Mənim, prezidentin, nazirin…

Bu gün yuxudan ayılandan bir ümummilli mahnı girib başıma. Neynirəm, fikrimi hara yayındırıram, xeyri yoxdu, istəmədən ürəyimdə təkrarlayıram; Tünzalə Ağayevanın, sözləri Heydər Əliyevə aid mahnısıdı: “Mən fəxr edirəm ki, a-zə-ri-bay-can-lıyam…”
Allahu-əkbər, işə düşdüm də! Indi köşəmi necə yazım?
Deyirəm, bəlkə canımı qurtarmaq üçün elə bu mahnının üstündə bir yazı işləyim. Bugünkü faciəli, mənasız həyatı yaşayan “azəribaycanlı”çılığın təsvirinin sonunda da yazım: “Mən fəxr edirəm ki…”
Nə isə, deməkdən yorulmuşuq ki, burada fəxr eləməli heç nə yoxdu. Gərək “azəribaycanlı” olduğunu başa düşəndən sonra ya başına bir güllə sıxasan (o da olmaz, çünki qanunsuz silah saxlamaq üstə adamı qəbrə yox, türməyə göndərərlər), ya zəhər içəsən (ama yox, onda da qanunsuz psixotrop maddə alverində təqsirli biləcəklər, özündən sonra ailəni məhv eləyəcəklər). Kəsəsi, ən sadə yol, özünü körpülərin birindən atmaqdı, bəlkə bu körpülər öz təyinatı üzrə bir yol istifadə oluna.
… Dostum zəng vurub deyir ki, bir yerlimiz gedib bankdan sovetdənqalma əmanətini alıb. Adam təmiz havalanıbmış. Danışırmış ki, a kişi, o vaxt 20 camışımı satıb əmanət kassasına qoydum ki, üstünə faiz gəlsin, ölüb-getsəm də, balalarım böyüyəndə əllərində yaxşı imkan olsun. Indi 20 camışın haqqı 40 min manat pul eləyir. Ancaq bu gün aldığım pula iki qoyunu iki saat çənə döyəndən sonra ala bilmişəm…
Mənim başımda isə hələ də Tünzalənin cintoyu davam eləyir: “…a-zə-ri-bay-can-lıyam…”
… “Əli Insanovun evindən çıxan pulu tez deyirlər, bəs niyə bu nazirlərin dəyəri milyonlarla ölçülən villalarından danışmırlar? Mən nazir tanıyıram ki, vaxtilə kafel-metlaxlı hamam görəndə köksünü ötürürdü, həsəd aparırdı. Deyirdi ki, görəsən, mənim də evimdə kafel-metlaxlı hamam olacaq? Indi pul gözünü elə örtüb ki, heç kimi görmür”. Bu sözləri həmin kafel-metlax həsrətlisi olan “a-zə-ri-bay-can-lı”larla birgə hakimiyyətə gələn Əli Ömərov deyir.
Əliyev Moskvadan Bakıya qayıdıb var-dövlətdən bircə “Vef” radiosunun olduğunu dediyi vaxt dədəmin borc-xərclə aldığı daracıq evdə nə zaman kafel-metlaxlı hamamının olacağını mən də arzu elədiyimdən lap utandım. 20 il sonra axır ki, bu istəyin təmirilə məşğulam. Usta kafelin birini qıranda ürəyim qırılır. Elə mənim də gözüm heç kimi görmür – toz-dumandan. 3,86 kv.m.-lik hamamın işi bitmir ki, bitmir. Qaçqın ustalarım eyni anda əldən buraxmaq istəmədikləri yüz işin dalıyca qaçır, üstəgəl, bugünlərdə evləri də yanıb, söhbətləri ancaq budur ki, necə eləsinlər, rayon qeydiyyatından çıxıb Bakıya qeydiyyata düşsünlər, onlara da ev verilsin. Xətirlərinə dəyə də bilmirəm. Əlbəttə, onlar ev alana qədər mənim hamamsız dözməyə gücüm çatmaz. Ama yenə də başa düşüb susuram. Artıq haqlarını da verib-bitirmişəm. Indi, yazıqlar işi qurtarandan sonra məndən heç nə almayacaqlar deyə, inanın ki, utanıram da…
… “Facebook”da yayılan bir videonu izləyirəm. Ölkənin yiyəsi böyük şövqlə Rusiyanın televiziya kanalının müxbirinə Zağulbada yeni tikdirdiyi şah sarayının bitib-tükənməyən otaqlarını, bahalı mebel dəstlərini, böyük meşə-bağını, əzəmətli üzgüçülük hovuzunu göstərir. Deyir ki, bütün proyektləri özüm verirəm.
Saat ikidi. Ustam hələ də yoxdu. Mən də ona təmirlə bağlı bəzi fikirlərimi demək fikrindəyəm.
…”Azadlıq”ın saytında Daşkəsəndəki korrupsiya ilə bağlı yazı var. Rayonun fotoda tutqun görünən adı gözümə “Başkəsən” kimi dəyir. Yazıda rayon bazarının müdiri sözügedən korrupsiya xəbərini təsdiqləyib deyir: “Mən rəsmi müraciət etmişdim. Ona (hüquq şöbəsinin müdiri -red.) pul verəndə həbs etdilər. Sonra niyə buraxdılar, bu, artıq mənlik deyil. Bazarı da əlimdən almaq istəyirdilər, qaytardılar, mən də səsimi kəsib oturdum yerimdə”.
Yox, deyəsən, bu gün Tünzalənin səsini kəsə bilməyəcəm…
Aha, qapım döyülür. Yəqin, Usta Zeynaldı…