Əli Həsənovdan məmur övladlarının adları tələb oluna bilər

Qanunvericiliyə uyğun olaraq onlar cinayət məsuliyyətinə cəlb edilməlidir

Baş nazirin müavini, Qaçqınlar və Məcburi Köçkünlərin Işləri üzrə Dövlət Komitəsinin, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənovun sensasion açıqlaması ciddi ajiotaja səbəb oldu. Xatırladaq ki, Ə.Həsənov bu açıqlamanı verməsinə səbəb “Həyatla oyun” tamaşasına bəzi dövlət məmurlarının dəvət olunmalarına baxmayaraq qatılmamaları olub. Ə.Həsənov isə bunu təsadüfi saymaraq bir sıra məmur övladlarının narkotik aludəçisi olmasını dilə gətirib.

Narkotik aludəçilərinin sayı 26 mini ötüb

Ə.Həsənovun əslində məmurlara ünvanladığı sərt mesaj dövlət səviyyəsində narkomaniyanın ciddi problem olmasının etirafıdır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən əgər 2000-ci ildə Azərbaycandakı müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan narkomanların sayı 14010 nəfər olubsa, 10 il sonra – 2010-cu ildə bu göstərici 24875 nəfərə çatıb. Yəni 10 il ərzində rəsmi qeydiyyata düşən narkomanların sayı 10 min nəfər artıb. Hazırda həmin rəqəm 26 mini ötüb… Amma bu, rəsmi qeydiyyata alınan narkomanların sayıdır, qeyri-rəsmi məlumatlara görə, real göstərici bir neçə dəfə artıqdır (Modern.az).
Bəs qanunla narkotik aludəçisi olan şəxslərin adlarının açıqlanması necə tənmizlənir? Bu hansı hallarda mümkün olur?

Adlar məhkəmənin sorğusu ilə açıqlanır

Respublika Narkoloji Mərkəzin təşkilati metodiki işlər üzrə direktor müavini Aytən Səmədova Modern.az saytına bildirib ki, 2011-ci il statistikasına görə, ölkədə 26 min 716 nəfər narkotik aludəçisi var. Lakin o qeyd edib ki, onlar öz xəstələrinin adlarını heç bir halda açıqlamırlar.
Yalnız məhkəmənin müvafiq sorğusu olduğu təqdirdə bu bəladan əziyyət çəkənlərin adları müvafiq orqana göndərilir.
A.Səmədova bu siyahıda məmur övladlarının adlarının xüsusilə seçilib göndərilmədiyini qeyd edib.

Hansı məmur övladları narkotik aludəçisidir?

Hüquqşunas Aslan Ismayılov isə məsələ ilə bağlı belə izahat verib. A.Ismayılov bildirib ki, Ə.Həsənov Azərbaycanda narkotiklərə qarşı mübarizə aparan Dövlət Komissiyasının sədridir, bu çox səlahiyyətli bir orqandır və onların sorğularına hamı cavab verir, araşdırmalar aparırlar: “Əli Həsənovun dedikləri, yəqin ki, həqiqətə uyğundur. Amma bu qədər böyük vəzifə tutan şəxs nə üçün bunun cinayət olduğunu bilə-bilə məmurların narkoman övladları barədə hüquq-mühafizə orqanlarına məlumat vermir? Əgər biz hüquqi dövlət olsaydıq, onun dedikləri əsasında Cinayət Məcəlləsinin 307-ci maddəsi – cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə ilə cinayət işi qaldırardılar. Çünki o özü də etiraf edir ki, elə etməsinlər ki, mən kimlərinsə adını çəkim. Vəzifədə olub vəzifəsindən şantaj kimi istifadə etmək heç ali şəxsə yaraşmır”.
A.Ismayılov eyni zamanda onu da bildirib ki, əgər narkotik aludəçisi xəstədirsə və müalicə alırsa, onda onların adlarının açıqlanması düzgün deyil. Yox, əgər onlar narkotik alış-verişi ilə məşğuldurlarsa və onu üzərlərində gəzdirirlərsə, bu, cinayətdir.
Narkotikdən imkanlı ailələrin istifadə etməsi məsələsinə gəlincə, Aslan Ismayılov bu faktın birmənalı olduğunu bildirib.
Azərbaycanda tanınmış simaların, yüksək vəzifə tutan bəzi şəxslərin yaxınlarının, övladlarının narkomaniyaya görə cinayət məsuliyyətinə cəlb olunmasına dair faktlar bir neçə dəfə mediaya açıqlanıb. Məsələn, Azərbaycanın keçmiş ədliyyə naziri, hazırda Konstitusiya Məhkəməsinin hakimi olan Südabə Həsənovanın qardaşı oğlu, Əzizbəyov rayonunun keçmiş prokuroru Rəşid Həsənovun oğlu Yalçın da həbs olunaraq ailəsinin adını gündəmə gətirib. Ötən il Prezidentin qərarı ilə əfv olunan Y.Həsənov narkotik vasitə olan “ekstazi”nin Azərbaycana gətirilməsi və dövriyyəsinə görə tutulmuşdu. Başqa bir misal. Bakı şəhərinin sabiq prokuroru Ədalət Mirsalamovun oğlu Mahir Mirsalamlı narkotik madəllərin dövriyyəsində təqsirkar bilinərək həbs cəzası alanlardandı.

