sahib kerimov-yeni

“İslah” olunmayan vicdan məhbusu ilə söhbət

sahib kerimov-yeniSahib Kərimov: “Sistemin ədalətsizliyinə susmaq sənin ədalətli mühakiməni təmin etmir”

«Hədəfimiz demokratiyadı»

Hökumət diliylə desək, Sahib Kərimov islah olunmayıb. Bunu keçmiş vicdan məhbusunun özü də etiraf etdi: “Yəni eyni mövqedə qalmağımı islah olunmamaq kimi qiymətləndirirsinizsə, elə olsun”.

Sahib bəy necə həbs olundu?

Biz Göyçaya başqa bir niyyətlə getmişdik, yolun bir qədər yaxınlığı Şəkiyə də yolumuzu saldı. Budur, ikinci dəfə Şəkinin Bideyiz kəndinə gəlirik. Birinci dəfə AXCP sədrinin müşaviri Sahib Kərimov həbs olunanda ailəsiylə görüşmüşdük, bu dəfə isə gözaydınlıq üçün Kərimovlara baş çəkirdik. Qonaqların sayı-hesabı yoxdur. Qarmaqarışıqlıq, Sahib bəy isə siqaret çəkə-çəkə dalğın fikirlərə qərq olub. Qarşısında dururuq, bizi görür, sanki kim olduğumuzu ayırd edə bilmir. “Sahib bəy” deyəndən sonra yuxudan ayılmış kimi üzümüzə baxır və görüşür.
Kef-əhvaldan sonra Allah bilir, neçənci süfrə düzəlir. Oturub, şəkililər demişkən, bir loxma çörək yeyib söhbətimizi başlayırıq. Elə bil 1 il 2 ay həbs olunan o deyil. Yenə əvvəlki, yenə eyni ovqatda danışır. Bəli, bu o deməkdir ki, o, “islah” olunmayıb…
Onunla söhbətə ilk gündən – 2 aprel mitinqdən başlayırıq. Deyir ki, həbs olunacağını öncədən bilirmiş: “Ötən ilin martın 12-də Müsavat partiyasının etiraz aksiyası oldu. Həmin vaxt təmsil olunduğum partiyanın işi iləbağlı rayonda idim. Polis məni saxladı və 5 sutka inzibati həbs cəzası aldım. 2 aprel mitinqindəysə, sən demə, hər yerdə axtarılırdım. Çox çətinliklə aksiyada iştirak elədim və həmin gün həbs olunmadım. Aksiyadan sonra 8 apreldə yenə işimlə bağlı rayona gəlmişdim. Səhər saat 7 olardı. Atam qapını döyüb dedi ki, həyətdə çoxlu sayda polis işçiləri var. Həyətə çıxıb gördüm ki, 25 nəfər polis işçisi qapımıza toplaşıb. Onlarla görüşdüm, mənə dedilər ”bizimlə getməlisən”. Heç nə olmamış kimi əl-üzümü yudum və onların müşayiəti ilə səhər yeməyi yedim. Polis əməkdaşlarının bir hissəsinin səbrlə, bir hissəsinin gülərək, bir hissəsinin isə çox acıqlı baxışları altında səhər yeməyini yekunlaşdırdım. Küçəyə çıxanda polis rəisinin müavinini gördüm. O, əməliyyata rəhbərlik edən şəxs idi. Sonradan polislər etiraf etdi ki, mənim dalımca bu qədər polisin gəlməyinə ehtiyac yoxdu. Çünki məni çağırsaydılar, gedəcəkdim. Bircə onu deyə bilərəm ki, hər şeyə psixoloji cəhətdən hazır idim”.
Sahib Kərimov məhbəs həyatı yaşayan zaman ailəsinin bütün sınaqlardan üzüağ çıxdığını deyir: “Onlar da mənim kimi hər şeyə hazır idi. Bunu siyasi dividend kimi qəbul edirəm. Bizi hansı çətinliklərin gözlədiyini həyat yoldaşıma, uşaqlarıma, valideynlərimə aşılaya bilmişdim. Ailəmiz bunu soyuqqanlılıqla qarşıladı”.

sahib-kerimov-aile

“Nifrətimiz fərdlərə deyil, avtoritarizmə köklənib”

