Şairə Umgülsüm Sadıqzadə
Sovet imperiyasının qanlı-qadalı 1937-ci il repressiyasının qurbanları arasında bir çox qadınlarımız da var. Onlar Şərq dünyasının öndə gedən simaları idilər…
Belə qadınlardan biri yazıçı-publisist, şair Umgülsüm Sadıqzadə idi. Umgülsüm Sadıqzadə 37-ci il repressiyalarının qurbanlarından olan yazıçı, tənqidçi, pedaqoq Seyid Hüseyn Sadiqin həyat yoldaşı olub. Seyid Hüseyn də o amansız repressiyalara tuş gələn ziyalılarımızdan biri idi.
Umgülsüm Əbdüləziz qızı Sadıqzadə 1900-cü ildə Bakının Novxanı kəndində ruhani ailəsində dünyaya gəlib. Bakının Novxanı və ətraf kəndlərində məşhur olan Molla Əbdüləziz kişinin üçüncü övladı olan Umgülsüm hələ 8-9 yaşlarından şeirə olan sevgisini büruzə verməyə başlayır. Kiçik yaşlarında ata və anasından fars və türk dillərini öyrənən Umgülsüm Şərq ədəbiyyatına və klassik Azərbaycan şeirinə böyük maraq göstərib. Onun fars və ərəb dillərini mükəmməl bilməsi klassik sənətkarların əsərlərini sərbəst mütaliə etməsinə imkan yaradırdı. Elə bu mütaliə sayəsində Umgülsüm sonralar heca ilə yanaşı, əruz vəznində də mükəmməl şeir nümunələri yarada bilir. O, 1914-cü ildən başlayaraq mütəmadi olaraq dövrün qabaqcıl “Açıq söz”, “Birlik”, “Iqbal”, “Yeni iqbal”, “Istiqlal”, “Azərbaycan”, “Ədəbiyyat”, “Şərq qadını” kimi dövri mətbuat orqanlarında çap olunmağa başlayır.
Sonradan Umgülsüm xanım milli ruhlu şeirləri ilə diqqəti cəlb edir və elə buna görə də başı çox bəlalar çəkir. Onun 200-dən artıq şeiri, bir poeması və bir neçə hekayəsi bizə gəlib çatmışdır. Şairə haqqında kitab tərtib etmiş professor Alxan Bayramoğlu yazır: “Cümhuriyyət dövrü ədəbiyyatımızı tədqiq edərkən diqqətimi cəlb edən ədəbi şəxsiyyətlərdən biri də Umgülsüm oldu. Alovlu şair, mübariz ruhlu, çağırış hayqırtılı şeirlər müəllifi və XX əsrin repressiya qurbanlarından olan Umgülsüm xanımın – bu vətənpərvər şairənin yaradıcılığı və acınacaqlı həyatı həmişə diqqətimi çəkib”.
Umgülsüm xanım çox gənc ikən öz həyatını yazıçı Seyid Hüseynlə birləşdirir. Onlar 1920-ci ildə ailə həyatı qururlar və bu izdivacdan 4 övlad dünyaya gəlir. Cığatay, Toğrul, Oqtay və Qumral. Bu həmin Oqtaydır ki, sonradan Azərbaycanın məşhur rəssamı olacaqdı. Amma tezliklə 37-ci ilin acı ruzigarları onların da başı üzərində əsməyə başlayır. Umgülsümün həyat yoldaşı Seyid Hüseyni 1937-ci il iyulun 15-də Şüvəlandakı bağında həbs edirlər və 1938-ci ilin yanvar ayında güllələyirlər. Umgülsüm xanımı isə KQB-nin sənədlərinə əsasən 1937-ci il noyabrın 2-də “xalq düşməni”nin həyat yoldaşı kimi həbs edərək Bayıl həbsxanasına göndərirlər. 37 yaşlı gənc qadın 37-nin güdazına gedir. Ona 8 il həbs cəzası kəsərək 1938-ci ildə Mordva Muxtar Respublikasının Yavas qəsəbəsindəki Temlaq islah əmək düşərgəsinə göndərirlər. Umgülsüm burada məşhur şair Mikayıl Müşfiqin həyat yoldaşı Dilbər xanımla bir kamerada saxlanılır. Ən ürəkağrıdıcı məqamlardan biri də Dilbərin ruhi sarsıntılar keçirməsidir. Bu, Umgülsümü çox üzür və onu öz xatirələrində qələmə alır. Istər Bayıl həbsxanasında, istərsə də sürgündə olarkən keçirdiyi günlərin nə qədər məşəqqətli olduğunu Umgülsümün məhbəsdə olarkən “Qala xatirələrim” adlı gündəliyində qeydə alır.
