“Bu, kişiyə yaraşan söz deyil, onu məhkəməyə də verə bilərik”
“Arzu Babayev elə bilir ki, bununla atası Nəbi Xəzriyə hörmət edir, əslində isə onun ruhunu narahat edir”.
Bu sözləri Lent.az-a açıqlamasında əməkdar artist Elza Seyidcahan xalq şairi Nəbi Xəzrinin oğlu Arzu Babayevin sənətçilərlə bağlı ittihamlarına cavab verərkən deyib. Müğənni Arzu Babayevin “uzun illər sevə-sevə dinlənilən və dillər əzbəri olan “Ağ çiçəyim” mahnısından sonra eyni adla yenidən mahnı yazılması artıq plagiatlıqdır” sözlərini atasının ruhuna qarşı hörmətsizlik olduğunu söyləyib: “ Mən 12-13 yaşımdan Nəbi Xəzrinin evinə gedib-gəlmişəm. O, məni çox istəyib. Arzu Babayevin sözlərinə gəlincə, bu mövzuya hər kəs müraciət edə bilər. Əsas odur ki, sevilsin. Əksinə o, gəlib bizi təbrik edərdi ki, atasından və Emin Sabitoğlundan sonra bu adda mahnı yaranıb. Onda belə çıxır ki, heç kim “Azərbaycan” adında mahnı yazmamalıdır? Bu qısqanclıq bizi hara aparacaq? O, görüb ki, bizim mahnımız sevildi, alqışlandı, ona görə də qısqanıb”.
Əməkdar artist Arzu Babayevin onların sənətinin sıfır adlandırmasına da kəskin reaksiya verib: “Bu, centlmen bir kişiyə yaraşan söz deyil. O nə deməkdir ki, Cığatel yel olub keçə bilməz, Elza Seyidcahan sənəti sıfırdır. Bu sözünə görə onu məhkəməyə də verə bilərik. Bizi təhqir etməyə ixtiyarı yoxdur. Mən onu tanımıram, üzünü də görməmişəm. Amma adını eşitmişəm. Nəbi Xəzrinin oğlu olduğu üçün ona sərt söz deməyəcəyəm”.