Bayılda Elçibəyə necə nəzarət ediblər?

Qənimət Zahidin çap olunmayan “Ölüm korpusu” kitabından parçalar…

Təəssüf ki, bu kitabı çap etdirə bilmədim. Azərbaycandakı bütün mətbəələr onu dərc etməyə qorxdular, vəssalam. Əslində isə burada qorxmalı heç nə yox idi. Daha kəskin və daha sərt kitablar yazılır. Nəyə görə qorxduqlarını bilmədim.Hər halda, hesab edirəm ki, adamlar mənim həbsxana xatirələrimi səbrlə və maraqla oxuyacaqlar. Onu “Azadlıq”a verdim. Zatən, həbsxana yazılarının “Azadlıq”a çıxması yaxşı əlamətdir. Xüsusilə də, indi. Hamı gözləyir ki, ya kimlərisə həbs edəcəklər, ya da kimlərisə buraxacaqlar. Belə vəziyyətdə bu yazılar təlimat xarakteri də daşıya bilər. Hər kəs üçün təlimat. Nazirdən tutmuş, dilənçiyə qədər hər kəs orada nələrin və necə baş verdiyini bilməlidir. Hətta prezident belə bilməlidir ki, oralarda nə baş verir…

Əvvəli ötən saylarımızda

Rəis müavini qırımımı tünd gördü. Üzünü Şamxalla Habilə tutub acıqla “Çıxın, bayırda gözləyin”, – dedi. Sonra sifətinin cizgilərini yüzə-yüz yumşaldıb üzünü mənə tutdu: “Müəllim, bunlar sənin nəyinə lazımdır? Yalan deyirlər, heç kim onları döyüb-eləməyib. Sən ziyalı adamsan, bunlara baş qoşma…” və s.
– Aydındır, rəis, düz deyilsə, düz olmayacaq. Bu işlərdən niyə narahat olursan ki? Sənin nəyinə lazımdır, Masallıda hansısa polis işçisi hansı hoqqalardan çıxır və onun haqqında kim nə danışır? Həm də axı, bu söhbətləri sizə necə çatdırırlar?
Rəis müavini başını dikəltdi, qürurla: “Bu bizim işimizdir”, – dedi.
Mən fürsəti fövtə vermədim:
– Mən sizin funksiyalarınıza kölgə yaxmaq istəmirəm. Amma sən niyə elə düşünürsən ki, mən bu türməyə salınmış dəllək, aşpaz qədər də olmamalıyam?
– Dəlləyin, aşpazın bura nə dəxli var, müəllim?
– Necə yəni nə dəxli var? Burda sizin əməliyyatçılar öz işləri ilə məşğuldurlar. Hansısa avara işə görə bura tutulub atılmış dəllək, aşpaz da burada öz işi ilə məşğuldur. Mən də jurnalistəm və burada da öz işimlə məşğul olacağımdan qətiyyən şübhəniz olmasın, – deyə qətiyyətlə bildirdim və söhbətin davamının mənim üçün mənasız olduğunu bildirmək üçün: – başqa işiniz yoxdursa, mən kameraya getmək istəyirəm”, – dedim.
Rəis müavini qalxdı: “Yaxşı, necə istəyirsən. Mənim daha sözüm yoxdur”, – dedi.
Starşinanın kabinetindən çıxanda dəhlizdə dayanan Habillə Şamxalın mağmın görkəmindən narahat oldum. Geri çevrilib: “Mənim ”dustaqlarımla” işin yoxdursa, onlar da mənimlə getsin. Yoxsa, sən də onlara burada “Masallı istintaqı” düzəltmək istəyirsən?”, – dedim.
– Narahat olma, müəllim, üçcə dəqiqəyə orada olacaqlar!
Həqiqətən də elə oldu. Az sonra Habillə Şamxal kameraya qayıtdılar. Amma daha əvvəlki enerjiləri yox idi. Onların sifətinə baxdım: “Masallıda polis sizə işgəncə verməyib?”, – deyə soruşdum.
– Yox, e, müəllim. Sən Allah, qoy cəhənnəm olsunlar. Bunlardan nə desən, gözləmək olar.
Rəis müavini onlara çırtma da vurmamışdı, amma möhkəmcə hədə-qorxu gəlmişdi.
Burada hədə-qorxunu əsaslandırmaq üçün heç bir əlavə arqumentə ehtiyac yox idi. Bayıl türməsi Sovetlər zamanından bəri imperiyanın ən qəddar həbsxanalarından biri kimi ad çıxarmışdı. Indi Azərbaycan Avropa Şurasının üzvüdür, Sovet Ittifaqı da yoxdur deyə, türmə öz ənənələrindən birdəfəlik imtina etməli deyildi ki! Üstəlik, köhnə dustaqlar burada hansı cəhənnəmin yaşandığını imkan düşdükcə yenilərə “pıçıldayırlar”. Bokslarda, “voronok”larda, məhkəmə “bokslarında”, “stolıpinlərdə” – dustaqların ünsiyyət yarada bildiyi bütün imkanların içində köhnə və yeni dustaqların yaşadığı olaylar bir-birinə qarışdırılaraq həbsxana iyi verən xatirələr yaradılır. Bu xatirələrin içində ən kəsif qoxulu elementlər isə işgəncələrlə bağlı söhbətlərdir.
