Böyük maarifçi Mahmud bəy Mahmudbəyov

Qori Müəllimlər Seminariyasının yetirməsi

XIX əsrdə Azərbaycanda maarifçiliyin inkişafı və təhsil məsələləri dövrün ən mühüm tələbləri sırasında dayanırdı. Mətbuatın böyük çətinliklərlə fəaliyyət göstərdiyi, barmaqla sayılan məktəblərdə dərsliklərin çatışmaması qarşıya qoyulan məqsədə yetişmək yolunda da ən böyük maneə idi. Belə bir zamanda ölkənin həyatında mühüm rol oynayan ziyalılar bu problemin həlli üçün səfərbər oldular. Həmin vətənpərvər ziyalılar arasında Mahmud bəy Mahmudbəyov da vardı.
Mahmud bəy Polad oğluÿMahmudbəyov 1863-cü ildə Şamaxı şəhərində anadan olmuşdur. Ibtidai təhsilini məhəllə məktəbində almış, 1874-cü ildə doğulduğu şəhərdəki “Məclis məktəbi”ndə təhsilini davam etdirmişdir. Sonra o, 1879-cu ildə Qori Müəllimlər Seminariyasının hazırlıq sinifinə daxil olmuş, 1883-cü ildə oranı bitirmişdir. Qori seminariyasını bitirdikdən sonra isə bir neçə il Bərdə, Tərtər, Şamaxı şəhərlərində müəllimlik etmiş, 1890-cı ildə Bakıya köçmüşdür. Elə ömrünün sonunadək də (1923) burada müəllimlik fəaliyyəti ilə məşğul olmuşdur.
Böyük intellekt sahibi olan Mahmud bəy Mahmudbəyov “Rəhbər” jurnalının redaktoru idi. Bu jurnalın ilk nömrəsi 1906-cı il sentyabrın 24-də işıq üzü görmüşdür. Nəşr olunan jurnal ilk nömrəsində yayımlanan baş məqaləsində oxuculara öz məramını belə açıqlamışdı: “Yaşadığımız əsr bir əsrdir ki, müntəzəm məktəbi, milli ədəbiyyatı, müəyyən məsləkdə ictimai məişəti və hər cür iqtisadi mücadiləyə hazırlığı olmayan millət məişət mücadiləsində tez-gec məhv olasıdır. Bir vaxt var idi ki, qüvvəli bir millət müsəlləh olub qol gücü ilə o biri zəif milləti özünə qul… edirdi. Lakin indi bir millətin o birisinə… ağa olması qol gücü ilə deyil, məktəb, ədəbiyyat, elm, ictimaiyyət və bunlar kimi mənəvi qüvvələr ilədir”. Beləliklə, mətbuat aləminə yeni bir elm, maarifçilik nəşrinin qədəm qoyması bəyan olundu.
Şübhəsiz, bu dövrdə belə bir mətbu orqanın təsis olunması və saxlanması asan məsələ deyildi. Hər şeydən əvvəl, bu, böyük maddi vəsait tələb edirdi. Bu səbəbdən, Mahmudbəyov öz jurnalının cəmi 5 sayını (1906-cı ildə 4, 1907-ci ildə 1) çıxara bilib. Həmin saylarda bir sıra ictimai-siyasi məsələlərə toxunulub, təhsilin və elmin Azərbaycan xalqının inkişafı üçün ən prioritet məsələlərdən biri olduğu vurğulanıb. “Rəhbər” jurnalı var-gücüylə Azərbaycanda mənəvi qüvvələrin inkişafına kömək göstərəcəyini açıqlayırdı: “Məqsədimiz məktəblərimizin müntəzəmliyinə, millətimizin məişət meydanında, elm və mərifət yolunda irəli getməsinə və milli ədəbiyyatdan xəbərdar olmasına əlimizdən gələn qədər rəhbərlik etməkdir”
Ilk milli dərsliklərin müəllifi
Bu dövrdə M.Mahmudbəyov yazdığı “Bizə nə lazımdır” sərlövhəli məqaləsində 1905-ci ilin inqilabi hadisələrindən sonra Azərbaycanda əmələ gələn dirçəliş və oyanmanın mənzərəsini canlandırmış, qarşıdakı vəzifələrdən bəhs etmişdir.
M.Mahmudbəyovun fəaliyyətinin ən önəmli hissəsi onun yazdığı dərsliklərlə bağlıdır. Məlum olduğu kimi, o dövrdə təhsil sahəsində mövcud problemlərdən ən önəmlisi dərslik hazırlığı ilə bağlı idi. Maarifçiliyin, məktəbin yolu yeni kitabların yaranmasını tələb edirdi. XIX əsrin ortalarında Azərbaycan dilinin tədrisi sahəsində tələblərə uyğun olaraq yeni dərsliklər meydana gəldi. Qeyd edilən bu dərsliklər içərisində Kazan Universitetinin professoru Mirzə Kazımbəyin “Türk-tatar dilinin qrammatikası” (1839), Tiflis gimnaziyasının Azərbaycan və fars dili müəllimi L.R.Budaqovun “Türk-tatar dilinin əlifbası” (1844), Tiflis gimnaziyasının müəllimləri Mirzə Şəfi Vazeh və I.Qriqoryevin “Kitabi-türki” (1855) adlı dərslikləri xüsusi yer tuturdu. XIX əsrdə Azərbaycanda və bütövlükdə Zaqafqaziyadakı dövlət məktəblərində təhsil alan məktəblilərin bütöv bir nəsli həmin kitablardan Azərbaycan dilini öyrənmişlər. Bu ənənə sonralar Süleyman bəy Vəlibəyovun “Üsuli-cədidi-lisani-fars” və Mahmud bəy Mahmudbəyovun “Yeni əlifba” kitabı ilə davam etdirilmiş, dərsliklər Süleyman Sani Axundov, Fərhad Ağazadə, Abdulla Əfəndizadə, Hacı Kərim Sanılı, Əhməd Seyidov kimi müəllim-metodistlər tərəfindən daha da təkmilləşdirilmişdir.
