Jirinovskidən növbəti sərsəm bəyanat

“Suriya Türkiyəyə aid bütün təyyarələri vura biləcək gücə sahibdir”

Şovinist və qeyri-adi açıqlamaları ilə tanınan rusiyalı siyasətçi, Liberal Demokrat Partiyasının (RLDP) sədri Vladimir Jirinovski Suriya sərhədini pozan Türk hərbi təyyarəsinin vurulması olayına münasibət bildirib. Jirinovski Suriyanın atdığı addımı dəstəklədiyini söyləyib. Onun sözlərinə görə, Suriyanın hava müdafiə sistemi Türkiyəyə aid bütün təyyarələri vura biləcək gücə sahibdir.

Türkiyəni Suriya məsələsində ehtiyatlı olmağa çağıran Jirinovski son zamanlar ABŞ və NATO-nun Suriyadakı vəziyyəti daha da gərginləşdirərək Əsəd rejimini dəyişdirmək məqsədiylə hərbi müdaxilə üçün bəhanə axtardığını deyib. RLDP sədrinin sözlərinə görə, Qərb Liviya və Misirdə olanların Suriyada da təkrarlanmasını istəyir:“Təəssüf ki, Türkiyə də bu beynəlxalq təxribata qarışıb. Türkiyə qəsdən hərbi təyyarə ilə Suriya sərhədlərini pozub. Və həmin təyyarə çox haqlı olaraq da Suriya hava müdafiə qüvvələri tərəfindən məhv edilib. Suriya dünyanın ən güclü hava hücumundan müdafiə sisteminə sahibdir. Və bu sistem bütün hava pozuntularını önləyəcək gücdədir. Türkiyə bütün təyyarələrini oraya göndərə bilər, amma hamısı vurulacaq”.

Türkiyə prezidenti Abdulla Gül ilə dostluğunu xatırladan Jirinovski “dostum Abdulla Gülə bir daha bunu söyləyirəm. Tutduğunuz mövqedən imtina edin. Çünki Suriyada rejim dəyişdiriləndən sonra İrana hücum olacaq. ABŞ isə vəziyyəti sakitləşdirmək üçün kürdlərin yeni bir müstəqil kürd dövləti qurmalarına icazə verəcək. Bu isə Türkiyəyə zərbə vurmaqdır. Bu Şimali İraq və İranın qərb bölgələrinə təsirsiz ötüşməyəcək. Baş verənlərdən Qərb qazanacaq, itirən isə Türkiyə, Suriya, İran və ümumi olaraq İslam dünyası olacaq” söyləyib.

Yaxın Şərqdə baş verəcək yeni gərginliyin Rusiyaya da mənfi təsir edəcəyini söyləyən RLDP sədrinin sözlərinə görə, əgər İran bombalansa milyonlarla qaçqın şimala axın edəcək. Buralar isə Ermənistan, Gürcüstan, Azərbaycan torpaqlarıdır. Yəni Rusiyanın cənub sərhədləri etibarsız hala düşəcək. Jirinovski Türkiyənin NATO-ya güvənməməli olduğunu da sözlərinə əlavə edib:“NATO heç vaxt Türkiyənin maraqlarını müdafiə etməz. Türkiyə üçün döyüşməz. Bu səbəbdən Brüsselə şikayət etməyə dəyməz. Onlar onsuz da Türkiyəni Avropa Birliyinə də qəbul etmədilər və heç zaman da qəbul etməyəcəklər. Türklərə yüz dəfə söylədim “NATO-dan çıxın”. Siz isə NATO-da çıxmaq əvəzinə NATO-nun Suriyaya hücum etməsi üçün əlverişli şərait hazırlıyırsınız. Bəlkə bir gün Rusiya ilə ABŞ savaşar. Amma bu döyüş Türkiyə, İran və Suriya torpaqlarında olacaq. Bu durumda da ya Moskva, ya da ABŞ qazanacaq. Itirən yenə siz olacaqsınız”.

azadliq.info