ABŞ-dan Türkiyəyə açıq dəstək

Ağ ev Ərdoğanın Əsədi hədələməsini təqdir etdi

Suriyanın Türkiyəyə məxsus kəşfiyyat təyyarəsini vurmasından sonra yaranmış gərginlik davam edir. Rəsmi Ankara Dəməşq rejimini sərt hədələrlə xəbərdarlıq edib. Baş nazir Rəcəb Tayyib Ərdoğanın Suriya tərəfdən Türkiyə sərhədinə yaxınlaşacaq ən adi ünsürün hərbi təhdid kimi qəbul olunaraq vurulacağına dair bəyanatı geniş rezonans doğurub. Bəziləri hətta bununla Türkiyənin Suriyanı düşmən elan etməsi anlamı daşıdığını da bildirir.

Dünyanın aparıcı ölkələri Ərdoğanın açıqlamasına münasibət bildirib. ABŞ Türkiyənin tutduğu mövqeyi dəstəklədiyini bəyan edib. Ağ Evin mətbuat katibi Cey Karni jurnalistlərə açıqlamasında Rəcəb Tayyib Ərdoğanın Suriyayla bağlı çıxışını təqdir etdiklərini və Türkiyəni indiki mövqeyinə görə dəstəklədiklərini söyləyib.

Karni prezient təyyarəsi “Air Force One” da jurnalistlərin suallarını cavablarkən Türkiyənin tələbiylə toplanan NATO-nun iclasına da toxunub. ABŞ və NATO-nun Türkiyə ilə həmrəy olduğunu vurğulayan Karni Əsəd rejiminin dəyişdirilməsi üçün Türkiyə və digər müttəfiqləriylə birgə çalışacaqlarını da deyib. Ağ ev sözçüsü son günlər Suriya ordusundan qaçaraq İordaniya və Türkiyəyə sığınan hərbçiləri misal göstərərək Bəşər Əsədin hakimiyyət və ordu üzərində nəzarəti itirdiyini bildirib.

Bu arada Rusiya da türk təyyarəsinin vurulmasına münasibət bildirib. Xarici İşlər Nazirıiyinin xüsusi nümayəndəsi Aleksandr Lukaşeviçin sözlərinə görə, təyyarənin vurulmasını əvvəlcədən planlaşdırılmış hadisə və ya təxribat kimi dəyərləndirmək düzgün deyil. Nazirlik nümayəndəsi hadisəyə görə ciddi narahatlı keçirdiyini də əlavə edib. Lukaşeviç vurulan təyyarə ilə bağlı Türkiyə ilə Suriyanın birgə araşdırmalar aparmalı olduğunu da söyləyib.

azadliq.info