IP-in namizədi olacaq şəxs təşkilatdan kənardakı qüvvələrin dəstəyini almağa hazır olmalıdır. Seçki ittifaqı IP-dən daha geniş tərkibi əhatə etməlidir. Bu baxımdan obyektiv qiymətləndirmə aparanda IP-də belə bir siyasi qüvvənin, liderin olmasını müəyyən etmək çətin olmayacaq. IP-in bugünkü rəhbərliyi dəyişikliklərin məsuliyyətini üzərinə götürmək iqtidarındadır. Ona görə düşünürəm ki, IP-də bu proses zamanı gələndə həllini tapacaq.

Xəyal