Bakı-Astara yolunda ağır qəza: 4 ölü, 2 yaralı

Bu gecə saat 00.30 radələrində Bakı-Astara yolunun 33-cü kilometrliyində Ələt qəsəbəsi ərazisində ölümlə nəticələnən dəhşətli yol qəzası baş verib. Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) müstəntiqi Qəzənfər Mansurovun ANS PRESS-ə verdiyi məlumata görə, 4 nəfər ölüb, 2 nəfər yaralanıb.

Belə ki, 1976-cı il təvəllüdlü Rövşən Zəbulla oğlu Vəliyevin idarə etdiyi “Tavriya” markalı 44 BO 263 dövlət nömrə nişanlı minik maşını İran İslam Respublikasının vətəndaşı, 1952-ci il təvəllüdlü Habil Məhəmmədinin idarə etdiyi “Mercedes” markalı, İR 223 dövlət nömrə nişanlı yük avtomobili ilə toqquşub.

Qəza nəticəsində sürücü və avtomobildə olan sərnişinlər – Masallı rayonunun Ərəb kəndinin sakinləri, 1976-cı il təvəllüdlü Qasımov Ağalar Habil oğlu, onun qızı, 1994-cü il təvəllüdlü Babayeva Tünzalə Ağalar qızı və nəvəsi, 1 aylıq Babayeva Aysu Ağəli qızı hadisə yerində ölüblər.

Digər iki sərnişinlər – 1990-cı il təvəllüdlü Babayev Ağaəli Qulaməli oğlu və 1976-cı il təvəllüdlü Qasımova Ruhiyyə Cahangir qızı müxtəlif xəsarətlər alıblar. Onlar Salyan Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı BDYPİ-nin İstintaq və təhqiqat şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.