Yavaş-yavaş söhbətin məcrası məhbəs həyatıyla bağlı olur. Qəhrəmanımız deyir ki, nə fiziki, nə də psixoloji basqılar altında olub: “Bütün proses qeyri-qanuni olsa da, bunun mənə heç bir mənfi təsiri olmadı. Səbail Rayon Polis Idarəsinə aparıldım. Saxlanmağımla bağlı protokol tərtib olunandan sonra idarənin təsridxanasında 2 aprel aksiyasına görə həbs olunan digər müxalifətçi dostlarımı gördüm. Ancaq o vaxt mən bilirdim ki, barəmdə cinayət işi qaldırılıb. Işin başlanğıcında qeyd edilirdi ki, icazəsiz etiraz aksiyasında həbs olunan şəxslər. Əslində icazəsiz aksiya deyə bir termin yoxdur, razılaşdırılmış və razılaşdırılmamış aksiya var. Sərbəst toplaşmaq hüququnu bizə konstitusiya verir. Biz bu hüquqlarımızı müdafiə edirdik. Məhkəmədə işverənlik edən insanları aksiyada görmüşdüm. Ancaq bizə cinayətkar damğasının vurulmasının qarşısını ala bildik. Bu ifadələri verəcək 50-60 nəfər polis və vətəndaş tapa bilmişdilər. Məqsədlərimiz ali olduğundan nifrətimiz fərdlərə deyil, avtoritarizmə kökləmişik. Üzümüzə durmağa cəhd edən şəxslər məzlum görkəmdə idilər”.
7 ay Istintaq Təcridxanasında olan Sahib Kərimov deyir ki, ora qapalı mühitdi: “Kitabxanaya gedəndə nəfəslikdən bayıra baxa bilirsən. Orada çox maraqlı insanlarla ünsiyyət saxlamaq olur. Hərbi komissarlar, sosial təminat şöbəsinin müdirləri, Bakıda böyük binalar tikən tikinti şirkətlərinin rəhbərləri… saymaqla bitməz. Bəzən bizə məsləhət görürlər ki, başınızı aşağı salın işləyin. Orada bir daha şahidi oldum ki, başını aşağı salmaqla iş bitmir. Onlar da başlarını aşağı salmışdılar, ancaq yenə də içəridə idilər. Onların mövcud sistemə qarşı mübarizə aparmamaqları həbs olunmaqdan sığortalamamışdı. Onlarla mənim həbsimin arasındakı fərq böyük idi. Mənə maksimum 3 il həbs cəzası verilə bilərdi, haqqımda məhkəmə hökmü olmadan Beynəlxalq Aministiya Təşkilatı məni ”vicdan məhbusu” elan eləmişdi, arxamda beynəlxalq, daxili ictimai rəy var idi, qəzetlər hər gün məndən yazırdı, hüquq müdafiəçiləri azadlığa buraxılmağımı tələb edirdi. Onların cinayət işlərinin cəzası 7-12 il idi. Bir çoxu da haqsız, ədalətsiz mühakimə olunurdu. Bir daha əmin oldum ki, sistemin ədalətsizliyinə susmaq sənin ədalətli mühakiməni təmin etmir”.

Məhbəs həyatının bir günü

Sahib Kərimov 14 saylı Cəzaçəkmə Müəssisəsində günahsız yerə cəza çəkdiyini qeyd edir: “Bu müəssisə ən ağır cəzaçəkmə müəssisəsi sayılır. Azərbaycan iqtidarı siyasi rəqiblərini məhz 14 saylı cəzaçəkmə müəssisəsində cəzalandırır. Orada karyerlər var ki, onlar sement zavodu üçün məhsullar hazırlayır. Hava tozludur. Cəzaçəkmə müəssisəsi Sovet dövründə inşa edilib. Yaxınlıqdan dəmiryol xətti keçir ki, bu da yatmağa mane olur. 140 nəfər bir barakda yatır. Ventilyasiya sistemi yoxdur. Bu şərtlər altında qalmaq çox çətindir”.
Keçmiş məhbus məhbəsdə olan zaman gündəlik həyat tərzindən də söz açır: “Saat 7-də oyanırdıq. Yerimizi yığışdırırdıq, əl-üzümüzü yuyurduq. Təbii ki, çox vaxt su gəlmirdi. Biz 5 vicdan məhbusu arasında bir bölgü vardı. Axı biz həm də”xlebnik” idik. Növbəndirsə, yemək hazırlayırdın. Yeməkdən sonra 1 saat gəzməyə vaxtımız qalırdı. Sonra səhər yoxlaması olur. Yoxlama yekunlaşandan sonra əgər məhkumun yanına gələn şəxslər hazır yemək gətirməyiblərsə, saat 1-ə işləmiş yemək bişirilməyə başlanılırdı. Burada bıçağın alınması, yeməyin bişirilməsi prosesi var. Həmin müddətdə növbəsi olmayanlar gəzə, kitab oxuya bilərlər. Günorta yeməyindən sonra yenə iki saat boş vaxtımız olurdu. Yenə yoxlama olurdu. Axşam yeməyi hazırlıqlarına baxmalı olurduq. Axşam çalışırdım futbol oynayam. Vicdan məhbuslarından ibarət bir dəfə komanda yaratdıq. Çox maraqlı bir oyun oldu. Qapıda Vidadi Isgəndərli dayanmışdı. Komandalar formal olaraq Şahin Həsənlinin və mənim komandalarım idi. Daha sonra Şahin Həsənlini Tural Abbaslı əvəz elədi. Tural Abbaslının komandasında 2 nəfər həbs olunan peşəkar futbolçu vardı. Zaman-zaman həm onlar qalib gəlirdi, həm də biz. Iki oyunumuz oldu Şahin Həsənli ilə. Bir dəfə onun komandası qalib gəldi, bir dəfə bizim”.

Əfvdən imtina

“Vicdan məhbuslarının azadlığa çıxması digər məhbuslarla müqayisədə daha çox idi. Biz azadlığı dekabrda gözləyirdik. Martda da ümidlənmişdik. Ancaq adımız siyahıda olmadı. Həmin günün səhəri bizə müəssisə rəisi təklif etdi ki, əfv ərizəsi yazaq. Eyni şey bütün cəzaçəkmə müəssisələrində baş vermişdi. Insanda əfvdən gözlədiyi ümid boşa çıxdıqda ona əfv ərizəsi yazmaq təklif olunur. Bizə təklif edildi, imtina elədik”, – deyir Sahib Kərimov.
Müsahibimiz deyir ki, hədəfləri demokratiyadır: “Fundamental hüquqların bərpası üçün mübarizə aparırıq. Yolumdan, əqidəmdən dönməmişəm və dönmərəm”.
Sahib bəy söhbəti “həbsxanadan qorxmaq lazım deyil. Ora yaxşı yer olmasa da, pis yer də deyil. Məhbəs həyatı cəmiyyətin bir hissəsidir”- deyə yekunlaşdırdı.
Sahib bəylə“vidalaşıb” ailəsiylə söhbətə başlayırıq. Nə atası Fərman kişi, nə həyat yoldaşı Ülviyyə xanım, nə də böyük qızı Nərmin onun əfvlə çıxacağını gözləyirmiş. Hər üçü deyir ki, ötən müddət ərzində onlara o qədər ümid verilmişdi ki, bunlar puça çıxanda, yalnız Sahibin öz zəngi onları inandıra bilərdi.
Sahib bəyə“qaqaş” deyə müraciət edən Asif Kərimov isə qardaşının azadlığa çıxmasından çox sevinir: “Sahib mənə ikinci atadır. Kimsə yanımda ”qardaş” kəlməsi işlədəndə pis olurdum. Istəyirdim Sahib də yanımda olsun. Mən həmişə ondan məsləhət alırdım. Həbsdə olan müddətdə isə daha heç kimdən heç bir kömək gözləmirdim. Indi yanımdadır, hər şey əladı”.

sahib-ikram-nerd

Reportajımızı tamamlayırıq. Məlum olur ki, Müsavat partiyasının üzvü, sabiq deputat Ikram Israfil Bideyizə – öz evinə gəlib. Qonşusuyla həyətdə nərd oynayan keçmiş deputatı qəfil yaxalayırıq.
Xoş-beşdən sonra cəbhəçi ilə müsavatçının “nərd dueli” başlayır. Ağ daşda oynayan Sahib bəy oyunun elə yarısında qalib olacağını sübut edir. Ikram bəyin beşdən artıq daşı “rəqib meydanı”nda idi. Oyun tamamlanmır və mars hesaba alınır. Ikram bəy isə gülə-gülə “hökumət bilir niyə vicdan məhbuslarını azadlığa buraxmır” deyərək oyuna və söhbətə son qoyur.
Biz bu oyun kimi reportajımızı da tamamlayırıq…

Ramin DEKO
Bakı-Şəki-Bideyiz