İllərlə tanıdığımız, çox güvəndiyimiz, çox bəyəndiyimiz bir insanın – Isaxan Aşurovun ölüm xəbərini aldığımız gün sırf təsadüf nəticəsində yazıçı Seymur Baycan mənə Viktor Hüqonun Volter haqqında çıxışının ana dilimizə tərcüməsini yollamışdı. Çıxış Volterin ölümünün 100 illiyinə həsr edilib, amma sanki həmin gün ölmüş adamın dəfni zamanı söylənilən yanğılıbir çıxışdır. 100 ildən sonra insanın ölümü haqda bu qədər yanğı ilə nitq söyləmək, itkinin böyüklüyündən danışmaq sıradan bir şey deyil. Çıxış zamanı insanlar Hüqonun bu həyəcanlı nitqinə tez-tez əl çalır, Volterin xatirəsini alqışlayırlar.
Həmin gün bu çıxışı oxumaq hislərimə tam uyğun idi. Ovqatımla tam səsləşirdi. Oxuyub daha da kədərləndim. Hüqonun möhtəşəm sözləri məni ağuşuna aldı. Həm də ona görə ki, 100 il, 300 il əvvəl deyil, eləhəmin gün çox dəyərli bir insanı itirmişdik. Deməli, insan itkisi təsəvvür etdiyimizdən də böyükdür, onu hətta 100 il sonra da hiss etmək olur. Deməli, bu itkinin yeri 100 il sonra da dolmur. Viktor Hüqonun qədər incə yaşayıb-yaradan və ahıl yaşında ölən böyük Volter barədə çıxışından gəldiyim nəticə bu idi. Təsəvvür edin, böyük yazıçı həmin çıxışa belə başlayır: “Düz 100 il əvvəl bu gün bir insan öldü”.
Bizim zəmanənin çox dəyərli insanlarından olan Isaxan Aşurov isə eləhəmin gün, həm də vaxtsız ölmüşdü. Elə bir insana çox böyük ehtiyacımız olduğu bir zamanda. Onun kimilərinin çox az olduğu bir dövrdə.
Bir neçə gün keçdikdən sonra da anladım ki, Viktor Hüqo tamamilə haqlıdır. Mən sadəcə onun böyük istedadla səsləndirdiyi fikirlərin güclü təsirinə qapılmamışdım. Hər tərəfdən eşitdiklərim, gördüklərim onu tam haqlı çıxarırdı. Ictimai miqyasda faydalı olan insanların yerini doldurmaq heç cür mümkün olmur.
Indi avtoritar rejimin haqsız həbsə atdığı, təqib etdiyi insanları müdafiə edən nəqədər adam var ki?! Həm də Isaxan bəy kimi təcrübəli, bilikli, dirənişli.
Indi polis rəisi olduqdan sonra insanlar arasında səmimi hörmətə sahib olan nəqədər adam var?
Indi o cür həyat dolu, mübariz, şən vəhəm də cəsur olan çoxmu insan var?
Isaxan bəyin bizim cəmiyyət üçün çox gərəkli bir şəxs olduğu hələ xəstə olduğu dövrdə hiss edilmişdi. Çətin anlarda axtarırdıq, tapa bilmirdik…
Amma hər kəs o cür ölə bilmir…
Bu bir neçə gündə itkinin ağır olduğunu dərk etməklə yanaşı, başqa bir gerçəyi də gördüm. Nə qədər vaxtsız ölüm olsa da, xoşbəxt ölümdür. Hər yanda onu necə böyük sayğı ilə anır, ondan fəxrlə danışırlar. Internetdə sosial şəbəkələri onun fotoları işğal edib, onun haqqında xatirələr, ona sayğılar saysız-hesabsızdır. Hələ dəfn olunmayıb, amma artıq xatirəsinə mükafat təsis edilib. Vaxtsız ölüm olsa da, hər kəs o cür öləbilmir. Hər kəs arxasında bu qədər sevgi, bu qədər hörmət qoyub getmir. Həmin ağır itkinin bu tərəfi dəvar. Isaxan bəy bunu qazanıb getdi. Nə qədər bədbəxt, satqın, miskin, qorxaq, dönük adamın yaşadığı bir toplumda bu cür ləyaqətlə ölmək dəsıradan bir şey deyil.
…Hətta bu sətirləri yazdıqca, onun güldüyünü təsəvvür edirəm. Son ayları çıxsaq, müalicə aldığı dövrdəhərdən özüməgüc verib ona Amerikaya zəng edərdim. Bir dəfə də o mənə zəng etdi. “Nömrəm görünmürsə, sənə”vızıv” atmışam!” deyə köhnəbir zarafatımızı xatırlatdı. O ağır günlərdə də şən vəzarafatcıl idi.
Indi onun yolunu gözləyirik, uzaq Amerikadan gələcək, biz onunla vidalaşacağıq, sağollaşıb dəfn edəcəyik. Təbii ki, mən ona doyunca “sağ ol!” deyəcəyəm. Çünki sağlığında dediklərim bəs deyil, məncə.

Dəfnində ona doyunca “sağ ol!” deyəcəyəm
•