Bu ifadənin tarixi yəqin ki, insan cəmiyyətinin yarandığı, ictimai münasibətlərin formalaşmağa başladığı zamana gedib çıxır. Bu cür ifadələrin varlığı və qədimliyi bəzən adamı heyrətə gətirir. Demək, biz on minillik tarixi olan bir kəlməylə yanaşı yaşayırıq və ictimai münasibətlər öz ibtidai şəklindən heç nə itirmədən bu gün də ömür sürür. Sanki heç nə dəyişməyib. Münasibətlərdəki məzmun, yaşamaq şərtləri necə var, eləcə də qalıb.
Başını aşağı salmaq həm susmaq, həm də itaəti ifadə eləyir. Yəni kimsənin həddi deyil qibleyi-aləmin gözünün içinə baxa, onunla eyni bərabərdə durub kəlmə kəsə. Əlahəzrət başçılar çəkilib getməyənəcən hətta yol kənarında dayanan kəslərin həddi deyil ki, başını qaldıra, onu görə və ya onunla göz-gözə gələ. Bu ifadə bu gün şəxsən bizim ölkəmizdə elə ibtidai cəmiyyətdə olduğu kimi qalıbsa və eyni mənanı ifadə eləyirsə, çəkinmədən deyə bilərik ki, Azərbaycan bütün zahiri parıltılarına, bər-bəzəyinə, əynindəki frakına, kəpənək qalstukuna, mədəni nailiyyətlərinə baxmayaraq, XXI əsrin başlanğıcında ikən, əslində ibtidai icma dövründə yaşayır. Bəli, biz, XXI əsrin vətəndaşları əslində ibtidai zamanlarda yaşayırıq. Bu ölkə okeanın o tayından, Avropadan baxanda ibtidai icma quruluşu muzeyi təəssüratı oyadır.
Əminəm ki, demokratik quruluşlarda bu tipli ifadələr artıq çoxdan dilin lüğət tərkibindən çıxıb və ya zaman keçdikcə arxaizmə çevriləcək, sonunda isə tamamilə unudulub gedəcək.
Azərbaycanda isə bu ifadə hələ də öz dominantlığını, işləkliyini saxlayır. Hətta nəinki saxlayır, əksinə indi vazkeçilməz həyat meyarına, yaşam tərzinə çevrilib. Demək, mövcud rejim bizi on min illərlə geri atıb. Indi bizimlə ibtidai insan arasında heç bir fərq yoxdu – şüurumuz kosmosu belə, fəth eləsə də, ictimai münasibətlər ibtidai start nöqtəsində qalır. Çörəyimiz hələ də boynumuzun əyrisindən çıxır.
Bu haqda vicdan məhbusu, yenicə azadlığa çıxmış dostumuz Sahib Kərimlinin müsahibəsini oxuyarkən düşündüm. Sahib bəy danışır ki, həbsxanada cəmiyyətin hər təbəqəsindən olan adamları görürdük: “Hərbi komissarlar, sosial təminat şöbəsinin müdirləri, Bakıda böyük binalar tikən tikinti şirkətlərinin rəhbərləri… saymaqla bitməz. Bəzən bizə məsləhət görürlər ki, başınızı aşağı salın işləyin. Orada bir daha şahidi oldum ki, başını aşağı salmaqla iş bitmir. Onlar da başlarını aşağı salmışdılar, ancaq yenə də içəridə idilər. Mövcud sistemə qarşı mübarizə aparmamaqları onları həbs olunmaqdan sığortalamamışdı”.
Sahib bəy “başını aşağı salmaqla iş bitmir”,- deyir. Bu, artıq insan təfəkküründə baş verən inqilabdı. Bu, çağdaş yanaşmadı həyata. Təsəvvür eləyin ki, ibtidai zamanlarda yaşayan biri, məsələn, Sahib, qəfildən düşünür ki, yox, belə yaşamaq olmaz! Başını aşağı salmaq insana yaraşmaz. O cür çağdaş təfəkkürə yiyələnən insanlar elə məhbəsdə də eyni cür düşünür və inanırlar ki, bir gün azadlığa çıxdıqlarında yenə də öz yollarını gedəcəklər. Rejim Domokl qılıncı kimi başlarının üstündən asılıb.
Qəribədi ki, müsahibədə adları çəkilən, başlarını aşağı salmaqla ömür sürən bu şəxslər elə həbsxanada da eyni fikirdə olurlar, eyni davranışı sərgiləyirlər. Və onlar inanırlar ki, bu cür davam eləyib azadlığa daha tez çıxacaq və yenə də başlarını aşağı salıb, kölə kimi yaşayacaq, bu yolla həyatda qalacaqlar.
Biz yazarlar daha çox sınan, əyilən satılan adamlardan yazırıq. Bu isə iradəsi zəif olanları daha da sarsıdır, ruhdan salır. Ancaq bəzən Sahib və onun kimi onlarla adam var ki, başlarını dik tutmaqla vətəndaşlara örnək olur, onları sabaha ümidləndirirlər. Onlar qəhrəman deyil. Onlar sadəcə insandı. Qəhrəmanlığa gərək duymadan başlarını dik saxlayan bu adamların qarşısında baş əyirəm…

Başını aşağı salmaq
•
•