“Qala xatirələrim”
12 noyabr 1937-ci il. “Bu gün iki gündür ki, burdayam. Keçirdiyim həyat mənə yuxu kimi gəlir. Bir qovğa içindəyəm. Səhər saat 10-dur. Nadzor gəlib qapının qıfılını açdı. Kamerada elə qarışıqlıq var ki, belə bir şeyi mən ömrümdə təsəvvürümə gətirə bilməzdim. Bütün yorğan-döşəklər yerə sərilib. Axşamdan bəri 36 adamın ayaqyolu kimi istifadə etdikləri ağzına qədər çirkab dolu vedrəylə yanaşı qoyulan çay vedrəmizin də ağzı açıqdır. Bu murdarlığı və üfunətin iyini təmizləyəcək bir şey yoxdur. Burada hər şey fövqəladə bir şəkildədir. Kamerada çay içmək və yemək üçün cəmi 18 qab var. 36 nəfər bu 18 qabda həm yemək yeyəcək, həm də çay içəcəyik. Yeməkdən sonra yuyulmayan qablarda növbəylə çay içmək, qanımızı yemək kimi bir şeydir. Bunu düşmənimə də arzu etmirəm!
25 fevral 1938-ci il. “Bu günü yazmaya bilməzdim. Səhər tezdən bizim kamera ilə üzbəüz kameradan dəhşətli hay-küy qopdu. Hamımız qapıya toplaşdıq. Nə qədər acı bir mənzərə… Şair Mikayıl Müşfiqin həyat yoldaşı Dilbər ağlını itirib. Bu sözü dünəndən bəri eşidirdik. Biz elə zənn edirdik ki, Dilbər, sadəcə, əsəbi hallar keçirir. Amma vəziyyəti, sən demə, doğrudan ciddi imiş. Nə qədər acı da olsa, onunla bir kamerada olan qadınlar Dilbərin onların kamerasından çıxarılmasını istəyirdilər”.ÿÿ
27 fevral 1938-ci il. “Gecəni səhərə qədər yatmadım. Dilbərin halı hamımızı məyus etmişdi. Onu yuxarıya – xəstəxanaya apardılar. Bizim kameranın üstündə olan palatada ona iynə vurub otaqda tək saxladılar. Axşama kimi yatdı. Axşam isə ayılıb yenidən otaqda ora-bura qaçmağa, ayağını yerə döyüb öz-özünə danışmağa başladı. Onun dediklərini aydın eşitmək olmasa da, bəzilərini başa düşmək olurdu: ”Mənə deyirlər, dəli olmusan… Mən yarımın yolunda ölməliyəm. Müşfiqim gəlsin, atam gəlsin… Gedin qapını döyün, deyin, atam gəlib məni aparsın…. Yazıq Dilbər, kimsəsiz Dilbər hey!..”.
Dilbərin halı bizdə can qoymadı. Axı bu bizim sevimli şairimiz Müşfiqin sevimli, nazlı Dilbəri idi…”.
Onun şəxsi sənədlərindən aydın olur ki, Umgülsüm xanım düşərgədə tikişçi işləmiş və verilən tapşırıqları bacarıqla yerinə yetirmişdir. 1941-ci ildə əmək yarışındakı fəal işinə görə düşərgə rəhbərliyi Umgülsüm xanımın ailə üzvlərinə məktub yazmağa icazə vermişdir. 1941-ci il fevral ayının 10-da 14 yaşlı oğlu Toğrul, 11 yaşlı qızı Qümral və uşaqlara dayəlik edən yaxın qohumu Səyyarə xanımla dörd illik ayrılıqdan sonra görüşmək üçün Umgülsüm xanım 4 saylı düşərgə məntəqəsinin rəisinə ərizə ilə müraciət edir. Lakin vətən müharibəsinin başlanmasını səbəb gətirərək uzun illər həsrətində olduğu övladlarının üzünü görmək ona qismət olmur.
