Cib telefonuma antimillətçi dostum Natiq Güləhmədoğlundan zəng gəldi: “Bəy, sizi təbrik eləyirəm”. – “Nəyə görə?” – “Ramiz Mehdiyev yeni yayılmış çıxışında millətçiliyi gəlişdirmək gərəyindən danışır”. Tərslikdən beton döşəmə üzərində dayanmışdım. Necə şaşırdımsa, telefon beton döşəməyə çırpılıb yer-yerdən çat verdi. R.Mehdiyev millətçiliyinin mənə ilkin qazandırdığı bu oldu. Tanrı millətimizi qorusun!
Dostların bir çoxu məni millətçiliyin lideri sayır. Özü də tək lideri. Bu bir yaşam qazancıdır, ancaq yalnız yaşam qazancı deyil; 20-ci ilinə addayan Heydər Əliyev-Ramiz Mehdiyev ağalığı ANTISISTEM olaraq çeşidli yollarla çoxlarını milli düşüncə yolundan yayındırdı. Özünü millətçi olaraq tanıdan, milli düşüncə yolçusu olan bir çoxları getdikcə əliyevçi antimilli rejim əlaltısına çevrildi. Beləliklə, çoxalmadan təklənməyə doğru bir yol başladı. Öyünməyə dəyərmi? Sözsüz, yox. Tək əldən səs çıxmır, özün deyib, özün eşidirsən. Illərlə millətinin necə yağıcasına aşındırıldığına baxa-baxa qalırsan. Düşmənlərin bu yolda etdiyi bir yana, dünənədək özünü millətçi olaraq tanıdanların antimilli sistem əlaltısına çevrildiklərini görmək adama daha çox yer eləyir, adamı daha çox yandırır…
Ötən yüzilin 70-ci illərindən bu yana H.Əliyevlə yanaşı “kommunizmin zirvələrinə aparan yollarda” Azərbaycan xalqına qan udduran, elə bu yolla da gəlib administrator-akademik görəvinə yiyələnən, H.Əliyevdən sonra ölkədə başlıca antimilli ideologiya, antimilli siyasət daşıyıcısına çevrilən Ramiz Mehdiyev bu gün millətçiliyi gəlişdirmək gərəyindən danışırsa, bizə bir daha bunu demək qalır: Tanrı millətimizi qorusun!
Əlimin altında R.Mehdiyevin “elmi əsərlərinin” sıralaması durur. Onu mənə bir dostum göndərib. O sıralamadan Sovetin son dönəminə düşənləri burada göstərmək yerinə düşər:
5) Leninçi beynəlmiləlçiliyin və sovet patriotizminin təntənəsi – 1987;
6) Yenidənqurma və beynəlmiləlçilik tərbiyəsinin bir sıra məsələləri – 1988;
7) Sosialist beynəlmiləlçiliyi və yeni düşüncə – 1990.
Beynəlmiləlçilik Azərbaycan KP Mk-nın birinci katibi H.Əliyevin gündəlik çıxış, ideoloji katib R.Mehdiyevin gündəlik yazı qonusu idi. Onlar sözdə beynəlmiləlçi, işdə regionçu, klançı idilər. Beynəlmiləlçi çıxışlar, yazılarla onlar Sovet boyda dövləti aldadıb ələ salırdılar. Düzünə qalsa, onlar “dovşanı arabaynan tutan sovet dövlətini” deyil, Sovet dövləti, Kreml, KQB ilə əlbir, dilbir olaraq yazıq Azərbaycan xalqını aldadır, Azərbaycan xalqına kələk gəlirdilər. Onlar beynəlmiləlçilik şüarlarına bürünərək kəsinliklə regional kadr siyasəti yürüdür, klançılıq yolu tuturdular. Bu, Kremlin özü üçün də əlverişli siyasət olduğundan ortadakı yalanlar üstüörtülü qalırdı. H.Əliyev də, R.Mehdiyev də Azərbaycan xalqının deyil, Moskvanın – Kremlin – KQB-nin yetişdirib başa çıxardığı kadrlar idi. Bu baxımdan günü bu gün də bilmək çətindir; R.Mehdiyev birdən-birə millətçilik bayrağı qaldırmaqla kimin tapşırığını yerinə yetirir: Moskvanın – Kremlin – KQB-nin, yoxsa… Ölkədə 40 ildən bəri regionçuluq-klançılıq-rüşvət-korrupsiya-oğurluq-soyğunçuluq siyasətinin başında duranlardan biri (2003-cü ildən bu yana birincisi) dönüb millətçilik yolu tuta bilərmi? Belə bir transformasiya baş verə bilərmi?
Mənim düşüncəmə, eləcə də inancıma görə, millətçilik qanunçuluq deməkdir. Qanunçu olmayandan millətçi olmaz. (Bilənlər bilir: mən bunu işdə göstərmişəm). Çoxillik siyasi karyerası boyunca qanunçuluq yerinə yalançılıq yolu tutanlar millətçilik bir yana, millətə gərəkli kimsələr ola bilməzlər. Illərdir biz bunu görə-görə gəlirik. Kimliyindən asılı olmayaraq qanunçu olmayanın millətçiliyi yalandır. Hakimiyətdə Ramiz Mehdiyev, müxalifətdə Pənah Hüseynov – hər ikisi içiboş, yararsız ideyalar fabrikidir…

Antimilli sistem millətçiliyi
•