Arif Hacılının iradlarına cavab gəldi

İctimai Palatanın üzvləri Müsavat funksionerinin dediklərilə razılaşmırlar

“Ictimai Palatanın fəaliyyətində üstün cəhətlərlə yanaşı, bir sıra qüsurlar da var. Xüsusilə 2011-ci ildə bu qurum kifayət qədər çevik və dinamik fəaliyyət göstərmədi. 2011-ci ilin yazında başlayan siyasi prosesin uğurla davam etdirilməsinə nail ola bilmədi”. Bu fikirləri yenicə həbsdən çıxan Müsavat başqanının müavini Arif Hacılı “Yeni Müsavat” qəzetinə müsahibəsində səsləndirib. Görək, Ictimai Palata təmsilçiləri və A.Hacılının Müsavatdakı həmkarları bu iradları qəbul edirlərmi?

“Hesab edirəm ki, biz yaxşı işləmişik”

Ictimai Palatanın Koordinasiya Şurasının üzvü Mehriban Vəzir hesab edir ki, təmsil etdiyi qurumun fəaliyyəti qənaətbəxş olub, hər kəs əlindən gələni edib: “Şəxsən mən Arif bəyin dediyi dövrdə Ictimai Palatanın fəaliyyətini yaxşı qiymətləndirirəm. Nəyi əldə etməmişiksə, demək, ona gücümüz çatmayıb. Arif Hacılı bizim dostumuzdur, düşərgənin liderlərindən biridir. Ola bilər kənardan baxır və bu cür düşünür. Mən hesab edirəm ki, biz yaxşı işləmişik.  Sadəcə ola bilər bəzi şeyləri edə bilməmişik. Bu tənqidlər çox normaldır. Bundan sonrakı fəaliyyətimizdə Arif bəy özü də bizimlə olacaq və yəqin irad bildirdiyi məqamları birgə aradan qaldırarıq. Arif bəy, fikirlərində azaddır. Bizim düşərgə demokratik düşərgədir. Biz bir-birimizi tənqid edə, nöqsanlarımızı deyə bilərik. Hakimiyyətdən fərqimiz də bu siyasi mədəniyyətə malik olmağımızdır. Ona görə də Arif bəyin fikirlərinə hörmət edirəm”.

“Ictimai Palata böyük mənada üzərinə düşənlərin hamısını edib”

Müsavat başqanının müavini Tofiq Yaqublunun fikrincə, Ictimai Palata böyük mənada üzərinə düşən vəzifələri həyata keçirə bilib: “Tənqidlərə normal yanaşırıq. Daxili müzakirələr zamanı biz özümüz də nöqsanlarımızı dilə gətiririk. Arif bəy bir müddət proseslərdən kənarda qalıb. Hadisələrdən uzaqda olanda bir qədər başqa görüntü ola bilər, amma yaxına gələndə məlum olur ki, elə deyilmiş. Təklifləri olacaqsa, lap yaxşı. Ola bilsin ki, Ictimai Palata olaraq hər şeyi edə bilməmişik, amma əlimizdən gələni etmişik, ondan artığına gücümüz çatmayıb. Bəlkə xırda-para işləri görə bilmədik. Amma böyük mənada işimizi gördük.
Indi həbsdən çıxıblar, qüvvələrimiz bir az da çoxalıb.
Elə bir hal olmayıb ki, biz üzərimizə düşəni laqeydlikdən və ya başqa səbəbdən etməyək. Imkanımız, resurslarımız nəyə imkan verib, onu da eləmişik”.

“Ictimai Palata nəyi mümkündürsə, edib”

Ictimai Palatanın Koordinasiya Şurasının üzvü Ədalət Yusifovun A.Hacılının iradlarına cavabı çox qısa oldu: “Mən hesab edirəm ki, biz əlimizdən gələni etmişik. Ictimai Palata nəyi mümkündürsə, edib”.