Dünən Ictimai Palatanın Oğuz rayon təşkilatının növbəti toplantısı keçirilib. Toplantıda ölkədə hazırkı ictimai-siyasi durum, təşkilatın qarşısında duran vəzifələr, bu quruma yeni üzvlərin qəbulu və digər məsələlər müzakirə olunub. AXCP sədrinin müavini Gözəl Bayramlı, AXCP Ali Məclisinin sədr müavini Iradə Əliyeva, srağagün azadlığa buraxılmış vicdan məhbusu, AXCP sədrinin müşaviri Sahib Kərimov da toplantıda iştirak edib.
Bu barədə “Azadlıq”a məlumat verən Gözəl Bayramlının sözlərinə görə, toplantını giriş sözü ilə Müsavat Partiyasının Oğuz şöbəsinin sədri Həqiqət xanım Mikayıl açıb. Ardınca çıxış edən Ictimai Palata üzvlərindən Yaşar Məmmədov (AXCP), Vaqif Davudov (Müsavat), Ramin Musayev (AXCP Gənclər Komitəsinin üzvü), Ictimai Palatanın Isveçdən nümayəndəsi Sərdar Ağayev demokratiya uğrunda mübarizədə internetdən səmərəli istifadə, bölgələrdə Ictimai Palatanın təşkilatlanması və s. mövzularda fikirlərini bölüşərək, arzu və təkliflərini səsləndiriblər.
Sahib Kərimov çıxışında Ictimai Palatanın hazırda cəmiyyətin avanqard qüvvəyə çevrilməsi, bu qurumda təmsil olunan partiyaların mütəşəkkil fəaliyyətinin vacibliyini vurğulayıb.
Gözəl Bayramlı isə Ictimai Palatanın mövcud rejimə qarşı mübarizənin önündə olmasından danışıb, bu yolda qurumun yerli şöbələrinin fəallaşması, hər kənddə, qəsəbədə kütləviliyin artırılması, Qadınlar Şurası və Gənclər Komitəsinin gücləndirilməsinə diqqət çəkib.Onu da əlavə edək ki, Ictimai Palatanın Oğuz rayon təşkilatının üzvləri Sahib Kərimovun nikbinlik, yüksək mübarizə ruhlu çıxışını coşqu ilə qarşılayıblar.
İctimai Palatanın Oğuzda toplantısı keçirilib
•