Sürücülər həm təsdiq, həm də təkzib edirlər
“London taksiləri” kimi tanınan bənövşəyi taksilərdə gündəlik plan iki dəfə qaldırılıb. “Eurovision” mahnı müsabiqəsi zamanı günə 40 manatlıq plan 20 manata endirilmişdi. Nəqliyyat Nazirliyinin gətirdiyi bu taksilərə sürücülərin marağı yalnız bundan sonra artdı.
Nazirliyin sözçüsü Namiq Həsənovun mətbuata açıqlamasından açıq-aydın hiss olunur ki, hər şey qaydasındadır. Yəni gətirilən 1000 “London taksi”si sahibini tapıb. Tələbat varsa, deməli, qiymətlər qaldırılmalıdır. Nazirlikdə bu prinsipi əsas tutaraq gündəlik planı yenidən 40 manat ediblər.
Söhbət etdiyimiz sürücülər deyirlər ki, plan 20 manat olanda daha yaxşı idi: “Plan 40 manata qalxanda sürücülər çıxıb getdilər. müsabiqə öncəsi özlərini turistlərin yanında yaxşı göstərmək üçün plana endirim etdilər. Bundan sonra hamı bu taksilərə axışdı. Gün ərzindən 50 manata işləyən sürücülər evinə bir tikə çörək apara bilirlər. 20 manat plana, 15 manat benzinə, 15 manat da ailənə apara bilirsən”.
Sürücülər deyir ki, plan o vaxt qalxar ki, insanların tələbatı olsun: “Bakıda insanların hamısı bizim taksilərə oturmurlar. Çünki başqa maşınlar da var. Elə sürücü var ki, qiyməti lap öldürür. Məsələn, biz buradan (metronun ”Elmlər Akademiyası” stansiyasını nəzərdə tutur – R.D.) Binəqədiyə 10 manata aparırıq. Daha doğrusu, sayğac o qədər yazır. Ancaq başqa taksilərlə 7-8 manata hətta 5 manata da getmək olur. Yəni qazancımız o qədər yüksək deyil. Plan 40 manat olubsa, yəqin ki, bir müddətdən sonra hamı taksiləri qaytaracaq”.
Qeyd edək ki, müsabiqədən sonra plan, dayanma yerindən asılı olaraq, 26 manata qədər artırılıb. Onu da xatırladaq ki, “London taksiləri”nə gündəlik plan qoyulduğunu nə “Bakı Taxi” şirkəti, nə də Nəqliyyat Nazirliyi rəsmən etiraf edir.
Ann.az saytının yazdığına görə, “Eurovision”da zamanı gecə-gündüz “London taksiləri”nin sürücüləri gecə-gündüz işlədiklərinə görə onlara “premiya” yazılıb. Daha doğrusu, müsabiqədən əvvəl deyilib ki, kim şəhərin mərkəzində gecə-gündüz dayanmağa razı olsa, müsabiqədən sonra ona 100 manat mükafat veriləcək. Bir neçə gün əvvəl müsabiqə ərəfəsində fəallıq göstərən sürücüləri çağırıb mükafata qol çəkdiriblər. Amma onların görüb-görəcəyi elə bazaya gedib imza atmaq olub, mükafat isə verilməyib.
Əməkhaqqıya gəlincə, sürücülər bildirirlər ki, onlara yazılan əməkhaqqı özlərinə çatmır: “Biz ancaq imza atırıq, vəssalam. Hələ gündəlik plan 40 manat olanda tələb etdik ki, heç olmasa yazdıqları əməkhaqqını da plana çıxsınlar, etmədilər. Indinin özündə də əməkhaqqı üzü görmürük”. Sürücülərin dediyinə görə, onlara 300 manat əməkhaqqı yazılır.
Ancaq bəzi sürücülər deyirlər ki, bu məlumat şayiədir. Onlar əməkhaqqıyla bağlı olan məlumatı təsdiqləsələr də planın qaldırılmasının yalan olduğunu söylədilər: “Bu, şayiədir, heç bir plan qaldırılmayıb. Əvvəlki qaydada 20 manat veririk. Ancaq əməkhaqqı bizə çatmır”.
Indiyə qədər sürücülərdən 20 manat plan alınırdı. Onlar həftədə bir dəfə Binəqədidə yerləşən bazaya gedərək günü 20 manatdan olmaqla həftəlik planı ödəyirlər. Bu, o deməkdir ki, “Baku Taxi” şirkətinə hər gün üçün 20 min manat daxil olur. Bu isə ayda 600 min manat edir. Nəzərə alsaq ki, şirkət əməkhaqqı, yanacaq, yemək və s. kimi bütün xərclərdən azaddır, yəni bunların heç birini ödəmir, o zaman ayda 600 min manatın əhəmiyyətli hissəsinin qazanc olduğu üzə çıxır. Bundan əvvəl isə gündəlik plan 40 manat idi və bu da o deməkdir ki, şirkətin aylıq gəliri 2 dəfə çox olub.
Ramin DEKO


