Əbülfəz Elçibəy İstanbulda anıldı

Azərbaycan Milli Azadlıq Hərəkatının lideri, mərhum prezident Əbülfəz Elçibəyin doğum günü Türkiyədə də qeyd edilib. İstanbulda Ülkü Ocaqlarıının təşkil etdiyi anım toplantısı Esenler bələdiyyəsinin konfrans zalında keçirilib.
“Haberx” saytının yaydığı məlumata görə, Tədbirdə Azərbaycan Kültür Dərnəyinin sədri Cəmil Ünal, İctimai Palatanın üzvü, Elçibəyin kürəkəni Aqil Səmədbəyli, Ülkü Ocaqlarından Rəşid Şaşıhüseyinoğlu, Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov, türkiyəli yazar Cahit Kılıç, Azərbaycan Dostluk Dərnəyinin rəsmiləri, millətçi gənclər və İstanbulda yaşayan azərbaycanlılar iştirak ediblər.
Tədbirdə çıxış edənlər Əbülfəz Elçibəyin ideyalarından, Türk Dünyasının birliyinə verdiyi önəmdən, Türkiyəyə xüsusi münasibət bəsləməsindən, Azərbaycanla Türkiyənin inteqrasiya olunması istiqamətindəki düşüncələrindən, şəxsi keyfiyyətlərindən bəhs ediblər.
Toplantıda həmçinin, Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə Əbülfəz Elçibəyin oynadığı roldan danışılıb, onun bir illik hakimiyyəti dövründə görülən işlər xatırlanıb.
Sonda Əbülfəz Elçibəylə bağlı videomaterial nümayiş etdirilib.