ibtimes1

“Azərbaycan: repressiv və korruspiyalaşmış ölkə”

ibtimes1“İnternational Business Times” ölkəmizdə sosial etirazların qaçılmaz olduğunu bildirdi

“Qərb ölkələri belə dövlətlərə Suriyaya olduğu kimi qeyri-legitim yanaşır”

Dünyaca ünlü biznes-siyasət saytı “İnternational Business Times”da Azərbaycanla bağlı məqalə yayımlanıb. Əsası Londonda qoyulsa da, mərkəzi ofisi ABŞ-ın Nyu York şəhərində yerləşən və on dildə fəaliyyət göstərən saytda yayımlanan məqalə “Azərbaycan – Qərbin sevdiyi repressiv, korrupsiyalaşmış ölkə: səbəb neft olmalıdır” adlanır. Məqalədə deyilir ki, bir çox hallara və göstəricilərə görə Azərbaycan olmalı yerində deyil. Azərbaycan keçmiş sovet və şiə müsəlmanlarının çoxluq təşkil etdiyi ölkə olmasına baxmayaraq şiə qonşusu İranla münasibətləri pis, İsraillə isə isti əlaqələrə malikdir.

Məqalədə Azərbaycanda ictimai-siyasi durumun bərbad halda olması xatırlanır. Qeyd olunur ki, geosiyasi baxımdan Azərbaycan ABŞ və Qərbi Avropanın demokratik ölkələri ilə yaxın əlaqələr qurmaq istəyir. Amma öz xalqı üzərində repressiv nəzarət tətbiq edir. “İnternational Business Times” yazır ki, Azərbaycan rəhbərliyi insan haqlarının ciddi şəkildə pozulmasında iştirakda şübhəli bilinirlər. Müəllif Palaş Qoşun yazdığına görə, kiçik ölkə olmasına baxmayaraq Azərbaycan son vaxtlar bir çox mühüm şəxslərin diqqətində olub.

ibtimes-azerb

Geosiyasi əhəmiyyət və repressiv ölkə

O, Britaniyanın baş naziri Devid Kameron Bakıda keçirilən neft və qaz sammitinə ünvanladığı təbrik məktubundakı “Azərbaycan enerji ehtiyatları gələn illərdə dünya iqtisadiyyatında mühüm rol oynayacaq regionun ürəyində yerləşir” fikirlərinə toxunaraq bildirir ki, Azərbaycanın Qərb dövlətləri ilə münasibətləri və onlardan aldığı dəstək narazılıqlara səbəb olub:“Geosiyasi və strateji əhəmiyyətinə baxmayaraq, ölkə repressiv və korrupsiyalaşmış dövlətdir. Bu ölkə insan haqlarının vəziyyətinə görə də mənfi imicə malikdir. Bu, məhz həmin tipli hökumətdir ki, Qərb ölkələri belə dövlətlərə Suriyaya olduğu kimi qeyri-legitim yanaşır”.

Azərbaycan Qətər və Səudiyyə Ərəbistandan da betərdir

Məqalədə ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Metyu Brayzanın Azərbaycan rəhbəri İlham Əliyevlə bağlı “Biz İlham Əliyevi diktator olaraq görmürük. Biz onu sağlam demokratiyayadək uzun yol keçməli olan, amma inkişaf etməkdə olan demokratiyaya malik ölkənin lideri kimi görürük” fikirlərinə də yer ayırıb. Müəllif daha sonra yazır Qərbin enerji ehtiyatlarına görə dost olduğu “avtokratik” rejimlərə nümunə kimi Səudiyyə Ərəbistanı, İndoneziya və Qətərin adını çəkir. Əlavə edir ki, amma həmin ölkələrdən heç biri Azərbaycan qədər korrupsiyalaşmış və repressiv deyil.

“İnternational Business Times” saytındakı məqalədə “Human Rights Watch” beynəlxalq insan haqları təşkilatının ölkəmizlə bağlı hesabatlarına istinad olunur və deyilir ki, 2011-ci ildə Azəbaycan həbsxanalarında 45 siyasi məhbus saxlanılıb:“Ötən ay polis 70 dinc nümayişçini “Eurovision” musiqi yarışması ərəfəsində həbs edib. Hakimiyyətin azad söz və etiraz cəhdlərini zorakılıqla qarşılaması ağlasığmazdır”.

Hakimiyyət tələyə necə düşüb?

“Əliyev rejiminin opponentləri qorxur ki, ölkənin neft gəlirləri müxalif fikirlilərə növbəti təzyiqlər üçün istifadə olunacaq. Onlar Qərbi Əliyevin fəaliyyətini sual altına almaqdan imtina etməklə onun ən pis instinktlərinə imkan yaratmaqda ittiham edirlər. Neft ehtiyatları Azərbaycanın ən böyük qazancı olsa da, ölkə özünün enerji sektorundan hədsiz asılıdır və iqtisadiyyatı diversifikasiya etməyərək tələyə düşüb”, – deyə məqalədə vurğulanır.

Mərkəzi ofisi Londonda yerləşən “Economist İntelligence Unit” mərkəzinin təhlilçisi Elis Mameri “İnternational Business Times”a deyib ki, geniş yayılmış korrupsiya və infrastruktur çatışmazlığı ucbatından xarici sərmayəçilər Azərbaycanın kənd təsərrüfatı və istehsal sektoruna investisiya yatırmağa tərəddüd edirlər. Müəllif əlavə edir ki, gələn illərdə neft istehsalı azalarsa və ölkə iqtisadiyyatı da onunla birlikdə zəifləyərsə, sosial etirazlar və küçə döyüşləri qaçılmaz olar:“Münasibətləri yağlamaq üçün neft olmayanda isə, bəlkə Qərb Azərbaycanın avtokratik hərəkətlərinə bu qədər göz yummaz”.

İnformasiya şöbəsi