Həyatın bitməyən zərbələri
Umgülsüm xanım bundan sonra uşaqlarına, demək olar, hər gün məktub yazır, onların iş və yaşayış tərzi ilə maraqlanırdı. Artıq gözlərinin gündən-günə zəifləməsi Umgülsüm xanımın məktub yazmasına maneçilik törədirdi. 1943-cü ildə o, SSRI XDIK-nın Xüsusi Müşavirəsinə ərizə ilə müraciət edərək azadlığa buraxılmasını xahiş edir. Onun azad olunması üçün məsələyə yalnız 1945-ci aprel ayında qərar verilir. Sürgündən sonra Umgülsüm xanıma Bakıya gəldikdən 20 gün sonra onun burada yaşamasına qadağa qoyulur. Hər tərəfdən əli üzülən xanım Şamaxıya köçməyi qərara alır. Lakin burada bir neçə ay yaşayan Umgülsüm xanım 15 yaşlı qızı Qumralın qolları arasında gözlərini əbədi yumur…
Umgülsüm xanım zəmanənin çox ağır zərbələrini aldı. 1937-ci ilin qara dalğası ondan da yan ötmədi: əvvəl ərini, sonra isə özünü və oğlullarını həbs etdilər. Əslində, Umgülsüm xanımın heç bir günahı yox idi. Ən böyük “günah”ı pantürkist damğası ilə həbs olunmuş yazıçı Seyid Hüseynin həyat yoldaşı, Cümhuriyyətin banisi Məmməd Əmin Rəsulzadənin isə yaxın qohumu olması idi.
Ümumiyyətlə, 1937-ci ildə bir çox ziyalıların həyat yoldaşları məhz onların özlərinə görə həbs olunurdu. Amma arxiv materiallarından da aydın görünür ki, Umgülsüm xanımın həbsinə səbəb, sadəcə, onun Seyid Hüseynin həyat yoldaşı olması deyildi. Onun yaradıcılığı “Turan”, “Ey türk oğlu”, “Builki mayısda”, “Bayrağım enərkən” , “Əməlim”, “Çəkil, dəf ol!” kimi şeirlərinin mahiyyətinin millətçiliyə, azadlıq çağırışlarına söykənməsi idi..
..Ey buzlu şimaldan
qopan rüzigar! Toxunma qəlbimə,
atəşi parlar. Sakın, gəlmə,
səni nəfəsim boğar, Dəf ol! Vətənimdə
görəməm səni.
1919-cu ildə qələmə aldığı başqa bir şeirindən:
…Turan balasıyam,
türkün özündən, Soyuq su içdim mən
pınar gözündən. Yeni nur aldım
o günəş üzündən, Şərəfli bir dilək
yaşadır məni.
Umgülsüm sevgili vətəninin müstəqilliyi uğrunda üsyan edirdi. Bu isə quduz imperiyanın azğın idarəçilərinə xoş gəlmirdi. Ona görə də minlərlə millət sevdalılarımız kimi Umgülsümün də üsyanı zülmət, nəhayətsiz əzablarla müşayiət olunan kameralarda dəfn olundu. Amma əzablar bununla da bitmədi ki, bitmədi…
Günəşim bir daha doğmayacaqmı?
Ümidsizlikdə çırpınan Umgülsüm xanım taleyin daha ağır bir zərbəsini aldı. 1942-ci ildə 20 yaşlı oğlu Oqtay da həbs edilərək sürgünə göndərildi. 1946-cı ildə sürgündən azad olunaraq Bakıya qayıdanda isə Oqtaya anasını görmək nəsib olmadı. Yeddi illik dustaq həyatından sonra azadlığa buraxılan Umgülsümə Bakıda yaşamaq qadağan olunmuşdu. Elə buna görə də o, Şamaxıda məskunlaşmağa məcbur olur. Amma burada da çox yaşamadı. Üç aydan sonra Umgülsüm xanım 1944-cü ildə 44 yaşında 15 yaşlı qızı Qumralın qolları arasında Şamaxıda gözlərini əbədi yumur..
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir