Misir Mərdanov, İlham Pirməmmədov və Şahrza Əliyevin başı dərddə
Təhsil naziri Misir Mərdanov, nazirliyin aparat rəhbəri İlham Pirməmmədov və iqtisadiyyat şöbəsinin müdiri Şahrza Əliyevin vəziyyəti kritikdir. “Azadlıq”a daxil olan məlumatlara görə, hər üç məmura nəinki işdən çıxarılmaq, hətta həbs təhlükəsi yaranıb.
Xatırladaq ki, “Azadlıq”ın ötən saylarında Ilham Əliyevin son müşavirədə uşaq bağçaları ilə bağlı tənqidi nitqinin təsadüf olmadığını yazmışdıq. Bildirmişdik ki, bu məsələnin gündəmə gətirilməsi Misir Mərdanovun “vurulması” planının tərkib hissəsidir. Ilham Əliyev həmin çıxışında ad çəkməsə də, Misir Mərdanovu “yemək oğrusu” adlandırmışdı: “Mən çox narahatam və narahat idim ki, gələn siqnallar da onu göstərir, hətta uşaqlara heç o aşağı səviyyəli normativlər də verilmir. Uşaqlar ya ac qalır, ya da ki, evlərindən özü ilə yemək gətirirlər”.
Dünən əldə etdiyimiz məlumatlarda isə deyilir ki, təhsil sahəsinə “əl gəzdirilməsi” yalnız Misir Mərdanovla məhdudlaşmayacaq. Onun komandasının əsas üzvləri də nazirin yaşadığı aqibəti yaşaya bilər. Konkret olaraq uşaq bağçaları ilə məsələdə Misir Mərdanovla yanaşı Şahrza Əliyevin başı dərddədir. Çünki iqtisadiyyat şöbəsinin müdiri kimi maliyyə məsələlələrinə məhz o nəzarət edir.
Misir Mərdanov İlham Pirməmmədov Şahrza Əliyev
Məlumatlarda qeyd edilir ki, Şahrza Əliyevin sabiq müavini, şair Əli Kərimin oğlu Orxan Kərimovun azadlığa buraxılması da təsadüfi deyil. Qeyd edək ki, Orxan Kərimovun vəkilləri onun barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət qaldırmışdılar. Hakim vəsatəti təmin etməmişdi. Lakin bundan bir qədər sonra hakim qərarını qəfildən dəyişmişdi və Orxan Kərimov azadlığa buraxılmışdı.
Bu, yazıçı Anarla deputat Sabir Rüstəmxanlının Ilham Əliyevə müraciətilə izah edilsə də, əsl səbəb bu deyil. Məlumatlarda bildirilir ki, sadəcə Anarla Sabir Rüstəmxanlının müraciəti Misir Mərdanovun və komandasının “vurulması” məsələsinin gündəmə gəlməsilə eyni vaxta təsadüf edib. “Yuxarılar”da təhsil nazirilə bağlı planın müzakirə edildiyi ərəfədə belə bir müraciətin olması barədə Ilham Əliyevə məruzə ediləndə o, bu məsələnin də ciddi araşdırılmasını tapşırıb. Bəllidir ki, Orxan Kərimov qanunsuz köçürmələrə görə həbs edilib. Lakin onun özü heç bir təqsirinin olmadığını blidirib. Orxan Kərimov deyib ki, kimlərsə onun adından istifadə ediblər.
Məlumat üçün bildirək ki, köçürmə əməliyyatlarında əsas rolu Misir Mərdanov, Ilham Pirməmmədov və rektorlar oynayır. Rektorların üzərinə az məsuliyyət düşür, çünki istənilən halda bu məsələ ilə bağlı son sözü Təhsil Nazirliyi deməlidir. Prosedur belədir: Rektorlar hansısa tələbənin rəhbərlik etdikləri təhsil ocağına köçürülməsi ilə bağlı nazirliyə müraciət edir. Nazir məsələnin araşdırılmasını aparata tapşırır. Nəticə müsbətdirsə, nazirin imzası ilə məsələ həllini tapır. Deməli, Orxan Kərimovun işi obyektiv araşdırılacağı təqdirdə əsas hədəfə gələnlər Misir Mərdanovla Ilham Pirməmmədov olacaq. Bu baxımdan hazırda hər üç məmur – Misir Mərdanov, Ilham Pirməmmədov və Şahrza Əliyev vəziyyətdən çıxış yolları axtarırlar.
Hikmət