Sergey Ivanovun səfəri ərəfəsində “boz kardinal”ın çap olunmamış kitabının açıqlanması nəyə xidmət edir
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin “XXI əsrdə azərbaycançılıq ideyası: kreativ insanlar millət kontekstində” kitabının birinci hissəsi yayılıb. Maraqlıdır ki, çapa hazırlanan kitabla bağlı məlumatın belə tez ictimailəşdirilməsi təsadüfi sayılmır. Bir çox ekspertlər kitabın ABŞ dövlət katibi Hillari Klintonun səfərindən sonra Rusiya Federasiyası Prezident Administrasiyasının rəhbəri Sergey Ivanovun səfərindən əvvəl yayılmasını məqsədyönlü sayırlar. Xüsusilə birinci hissədə Rusiya ilə bağlı müsbət məqamların yer alması Azərbaycan tərəfinin Kremli sakitləşdirmək cəhdi kimi dəyərləndirilir. Yenə də Azərbaycanın balanslaşdırılmış xarici siyasət kursuna sadiqliyinə eyhamlar vurulur, “idarə olunan demokratiya” modelinə üstünlük verildiyi vurğulanır.
Xüsusilə o fikir həzm edilməyə çalışılır ki, Azərbaycanda demokratiyanın əsas qarşısını alan Qarabağ probleminin hələ də həll olunmamasıdır. Bu baxımdan R.Mehdiyevin kitabında hakimiyyətin köhnə tezisi bir daha yada salınır ki, Qərbdən gələn təzyiqlərə sərt reaksiya vermək yalnız iqtidarın deyil, eyni zamanda cəmiyyətin vəzifəsidir. Xatırladaq ki, bir müddət əvvəl Əli Həsənov Qərb diplomatlarının sərt çıxışlarına görə onlara salam verməməyi təklif etmişdi.
Amma hakimiyyətin irəli sürdüyü tezislər heç bir tənqidə dözmür. Əgər ərazi bütövlüyü ilə bağlı problem Azərbaycanda demokratiyanın qarşısını almağa qadirdirsə, nəyə görə eyni proses Gürcüstanda yaşanmır?
Nurəddin Məmmədli: “Ramiz Mehdiyevin Qarabağın demokratiyaya əngəl olması iddiası yanlışdır, Azərbaycan bu rejimdən azad olsaydı, münaqişəni həll etmək mümkün olardı”
Azərbaycan hökumətinin həmişə Qarabağ problemini şantaj vasitəsi kimi istifadə etdiyini deyən AXCP sədrinin müavini Nurəddin Məmməli bildirdi ki, Azərbaycanda bu cür problemin olması demokratiyaya mane olmur, əksinə ölkədə demokratiyanın inkişaf etməməsi münaqişənin həllinə neqativ təsir edir. N.Məmmədli hesab edir ki, Azərbaycanda demokratik cəmiyyət formalaşsaydı, xalqımız Qarabağ problemini həll edə bilərdi: “Azərbaycanın iqtisadi qüdrətinin artması, ordu quruculuğunun şəffaflaşdırılması, ayrılan vəsaitlərin mənimsənilməməsi erməniləri fakt qarşısında qoya və bununla da problemin tez həllinə gətirib çıxara bilərdi. Ona görə düşünürəm ki, Ramiz Mehdiyevin bu yanaşmasında iki mühüm qüsur var. Bunlar demokratiyanın müxtəlif çalarlarda olması və milli xüsusiyyətlərə bağlanmasıdır. Bu tamamilə yanlışdır. Dünyada qəbul olunmuş yanaşma ondan ibarətdir ki, demokratiyanın bir sifəti var. Ikinci məqam isə Qarabağ probleminin demokratiyanın qarşısını kəsməsidir. Azərbaycan xalqı indiki rejimdən azad olsaydı, Qarabağ münaqişəsini həll etmək mümkün olardı”.
N.Məmmədli də eyni zamanda R.Mehdiyevin Klintonun səfərindən sonra və Rusiya rəsmisinin səfəri ərəfəsində gündəmə gətirilməsini təsadüfi saymır. N.Məmmədli hesab edir ki, Azərbaycan tərəfi bununla Rusiyaya müəyyən mesajlar ünvanlamaq istəyir.
N.Məmmədlinin qənaətincə, kitabda əksini tapan daha bir tezis, Qərblə mübarizənin bütün cəmiyyətlə aparılmalı olduğunun irəli sürülməsidir. N.Məmmədlinin sözlərinə görə, R.Mehdiyevin elan etdiyi tezis Ə.Həsənovun bir müddət əvvəlki açıqlamasını tamamlayan fikirlərdir. Hakimiyyətin cəmiyyətin onu müdafiə etdiyi fikrini formalaşdırmağa çalışdığını deyən N.Məmmədli vurğuladı ki, bu yanlış tezisdir. Çünki hakimiyyəti xalq dəstəkləmir. Əksinə hakimiyyətin qanunsuz, mənəviyyata sığmayan addımları rejimə qarşı ümumxalq nifrətinin artmasına səbəb olur.
Hikmət