Təbiət və cəmiyyətin siyasi birliyi

Azərbaycanda güclü zəlzələ gözlənilməsi ilə bağlı xəbərdə deyilir ki, alimlər Azərbaycan və ətraf ərazilərdə apardıqları GPS (kosmik yer təyinetmə sistemi) tədqiqatları ilə müşahidə ediblər ki, Ərəbistan plitəsi Qafqaz ərazisini sıxır və deformasiyalara məruz qoyur.
Maraqlıdı ki, bu məlumat çıxan kimi AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzi ABŞ-ın Massaçusets Texnologiya Institutunun Bakıda əhəmiyyətli dərəcədə seysmik təzyiqin toplanılması və bu səbəbdən burada güclü zəlzələlərin gözlənilməsi ilə bağlı yaydığı məlumatı real saymamışdı. Lakin AMEA-nın müxbir üzvü, professor Fəxrəddin Qədirov da Abşeron yarımadasının cənubunda bu gün də gərginliyin toplandığını təsdiqləyib. Ancaq nə vaxt qırılma baş verəcəyini, bunun hansı qırılma xəttində olacağı bilinmir.
Demək, Ərəbistan plitəsi Qafqazı sıxırmış. Nəticədə də ölkəmizdə güclü zəlzələ baş verə, həm də zəlzələnin ən böyük zərəri neft strukturlarına dəyə bilərmiş: “Enerji toplanmalarının neft strukturları üçün təhlükə yaratması mümkündür. Məsələn, neft kəmərində qırılma ola və böyük fəlakət ortaya çıxa bilər. Bakı-Tiflis-Ceyhan neft kəməri qırılmalar üzərində yerləşir”, – F. Qədirov deyir.
Sözün açığı, çaşıb qalmışam. Bu nədi, belə çıxır, gerçəkdən planetimiz nə iləsə yüklənib. Görkəmli alim Rafiq Əliyev bunu belə ifadə edir: “Dünya ədalətə hamilədi”. Məni çaşdıran bu gecikmiş hamiləlik deyil. Inana bilmirəm ki, təbiət qanunlarıyla cəmiyyət qanunları bu qədər bənzər şəkildə üst-üstə düşə bilsin. Görəsən nə vaxtsa yer kürəsində baş verən analoji proseslərdə də bu bənzərlik görülübmü? Məsələn, Niderlandda baş verən ilk burjua inqilabı zamanı təbiətdə paralel hadisələr nəzərə çarpıbmı? Bu suala cavab tapmaq çox ləzzətli olardı. Sadəcə, arxivləri araşdırıb maraqlanmaq lazımdı o günlərin təbiət hadisələri ilə.
Ötən il Ərəbistanda baş verən silsilə inqilablardan, yəni “Ərəb baharı” adlandırılan eyləmlərdən sonra başda ABŞ politoloqları, dövlət adamları olmaqla bir çox siyasi ekspertlər “Ərəb baharı”nın Bakıya, bütövlükdə Qafqazlara doğru irəlilədiyini proqnozlaşdırırlar. Əlbəttə, rəsmi Bakı və ya Rusiya bunu dərhal təkzib elədi və “boşuna gözləməyin” dedilər. Bu söz-söhbətin ardıyca Bakı səmasını qəribə qəhvəyi toz dumanı bürüdü və sonradan məlum oldu ki, bu, Ərəbistan yarımadasından gələn axındı. Ta Bakıyacan gəlmişdi.
Indi də Ərəbistan plitəsi…
Bəlkə elə dəyərli Rafiq Əliyev öz proqnozunda məhz elə təbiət qanunları ilə cəmiyyət qanunlarının üst-üstə düşməsini nəzərdə tuturmuş?.. Bilmədiyimiz çox şeylərdən biri də bu olsun. Ancaq böyük ehtimalla bu haqda bilgili olan uzmanlar var. Onlardan bu haqda nəsə eşitmək, bir daha deyirəm, çox maraqlı olardı.
Son vaxtlar, illah da son iki-üç ildə ölkəmizin ərazisində baş verən təbiət hadisələri də qəribə təəssürat yaradır. Güclü torpaq sürüşmələri, daşqınlar, zəlzələlər, amansız qış… Sanki təbiət insanları yuxudan ayılmağa, qarşıda onları fəlakət gözlədiyini xəbər verməyə çalışır. Hər təbii fəlakət bu hakimiyyətin eybini bir az da açır, elə bil yaxamızdan tutub bizi də bərk-bərk silkələyir ki, gözümüz açılsın. Tərəflərdən biri mütləq təbiəti anlamalı, tədbir tökməlidi. Ya əsarətçi qüvvələr daşı ətəyindən tökməli, təbiətin və cəmiyyətin harmoniyasını bərpa eləməli, ya da əsarətdə olan bizlər o daşları onların ətəyindən zorla tökməliyik. Əks halda ərəb plitəsi işini görəcək.
Təbiətdə harmoniya pozulanda zəlzələlər (və başqa təbii hadisələr), cəmiyyətdə pozulanda isə inqilablar baş verir. Hər halda harmoniyanın pozulduğu göz qabağındadı. Indi görək hansı irəli düşəcək – təbiət ya cəmiyyət…