Bu vacib problem Azərbaycan müəllimlərinin 1906-cı ildə keçirilən I və 1907-ci ildə keçirilən II qurultaylarında da müzakirəyə çıxarılmışdı. Qurultayın Xalq Maarif Nazirliyinə təqdim etdiyi təkliflər əsasında hökumət komissiyası yaradılmışdı. Komissiya öz işini başa çatdırana kimi milli hökumət devrilsə də, həmin məsələlər üzrə müəyyən işlər görə bildi. Müxtəlif fənlər, o cümlədən Mahmud bəy Mahmudbəyovun sədrliyi ilə ana dili və ədəbiyyat fənni (7 nəfər) üzrə,ÿPənah Qasımovunÿ sədrliyi ilə tarix fənni (2 nəfər) üzrə, Səməd bəy Acalovun sədrliyi ilə riyaziyyat fənni (4 nəfər) üzrə, Camo bəy Gəbrayılbəylinin sədrliyi ilə təbiət fənni (8 nəfər) üzrə komissiyalar yaradıldı.
Qurultayda qəbul edilən qərarlardan biri də ibtidai məktəblər üçün ana dilində dərs kitablarının hazırlanması ilə bağlı idi. O dövrdən başlayaraq ölkənin maarifpərvər ziyalıları ana dilində dərsliklər yazmağa başladılar. Bu sahədə Mahmud bəy Mahmudbəyov, Abbas Səhhət, Rəşid bəy Əfəndiyev, Abdulla Şaiq və başqalarının rolunu xüsusilə qeyd etmək lazımdır. Mahmud bəy Mahmudbəyov və Abbas Səhhət 1909-cu ildə türk dilinin təlimi üçün nəşr etdikləri üçüncü ilə məxsus qiraət kitabı 1910-1915-ci illərdə təkrar çap olundu.
Təhsilin inkişafına böyük dəstək
Bu sahədə böyük xidmətləri olan böyük yazıçımız Abdulla Şaiq Azərbaycan müəllimlərinin birinci (1906) və ikinci (1907) qurultaylarının iştirakçısı olmuşdu. O, ikinci qurultayın katiblik xidmətini yerinə yetirmiş, idarə heyətinin qərarı ilə Mahmud bəy Mahmudbəyov, Süleyman bəy Əbdürrəhmanbəyzadə, Süleyman Sani Axundov, Abdulla bəy Əfəndiyev, Fərhad Ağazadə ilə birgə “Ikinci il” dərsliyinin tərtibinə cəlb edilmişdi.
Təhsilin inkişafında böyük əməyi olan Mahmud bəy Mahmudbəyov 1907-ci ildə Bakıda “Türk əlifbası və ilk qiraət” kitabını nəşr etdirmişdi. Bir il sonra Mahmud bəy Mahmudbəyov, Süleyman bəy Əbdürrəhmanbəyzadə, Süleyman Sani Axundov, Fərhad Ağazadə, Abdulla Şaiq Talıbzadə və Abdulla bəy Əfəndiyevin “Ikinci il” dərsliyi meydana gəldi. Həmin dərsliklər həm pedaqoji, həm də didaktik-metodik cəhətdən yeni tələblərə cavab verirdi. Kitabların dilinin sadəliyi, aydınlığı, bədiliyi, məzmununun dolğunluğu əsas xüsusiyyətlər olaraq seçilmişdi. Bu dərsliklərin yazılması və nəşri “Nicat” xeyriyyə cəmiyyətinin bilavasitə təşəbbüsü və yardımı ilə həyata keçirilmişdi.
Doğma ana dilində dərslik yaradılması sahəsində görkəmli maarif xadimi Mahmud bəy Mahmudbəyovun fəaliyyəti bunlarla bitmir. 1909-cu ildə Mahmud bəy Mahmudbəyov və Abbas Səhhətin birlikdə “Türk dilinin təlimi üçün üçüncü ilə məxsus qiraət kitabı”, 1911-ci ildə Mahmud bəy Mahmudbəyovun “Imlamız” kitabı nəşr edildi. Nəşr olunan hər iki kitabda ana dilinin tədrisi ilə bağlı dəyərli təhlillər əks olunmuşdu. 1922-ci ildə Mahmud bəy Mahmudbəyovun başçılığı ilə Süleyman bəy Əbdürrəhmanzadə, Süleyman Sani Axundov, Fərhad Ağazadə, Abdulla Şaiq Talıbzadə, Rəşid bəy Əfəndizadə “Yeni türk əlifbası” adlı dərslik hazırladılar.
Məhz bu ziyalıların zəhməti sayəsində həmin dövrdə məktəblər inkişaf etməyə və intellektual nəsil yetişməyə başladı. Çox təəssüflər ki, sonradan bu intellektualların çoxu 37-ci illərdən sonrakı repressiyaların qurbanı oldular.

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu

KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir