Moskva Tartus limanında hərbi qüdrətini artırmaq üçün hazırlıq görür
Rusiya Suriyadakı hərbi-dəniz bazasını müdafiə məqsədiylə iki döyüş gəmisi göndərdyi Tartus limanına indi də canlı qüvvə yerləşdirməyə hazırlaşır. “İnterfaks”ın hərbi mənbələrə istinadən verdiyi xəbər rus və Qərb mediasında daha əvvəl yayılan məlumatlar təsdiqləyib.
“İnterfaks” agentliyinin xəbərində Rusiya hakimiyyətinin Nikolay Filçenkov və Sezar Kunikov əsgər daşıyan gəmilərini Suriyanın Tartus limanına göndərəcəyi bildirilsə də, dəqiq vaxt göstərilməyib. Xəbərə görə, rusiyalı rəsmi gəmilərdə Suriyadakı rusları qorumaq və məcburiyyət yaranacağı təqdirdə Tartus hərbi-dəniz bazasındakı avadanlıqları geri daşımaq məqsədiylə sayı bilinməyən dəniz piyadalarının olduğunu söyləyib.
Xatırladaq ki, Rusiyanın keçmiş Sovet İttifaqından kənarda yeganə hərbi-dəniz bazası Suriyanın Tartus limanındadır. Rusiya ötən 40 il ərzində Suriyaya milyardlarla dollar dəyərində silah, döyüş təyyarələri, tanklar, toplar və digər hərbi vəsaitlər verib. Rəsmi Moskva Bəşər Əsəd rejiminə “xarici işğala qarşı Suriyanı qorumaq üçün” silah təmin göndərdiyini iddia etsə də, üsyançılarla vuruşan hökumət qüvvələrinə kiçik çaplı silahlar vermədiyini bildirir.
azadliq.info