Hüquq-mühafizə orqanları şərh vermək istəmir

Onu da qeyd edək ki, Ə.Həsənovun açıqlaması hakimiyyət düşərgəsində aranı qatıb. Əldə etdiyimiz məlumatlara görə, Ə.Həsənovun bu açıqlamasından sonra iqtidar daxilində çaxnaşma yaranıb. Çünki iqtidarda bir sıra yüksək vəzifəli şəxslərin övladları bu bəlaya düçar olub. Həmin məmurlar ehtiyat edir ki, Əli Həsənov onların adını açıqlayar.
Bəs Ə.Həsənovun mətbuatdakı açıqlamasını əldə rəhbər tutaraq hüquq-mühafizə orqanları məmurlarla bağlı araşdırmaya başlaya bilərmi? Çünki Ə.Həsənovun açıqlaması mətbuatda yer alıb və hüquq-mühafizə orqanları mətbuatda dərc olunan bu tip yazılarla bağlı araşdırmaya başlaya bilərlər. Başqa tərəfdən, bu sözlər baş nazirin müavininə məxsusdur.
Bu sual ilə DIN mətbuat xidmətinin rəhbəri Orxan Mansurzadəyə müraciət etdik. O, Ə.Həsənovun açıqlamasıyla bağlı hər hansı şərh vermək istəmədiklərini söylədi.
Hüquqşünas Müzəffər Baxışov isə qəzetimizə açıqlamasında bildirdi ki, Ə.Həsənovun açıqlamasına bir neçə aspektdən yanaşmaq olar. M.Baxışovun fikrincə, bu açıqlama hər şeydən öncə əxlaqi bir hərəkətdir. Çünki övladı narkoman olan ata, dövlət məmuru olmamışdan əvvəl bədbəxt bir insandır. M.Baxışov vurğuladı ki, narkotik vasitələrdən istifadə etmək özü cinayət əməli deyil. Bu hərəkət Inzibati Xəttalar Məcəlləsi ilə bir inzibati xəta hesab olunur və bu şəxslər bu məcəlləyə əsasən məsuliyyətə cəlb olunaraq cəzalandırıla bilərlər. Narkotik vasitələri istehlak miqdarından artıq saxlama cinayət hesab olunur: “Ona görə də insanları bu istiqamətdə şantaj etmək baş nazirin müavininə yaraşmayan bir haldır. Başqa tərəfdən, Əli Həsənov vurğulayır ki, başqalarının imkanı yoxdur, amma məmur övladları narkomaniya ilə məşğul olurlar. Axı bizdə qanunla məmurların əmək haqları bir o qədər çox deyil ki, onların övladları narkomaniya ilə məşğul olsunlar. Deməli, burada Azərbaycanın korrupsioner bir rejim olmasından söhbət gedir. Həmin məmurların haram, korrupsiya yolu ilə topladığı pullar son nəticədə onların övladlarının həmin vəziyyətə düşməsinə gətirib çıxarır. Bu bir daha göstərir ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə aparılması vacib məsələdir”.
M.Baxışov eyni zamanda onu da vurğuladı ki, hüquq-mühafizə orqanları araşdırma apararaq onu müəyyənləşdirməlidir ki, məmur övladları normadan artıq narkotik vasitə saxlayırlarsa, onlar cinayət məsuliyyətinə cəlb olunsunlar.

Hikmət