Bayıl türməsinin rəisi olan Mürsəl Əhmədovla bağlı əfsanələr dolaşır. Onun 30 ildir bu sistemdə işlədiyini, 30 il ərzində əlinin altında nə qədər dustağın sındığı barədə rəvayətlər baş alıb gedir. Elə onun müavini haqqında da belə dəbdəbəli söhbətlər qıt deyil: “Ağası müəllim boksçudur, vurduğu adam ”mıkk” eləmədən yıxılır, sonra da təpiklərlə oynadılır”. Insafən, mən bu adamların işgəncə verdiklərinin şahidi olmadım. Hətta mənimlə eyni kameraya da elə bir adam gəlib çıxmadı ki, Mürsəl müəllimin və ya Ağasının əlinin duzu ilə şəxsən tanışlıq imkanı qazanmış olsun. Əksinə, həmişə eşidir və görürdüm ki, Mürsəl Əhmədov hay-küylə korpusa girir, hansısa dustaqla hündürdən zarafatlaşır: “Ayə, məhkəməni qurtar, cəhənnəm ol yaxamızdan, sən düzələn zibil deyilsən!..”
Amma arabir bizim korpusdakı təkadamlıq kameralara hansısa cərimələnmiş bədbəxti gətirib tullayırdılar. Axşamlar binəvanın böyürtüsü başlardı: “Siqaret,.. kimdə çay var?” kimi çağırışların ardınca nəzarətçini çağırıb həmin kameraya ezam edərdik. O da yerli-yataqlı xəbər gətirərdi. Bir manatın ciyəri yanmasın. Nəyi desən alır.
Starşinadan soruşuram:
– Bunları niyə buralara atırlar ki?
– Karsa atmaq sərf eləmir. Daha doğrusu, həmişə sərf eləmir. Sənədləşdirmək-filan… Sabah bunun hesabını vermək lazımdır. Ona görə də yüngülcə “əl gəzdirib” atırlar buralara, bir-iki gün sonra qaytarırlar yerinə. Adamı ağıllandırmağın yüz cür növü var, doxsan doqquzu sillə-yumruqla ifadə olunur.
Bu yeni starşina maraqlı adam idi. 40 ildir buralarda işləyirdi. Təcrübəli və məlumatlıydı. Amma ondan bir sözü qoparmaq üçün yüz dənə test quraşdırmaq lazım gəlirdi. Doğrudur, bir həmyerli kimi də mənə ürək qızdırırdı, başqalarına nisbətən mənə daha isti münasibət göstərirdi. Amma sistem sistemdir. “Səni çox istəyirəm, özümü səndən çox istəyirəm” prinsipi hər yerdə eyni effektlə işləyir.
Starşina Şamil deyir ki, Bayıl türməsində Əbülfəz Elçibəy də xüsusi münasibətlə qəbul edilib və dustaqların hamısı onun xətrini çox istəyib: “O zaman onun kamerasına adam yerləşdirmişdilər. Nə deyir, nə danışır, kimlərlə hansı söhbətlər edir. Müdiriyyəti də daha çox maraqlandıran məsələ bu idi ki, kimlər onunla hansı söhbət edir. O, KQB-nin dustağı idi və onunla maraqlanırdılar”.
Şamil Elçibəyin dustaqlığı barədə bu qədər danışır. Həm də, starşina olaraq bundan artıq nəsə biləcəyini də az ehtimal etmək olar. Şamilin yadında kriminal avtoritetlərin həbsxana həyatı barədə daha çox təəssürat qalmalıdır. Həbsxana daha çox bu cür adamların üzərinə diqqət sancaqlayır. Kriminal avtoritetlər həbsxana üçün əməlli-başlı təhlükə mənbəyidirlər. Onları daha çox izləmək lazımdır.
– Məsələn, sənin nəyini izləyəcəyik. Bu korpusda beş-altı serjant növbə çəkir. Onlara da tapşırılıb ki, səninlə “alver” söhbəti qadağandır, vəssalam. Bu məsələ həll olundu. Sənin ətraf aləmlə əlaqələrin düşdü bizim nəzarətimiz altına. Amma kriminal avtoritet istənilən başqa bir dustağın ətraf aləmlə əlaqələrinin də sahibidir. Lazım olanda bu əlaqələr onun üçün işləyir. Onlara nəzarət etmək çətindir. Həm də məqsədəuyğun deyil. Bilirsən, dostum, onlar həmişə xərcləyiblər. Dövlətin verdiyi maaşla dövlətin qanununu qorumaq mümkün olmur. “Boş yerlər” çox qalır. Həmin boş yerlərin haqqını ödəyənlər də öz qaydaları üçün ödəmiş olurlar.
– Yaxşı, siyasi dustaqlar təhlükə deyil, kriminal avtoritetlər də təhlükənin haqqını ödəyirlər və ya nəzarətsiz olmağı bacarırlar, o halda bu boyda sistem nəyə lazımdır ki?
Starşina çiyinlərini çəkir:
– Bəyəm, bunu müəyyən etmək mənim işimdir? Mənim saç-saqqalım buralarda ağarıb və bu sualların cavabını verəcək səlahiyyətim də olmayıb, vəzifəm də. Bərkə düşsə, kimsə bu cür sualların cavabını verməyəcək. Sistem bu sualların özü ilə birlikdə sistemdir və bu cür olması sistemin içindəki hər kəs üçün sərfəlidir. Sərfəli olmayanda nələri isə dəyişirlər.
– Bəs nə zaman sərfəli olmur?
– Dustaqlar qiyam qaldıranda böyük rəhbərlər yalnız kimlərisə “vurub” atmırlar. Həm də baxırlar ki, hansı qanunları hansı tərəfdən hərləyib bərkitmək lazımdır…

Ardı var