Ştrasserin “siyasi məhbuslar” məruzəsi qəbul olundu; Bakıya 89 nəfərlik siyahı göndərilib
Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Kristofer Ştrasserin məsul edildiyi problemlə bağlı hazırladığı hesabat iyunun 26-da qurumun Hüquq Məsələləri və İnsan Haqları Komitəsində qəbul olunub.
Komitənin iclası mətbuat üçün qapalı olub. AŞ PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov “Turan”ın müxbirinə bildirib ki, qətnamə layihəsi 26 səs “lehinə”, 22 səs “əleyhinə” qəbul edilib və baxılmaq üçün qurumun payız sessiyasına çıxarılacaq.
AŞ PA-dakı məlumatlı mənbə “Turan”a bildirib ki, diskussiya kəskin xarakter daşıyıb və konkret olaraq Azərbaycanla bağlı məsələləri əhatə edib. Azərbaycandan olan 30 hökumətyönlü QHT-nin bəyanatı iclas iştirakçıları arasında yayılıb. Bəyanatda Ştrasserin məruzəsinin qeyri-obyektiv xarakter daşıdığı qeyd olunub. Lakin göründüyü kimi, hökumətyönlü QHT-lərin bəyanatı işə yaramayıb.
İclasdan sonra Ştrasser mətbuat konfransı keçirib. “Azərbaycanda siyasi məhbuslara dair məruzənin hazırlanması zərurəti ondan irəli gəlib ki, 2005-ci ildən ölkə rəhbərliyi bu sahədə Avropa Şurası ilə əməkdaşlıq etməyib”, – deyə o, mətbuat konfrasında bildirib. Almaniyalı məruzəçi hesabatın müzakirəsi zamanı həmkarlarının dəstəyindən və hazırladığı sənədin qəbul edilməsindən məmnunluğunu ifadə edib. Bununla belə, Ştrasser təəssüflə qeyd edib ki, Azərbaycan hakimiyyəti onun ölkəyə səfərinə və vəziyyətlə yerində tanış olmasına maneçilik törədib: “Ölkəyə gəlmək barədə müraciətlərimə ”bizdə siyasi məhbus yoxdur” cavabını aldım”.
“Azərbaycana gəlməyə hazıram, ancaq Avropa Şurasının qaydalarına uyğun, turist kimi yox”
Kristofer Ştrasser ümid edir ki, Komitə hesabatı qəbul etdikdən sonra Azərbaycan hakimiyyəti sənəddə öz əksini tapmış tövsiyələri yerinə yetirəcək.
Qəbul olunmuş hesabatın əhəmiyyətindən danışan Ştrasser bildirib ki, Avropa Şurasının üzvü olan ölkədə insan hüquqları ilə bağlı məsələnin bu şəkildə problemə çevrilməsi Avropa Şurası Parlament Assambleyasının diqqətindən kənarda qala bilməz.
Azərbaycanda siyasi məhbusların sayı barədə suala cavabında Ştrasser deyib ki, ona 89 nəfərin adı daxil olub və o, bu siyahını hakimiyyətə göndərib.
“Lakin biz məhkəmə deyilik və konkret qərar qəbul etmirik. Biz Avropa Insan Haqları Konvensiyası ilə zəmanət verilmiş azadlıqlara əməl olunmaqla, manipulyasiyadan imtina edilməklə, vəkillərin iştirakı təmin olunmaqla ”siyasi məhbus” anlayışının meyarları əsasında bu işlərə baxılmasını tələb edirik”, – deyə Ştrasser vurğulayıb.
9 vicdan məhbusunun azadlığa buraxılmasını müsbət hal kimi qiymətləndirən məruzəçi Azərbaycan hakimiyyətini siyasi məhbuslar problemini tamamilə həll etməyə çağırıb və Azərbaycana gəlməyə hazır olduğunu bir daha bəyan edib: “Mən Azərbaycana gəlməyə hazıram, ancaq Avropa Şurasının qaydalarına uyğun olaraq, turist kimi yox. Əgər Azərbaycan hakimiyyəti siyasi irəliləyişə nail olmaq istəyirsə, əməkdaşlığa hazır olmalıdır”. Məruzəçi qeyd edib ki, ona siyasi məhbuslar siyahısında adı olan adamlarla görüşmək imkanı yaradılmalıdır.
Ştrasserə Çavuşoğlu əngəli
Hesabata gəlincə, sənəd 17 bənddən ibarətdir. Bura siyasi məhbusların işlərində qanunun aliliyi, məhkəmənin müstəqilliyi, açıqlığı prinsiplərinə nə dərəcədə əməl olunması da daxildir.
Ştrasser deyib ki, müzakirələr zamanı hesabatdan 4 bənd çıxarılıb. Almaniyalı deputat Azərbaycan hakimiyyətinin onun ölkəyə səfərinə qadağasıyla bağlı bəndin qəbul olunmamasından təəssüfünü ifadə edib və bildirib ki, bu, AŞ PA-nın keçmiş prezidenti, türkiyəli deputat Mövlud Çavuşoğlunun təkidilə edilib.
Ştrasser qeyd edib ki, AŞ PA payız sessiyasında Azərbaycanda siyasi məhbuslar məsələsinin müzakirəsinə yenidən qayıdacaq. Məruzəçi hesabatın hazırlanmasında göstərdikləri yardıma görə azərbaycanlı hüquq müdafiəçilərinə və digər vətəndaş fəallarına təşəkkür etməyi də yaddan çıxarmayıb.
Kimlər siyasi məhbus sayılır?
Ştrasserin araşdırmasında əksini tapan meyarlara əsasən, şəxs aşağıdakı hallarda “siyasi məhbus” sayılır:
1. Əgər həbs Avropa Insan Hüquqları Konvensiyasında əksini tapan əsas təminatlardan birinin, əsasən də fikir, vicdan və din azadlığı, fikrin ifadə olunması və informasiya azadlığı, toplaşma azadlığının (söhbət bu məsələlərlə bağlı birbaşa ittihamın irəli sürülməsindən gedir) birbaşa pozulmasıyla həyata keçirilirsə;
2. Əgər həbs qərarı sırf siyasi səbəblərlə, istənilən cinayətlə əlaqədar olmadan çıxarılırsa;
3. Əgər siyasi motivlərlə həbsdə saxlama müddəti və ya saxlanma şəraiti cinayətə proporsional deyilsə (yəni, vətəndaş həbsdə qanunla nəzərdə tutulduğundan daha çox saxlanılırsa);
4. Əgər şəxs siyasi motivlərlə, digərlərilə müqayisədə ayrı-seçkiliyə məruz qalaraq həbs olunursa;
5. Əgər həbs ədalətsiz məhkəmə çəkişmələri nəticəsində baş verirsə.
İnformasiya şöbəsi